Millət qurban desə, siz məni kəsin
Millət qurban desə, siz məni kəsin (1919, Mərənd) Müəllif: Aşıq Heydər |
Mahmud Kərbəlayı Hacı Abbas oğluna cavab Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Aldım məktubunu, bil Mahmud ağa,
Layiq deyil səni tutam qınağa.
Canım olsun millətimə sadağa,
Millət qurban desə, siz məni kəsin.
Doğru sözü yalan mənəm, ay ellər,
Quru yerdə qalan mənəm, ay ellər,
El – obası talan mənəm, ay ellər,
Millət qurban desə, siz məni kəsin.
Mən hicran qəhrində, qəm taptağıyam,
Mehri-məhəbbətdən ev tustağıyam.
Cəmi Ağbabanın qurbanlığıyam,
Millət qurban desə, siz məni kəsin.
Yurdu taptaladı düşmən atları,
Tutdu tellərimdən qəm cəlladları,
“Ağbaba Alayının” mərd ovladları,
Millət qurban desə, siz məni kəsin.
Gecə hicran şahı yəhərlər məni,
Tutar tənələrə səhərlər məni.
Boğur qəmlər məni, qəhərlər məni,
Millət qurban desə, siz məni kəsin.
Zalım yağı, nə durmusan qəsdimə!?
Qəm ləşkəri hücum çəkib üstümə.
Cümlə - cahan batıb mənim tüstümə,
Millət qurban desə, siz məni kəsin.
Hicran yeksanıyam, qəm tarümarı,
Sönübdü ömrümün çıl-çıraqları.
Incitmə Heydəri, incitmə barı,
Millət qurban desə, siz məni kəsin.