Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq
Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq (1912) Müəllif: Hüseyn Cavid |
“İqbal”, 16-18 may, 1912 Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh. |
May ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur ədibimiz xabi- əbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu.
Mədrəseyi-ruhaniyyə müdiri Axund Hüseyn Pişnamazzadə cənabları tərəfindən mərhumun ruhu üçün dua oqunub fatihə söyləndikdən sonra hər kəs birər həmdü surə oquyub, sonra namurad ədib və müəllimimizin tabuti-müəllası müəllimlərin və tələbə əfəndilərin yardımilə bir faytona qoyuldu. Mərhumun beş-üç qövm əqrəbasilə bərabər doctor Həsənbəy Ağayev, Bağbanlar məktəbinin naziri Həsənbəy, şəhər məktəbinin türkcə müəllimi Ismayılzadə Mirzə Hüseyn cənabları da bu hey’ətə daxil idi. Tabut faytona qoyulduqdan sonra hazırun kimi faytona, kimi tramvaya binib bir qədər yola dəvam etdilər. Şəhərə hənuz çoq məsafə var ikən, cənazəyi istiqbal edənlər həp tramvay (qonka) və faytonlardan enib cənazəyi ta mərhumun evlərinə qədər çiyinlərində gətirdilər. Söz yoq, şəhərə daxil olduqda ötədən-bəridən toplanmış adamlar da nəzərə çarpıyordu. Cənazəyə yardım etmək istiyorlardisə də, müəllimlər və tələbələrin yardımı onların zəhmətinə hacət bıraqmadı. Cənazə evlərinə daxil olur-olmaz şurüi-şivən sədası qulaqları çınlatmağa başladı. “Cavan oğul vay”, “namurad qardaş vay” səsləri, “qəyur yoldaş vay”, “nakam arqadaş” iniltiləri hər kəsi sızlatdı, hər kəsi ağlatdı. Bu sırada mədrəseyiruhaniyyənin mə’sum balaları qapının önündə məş’umlu bayatılardan oquyurlardı:
Cavan öldün, dünyadan kam almadın,
Çoq çalışdın, zəhmətdən hiç doymadın,
Əfsus ki, fikrinə qail olmadın,
Ağla, qardaş! Ağlamalı günündür!
Çıqarmıyaq yaddan biz tiz onları,
Həp vətənə qurban olmuş canları,
Tanrı qəbul etsin bu qurbanları,
Ağla, qardaş! Ağlamalı günündür!
İlaxir...
Bu sırada Sisyanov, Voronsov, bir də Tofiq məktəbinin nazirləri, müəllimləri, tələbələri dəstə-dəstə qapının ətrafında kamali-nizam ilə səf bağlayıb durdular. Ətrafdan başqa adamlar da tək-tük bu cəmiyyətin içində görünürdü. Bir çoq saət qədər ağlaşma, qüsl, təkfin ilə iştiğal edilib sonra zavallı cavanı anasından, bacı-qardaşından ayır- mağa başladılar. Tabutun üzəri tirmələr, şallar, ipəklərlə bəzənmişdi. Məktəb tələbəsi tərəfindən ilk baharın yeni açmış gül-qönçələrilə süslənmişdi. Cənazənin üzərində mərhumun adilə bərabər Namiq Kamal mərhumun bu beyti də yazılmışdı:
Yüksəl ki, yerin bu yer deyildir,
Dünyayə gəliş hünər deyildir.
Cənazə evdən məscidə qadar, yenə qaralar daşıyan tələbə və müəllim əfəndilərin omuzunda gəldi çıqdı. Məscid həyətində (havlısında) mədrəsə müdiri Pişnamazzadə və sair həzərat tərəfindən namaz qılınıb məzarıstana doğru hərəkət edilməyə başladı. Pək qarışıqlıq, nizamsızlıq olmasın deyə Əliəkbər bəy Rəfibəyovun və müəllim əfəndilərin təsvibi ilə Sisyanov şagirdləri əl-ələ verib cənazə ətrafında gedən müəllim və tələbələri ortaya aldılar. Tainki xaricdən cənazəyi təşyi edən, ya təşyi etmək həvəsində olan Gəncə cəmaati-islamiyyəsilə çocuqlar qarışmayaraq ayrı və müntəzəm bir surətdə yola dəvam etsinlər və çocuqlar da sıqıntı çəkməsinlər. Mə’lum ya! Bu gün cümə günüdür. Bütün müsəlman dükanları qapalıdır. Ehtimal ki, cənazəyi təşyi için qoşub gələn vətənpərəst dindaşların kəsrət və izdihamından sıqıntı çəkilir. Iştə bu səbəbdən ya nə, böylə bir qərar verilmişdi. Lakin əfsus! Binlərcə əfsus ki, məsciddən məzarlığa qadar gördüyümüz əşxas yenə müəllimlər, yenə onların dört-beş yüzü mütəcaviz şagirdləri idi. Mədrəseyi-ruhaniyyə şagirdanı yuqarıda yazılmış:
– mənzuməsini ta Səbzikar məzarıstanına qadar oquya-oquya getdilər. Səbzikar məzarıstanlara başqa məzarıstanı görə qayət təmiz və gözəldir. İştə orada mərhum A.Suru dəfn etdilər. Yuqarıda məzkur məktəblərin nazir, müəllim və tələbəsindən maəda Gəncə şəhəri-əzimindən orada gözə çarpan zat yalnız Əliəkbər bəy Rəfibəyov, məxdumları doktor Xudadat bəy Rəfibəyov, doktor Həsən bəy Ağayev, doctor Fərrux bəy, məşhədi Əli ağa Rəfiyev, məşhədi Qasım ağa, Cavad bəy Cavarlinski, bir də beş-üç nəfər mərhumun qövm və əqrəbası idi. Məzkur Cavad bəy, Həsən bəy və Mirzə Hüseyn cənabları isə hey’ətimüəlliminə daxil deməkdir. Əvət cənazə dəfn edildi, təlqin verildi. Sonra Voronsov məktəbinin türkcə müəllimi Isi əfəndinin tə’limilə məzkur məktəb şagirdləri bu sözləri təğənni etməyə başladılar:
Cümlə millətin ruhinin ruhi,
Cümlə millətin qəlbi-məcruhi.
Öz müəllimi, öz ədibidir,
Öz mühərriri, öz ədibidir.
Çox yaşa ədib, fikri-millətdə,
Keçdi günlərin xeyli zəhmətdə.
Qəbrdə rahət uyu, ey cavan,
Məskənin sənin rövzeyi-rizvan.
Şu matəmi tərənnümdən sonra mədrəsə müdiri Pişnamazzadə həzrətləri nitqə şüru etməyə başladı. Lakin müdir əfəndinin yaxud sair natiqlərin söylədiklərini kamilən yazacaq olsaq pək çoq vaqt, pək təfsilat istər, bən də ancaq hər nitqin xülasətü xülasəsini yazıb ixtisar etmək istiyorum. Pişnamazzadə cənabları mənbəyi-fəzl və irfan, əmiri-mö’minan Əli ibn Əbitalib “kərəməllahu vəchəhum”nun buyurmuş olduğu (mən əlləmni hərfən qədtəyərin əbdən) kəlami-hikmət-insicamını mevzui ittixaz edərək mərhum Abdulla Tofiq əfəndinin mədrəsə şagirdləri boynunda olan haqqını, müəllimlərin məziyyətini, şagirdlərin və camaatın onlara olacaq ehtiramatını, qara topraqlara tapşırdığımız cavan müəllim və ədibimizin mədrəseyi-ruhaniyyədəki təşəbbüsatını, lisana, imlaya, ədəbiyyat və tarixə dair mücahidatını birər-birər sayaraq, xətmi-kəlam elədi. Sonra mədrəsənin riyaziyyat müəllimi Rza bəy Qaraşarov cənabları başlayaraq tərcümeyi-halına dair bir uzun nitq söylədi: Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim tə’yin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıqıb rusmüsəlman məktəbi olmuş. Bir qaç yıldan sonra bu qəyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta (restoran)larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çoq lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək mədrəseyiruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb’ olunmamışdır. Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetdə nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şinası mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat (xrestomatiya) etmək istiyordu ki, vəfat etdi.
Mərhum (A.Sur) təqribən iki ay var ki, Tiflisdə xəstəxanədə yatıyordu. Mərəzi “kor bağırsağ”ın iltihab etməsi idi. Bir-birinin arqası sıra üç dəfə əməliyyati-cərrahiyyə (operasion) icra edilmiş. Nihayət bu mayın səkkizinci günü tərki-həyat etmişdir. Rza bəy əgərçi pək həyəcanlı və fəzlə bir taqım sözlər söylədisə də bən də bitiriyorum. Sonra Ağayev doktor Həsən bəy cənabları, mərhumun İstanbuldakı üsrətli həyatına, fəaliyyətinə, təşəbbüsatına, südü təmiz bir türk oğlu, türk aşiqi, türk məftunu olduğuna dair və çalışıb-çapalayıb yazmış olduğu məqalat və tətəbböatına aid kəskin bir nitq söylədi. Burada uzatmayaraq iki-üç sətir ilə iktifa edildi. Doktor Həsən bəy əfəndidən sonra Əmirov Hacı bəy cənabları ki, doquz-on yaşlarında qayət sevimli və çalışqan bir çocuqdur, əlindəki dəftəri açaraq şu sözləri söyləməyə başladı: Həzərat! Simasından insaniyyət yağan, danışığından ruh aşinalığı mə’lum olan bu mərhumu bir-iki ildən bəri tanıyordum. Müəllim olduğundan uşaqlara olan məhəbbətinə görə bə’zi vəqtlər olurdu ki, bənim ruhumu tərbiyə etmək için bana ibrətli hekayələr söylərdi. Ona görə Abdulla əfəndiyə, bu qürbətdə qardaşıma olan məhəbbətim qadar, qəlbimdə bir böyük məhəbbət bəslənmişdi. Bir gün, bir yaz sabahı onun vəfat xəbərini eşidən və onu sevən bir çocuq nə hala düşər? Vəfat xəbərini eşitdikdə tüklərim ürpərdi, kədər qəlbimi sıqdı. Doğrusu hiç inanmaq, onun cavanlığına ölüm yaraşdırmaq istəmədim. Heyhat! Getdi... O vücudi-müəzzəm getdi. O namusi-mücəssəm getdi... Ey möhtərəm atalarım! Böylə sə’yli, millətdost müəllimin, müəllimlər zümrəsindən adının silinməsi camaatımıza, ələlxüsus biz məktəb çocuqlarına nə böyük müsibətdir. Zira biz uşaqların ruhunu tərbiyə edib məişət və səadət yoluna salik edən böylə qeyrətli müəllimlər deyilmi? Türklük və islamiyyət hisslərini bizim qəlblərimizdə caygir edən, böylə millətpərvər müəllimlər deyilmi? Böylə ruhani atanın əldən getməsi ümum uşaqların, xüsusən mədrəseyi-ruhaniyyədə oquyan şagird arqadaşlarımın müsibət günü olduğundan bütün əqrəbasilə bərabər, mütəəllim qardaşlarıma səbricəmil əta olunmasını Baritəala həzrətlərindən niyaz edərim. Bu zəki və məhzun çocuqdan sonra gənc və nəcib şairimiz Cavad əfəndi həzin və ahəngdar bir tövrlə yazmış olduğu gözəl və yanıqlı əş’arı söyləməyə başladı:
Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı,
Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı.
O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən vətən xərab olmuşdu.
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular, sellər bizdən dönüb qaçırdı.
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı.
Qur’an nədir, anlamazdıq, vətən nədir, bilməzdik,
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi kəndimizdə görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu vətənin bunu görən südü təmiz evladı,
Bir qaç kişi o gün bizim qara günü anladı,
Ağladılar, sızladılar, yalvardılar Allaha,
Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara,
O gün bizim dağlarımız bir az güldü, şənləşdi,
Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi.
Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,
Bir azacıq, demək olar, dostlar deyən olmuşdu.
Ancaq dünən başımıza kölgə salan bir bulut,
Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!..
Yoq... Yoq... Sizin məzarınız qəlbimizin ən dərin,
Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin.
Bütün dünya alt-üst olsa, bən ki, səni unutmam,
Ay qardaşlar (amin) deyin, Allah bunu əfv etsin.
Cavad əfəndidən sonra sözə başlayan Sisyanov məktəbinin türk lisanı müəllimi Əli bəy əfəndi oldu. Miri-mumileyhin sözlərini, nitqini ancaq iki-üç sətirdə ixtisar edib keçmək istiyorum. Çünki kəndisi müfəssəl surətdə ayrıca olaraq qəzetəyə yazacağını bana söylədi.
Əli bəy:
Külli nəfsin zaiqət əl-məvt
(Əlbəttə, gedər gələn cihanə).
– sözlərilə başlayaraq A.Sur mərhumu bir çırağa, işıqlı bir elm çırağına bənzətdi. Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında dönüb dolaşan pərvanəyə təşbih etdi. Və cavan ədib və müəllimimizin ruhunu şad və qədrini ə’la etmək yalnız tələbə əfəndilərin himmət və qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi. Və Gəncə camaatının böylə qiymətli bir cavanın cənazəsinə etmiş olduqları e’tinasızlığı ima ilə anladıb təəssüflər etdi. Cənazəyi Tiflisdən Gəncəyə gətirmək için gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arqadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatının ixtiyar, gənc, mühafizəkar təcəddüdpərəst (intelligent) həpsinin mərhum Mirzə Abdulla haqqında olan e’tina və ihtimamatına bin dəfə faiqdir. Artıq Əli əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə cənabları dua və fatihə oquduqdan sonra, hazırun həmdü surə oquyaraq yavaşyavaş məzarıstanı, o baharıstanicavidi mütəfəlsəfanə bir vəziyyətlə vida və tərk etməyə başladılar. Bu sırada adam dağıldıqda nasıl olmuşsa Sisyanov məktəbinin balaca şagirdlərindən, yedi yaşında sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə fürsəti qaçıraraq oquyacağı mə’sumanə nitqini oquyamamış, bunu görüncə nitqinin surətini əlindən aldım. İştə buraya dərc ediyorum. Atalarım! Qardaşlarım! Qabağımızda yüzü qibləyə həmişəlik rahət uyuyub ilələbəddə uyuyan məşhur, möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir. Böylə elm və mə’rifət atalarının vəfatı yüzlərcə qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın cavan olduğu halda bu hadisəyi-müəllimənin yüz verməsi biz çocuqlara nə qadar tə’sir etdiyini dil ilə söyləməyə hiç iqtidarım yoq. Ələlxüsus zavallı ruhani məktəbi qardaşlarımın bu gündə istədikləri müəllimlərinin əldən çıqması için olan qəmi-qüssələrinə nasıl şərik olmayalım ki, atalarımızdan artıq biz çocuqların tərbiyəsinə bunlar, bu ruhani atalar diqqət ediyorlar. Ancaq əlimizdən gələn bir şey varsa, o da qövm və qardaşına, validəsinə Allah-təaladan səbr və təsəlli tələb etməkdir. Möhtərəm müəllimlərimizlə bərabər məktəb qardaşlarımın tərəfindən mütəvəffanın validəsinin kədərlərinə müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz. O böyük Allah bu cavan mərhumun günahlarından keçib öz rəhmətini ondan diriğ etməsin, amin!
Əvət, məzarıstandan dağıldıqdan sonra şəhərdə adət olduğu kibi, küçük şagirdlər müstəsna, mərhumun evlərinə gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət elədi. Və meyli olan zat əksəriyyətlə oturub layiqli dərəcədə ehsan və mərhumun ruhuna fatihələr oqundu.
Möhtərəm qarelərin əfvini istirham edərək bir-iki sətir, səddin xaricinə çıxmaq istiyorum. Məzarıstandan dönərkən bütün müəllim əfəndiləri bir yə’s, bir fütur əhatə etmişdi. Hər kəsin simasında bir darğınlıq, bir küskünlük oqunuyordu. Mühitimizin müəllimlər haqqında, bilxassə böylə gənc, nakam, qəyur və həmiyyətli bir müəllim haqqında göstərdiyi himmət və nəzakət (!) həp gönülləri müğbər etmişdi. Həqiqətən bir kərə düşünəlim: Müəllim nədir?! Japoniyanın qəyur və qəhrəman milləti Mikadonun şərəfinə deyil, Japoniya müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər, həm də insanı sərsəm edən, əql və şüurunu məhv edən şərab, rakı (vodka) içməyib, cənabi-Həqqin mən’ etmədiyi ən təmiz, saf və gözəl su içdilər. Onlarca Japoniyanın tərəqqisi, oyanıqlığı, maarifpərvərliyi həp, həp müəllimlər sayəsində olmuşdur. Almaniyada da hakəza (prins Bismark) bütün alman ünsürünün tərəqqisini müəllimlərdə görüyor və onlardan bəkliyor. Xüləfayi-Abbasiyədən Harun ər-Rəşid bir müəllim için, əvət yalnız bir hikmət və riyaziyyat müəllimi əldə etmək için Bizans (əski İstanbul) hökumətilə boğaz-boğaza gəlmiş, böyük müharibə etmiş, qalib olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə məzkur müəllimi əldə etmişdir. Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri, heysiyyəti, halı, məişəti nəzəridiqqətə alınırsa insan ağlamaqdan kəndisini alamaz. Biçarə müəllim nə yapsın? Beş-on manat maaşla nə yapa bilir! Ucuz olsun deyə hifzüssihhəyə muğayir rütubətli odalarda yaşar. Əski, bayat lokanta (restoran) yeməkləri yeyər. Getdikcə əsəbiyyəti artaraq vücudunu bəsləyəməz. Ata-anası bir-iki çocuğun nazını çəkə bilmədiyi halda – zavallı müəllim yüzlərcə millət balasının – müxtəlif ruhlarda yaradılmış, müxtəlif tərbiyələr görmüş, yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun nazını çəkib, zırıltı-gurultusuna təhəmmül ediyor. Bununla bərabər aldıqları mükafat nə? Bir çoq pis, mühlik xəstəliklər, cangüdaz vərəmlər (çaxotkalar) yığın-yığın səfalət və fəlakətlərdən başqa bir şey olmasa gərək... Şimdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında bulunan biçarələr kəndi millətindən bu fədakarlıqlarına görə bir də haqnaşünaslıq, heysiyyətsizlik görürsə daha hanki cəsarətlərlə, kimə güvənərək işə girişə bilir? Əfəndilər! Möhtərəm qarelər! Müəllimlərə hörmət ediniz, onları seviniz, onları pək böyük görünüz, əvət, onlara pərəstiş ediniz, onları kəndinizə əfəndi biliniz! Mövlayi-müttəqiyan həzrəti-Əli (Kərəmullahu vəchuhu) müəllimlər haqqında nə tövsiyə buyursa ona əməl ediniz! (Mən əlləmni hərfən qəd səyyərni əbdən) kəlamihəkimanəsini unutmayınız! Lakin, ey müəllimlər! Ey möhtərəm əfəndilər! Sizlər, sizlər əsla millətimizin, mühitimizin bu e’tinasızlığına e’tina etməyiniz. Daima çalı- şın, çabalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə saqınmanız! Əsla cəsarətsizlik göstərməyiniz. Mühitimiz sizi təqdir etmiyor, edəmiyor. Zərəri yoq. Lakin əlinizi, qolunuzu qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən yana bu millətə darılmaq, küsmək deyil, təşəkkür etməliyiz, həm də binlərcə təşəkkür etməliyiz. Bir dəfə tarixi göz önünə gətirin, o zaman baqınız və qərib işlər görürsünüz. Şimdiki qəhrəman (!) və nəcib (?) italyanların əski babaları, yə’ni romalılar məmləkətlərinin ətrafına, qomşu hökumətlərə təcavüz və hücum edərək aldıqları əsirlər içindən ən alim və zəki zatı kəndi çocuqları için müəllim tə’yin edərlərmiş. Çocuq azacıq dərsdən sıqılınca, müəllimə darılıb qızdığını, müəllimdən xoşlanmadığını atasına, babasına söylər-söyləməz, dərhal biçarənin, yə’ni zavallı müəllimin, qol-qabırğası, köksü, qafası xəncərlər, baltalar ilə parça-parça olunub məhv edilirmiş. Şükür Allaha, biz ki, millətdən müəllimlərimiz haqqında böylə bir haqsızlığa təsadüf etmədik. Bu gün təqdir etmiyorlarsa da, əmin olunuz ki, yarın mütləqa, mütləqa edəcəklər. Cənabi-Haqq çalışqanların, doğruların, fədakarların hamisidir. Əsla mə’yus olmamalı...
Yenə sözümüzə gələlim: Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi. Həm də pək durbin, pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar. Pişnamazzadə həzrətləri, doktor Həsən bəy, Yusifbəyov Nəsib bəy və sair arqadaşları, dostları tərəfindən onun əsərləri, tətəbböatı nəzəri-diqqətə alınmalı və təb’ edilməlidir.
Bu gün sübhdən aqşama qadar mərhumun cənazə mərasimində bulunaraq, bir para ötə-bəri ilə iştiğal edərək, günəşin qızğın zərbələri altında əzilib yorulduğumdan, möhtərəm qareləri yormayıb qısa kəsmək istiyorum. 229 Qafam öylə fəna bir halda dönüyor ki, nə yazdığımı və nə yazacağımı kəndim də bilmiyorum. Ehtimal ki, yazılarımın içində artıqəskik, nəzəri-diqqətə çarpacaq pək çoq qüsurlar bulunur. Möhtərəm qarelərdən əfvi-rica etməyi kəndim için bir vəzifə ədd edərim. Cənabi-Haqq öz birliyi hörmətinə bu nakam cavanın cənazəsi üzərində paralanan sinələrə, qoparılan saçlara, tökülən göz yaşlarına, sızlayan yürəklərə mərhəmət buyurub da onu, o namurad bəndəsini dəryayi-ehsan və kərəminə qərq eyləsin. Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyilə bağışlasın. (Ami n ...)