Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar

Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar
Müəllif: V.N.Leviatov
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 7-21


"Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy öz həyatı haqqında olduqca qısa məlumat verir. Buna görə, onun bu məlumatlarını həyat və fəaliyyətinin müxtəlif dövrlərini işıqlandıran materiallarla tamamlamağı lazım bildik.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin əlyazısının son səhifələrində öz tərcümeyi-halından bəhs edərkən, Qarabağda anadan olduğunu yazır. Təəssüf ki, hansı ildə anadan olduğunu göstərmir. Lakin tərcümeyi-halında bir sıra faktlara işarə edilmişdir ki, bunlar da onun təxmini olaraq hansı ildə anadan olduğunu təyin etmək üçün imkan verir. Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf yollandı və Tiflis şəhərini tutdu.
Bu hadisələr, yəni Şuşanın mühasirəsi 1795-ci ilin yayında, Tiflsin İran qoşunları tərəfindən alınması isə həmin il sentyabr ayının 12-də baş vermişdir. Beləliklə, Mirzə Adıgözəl bəyin 1795-ci ildə məktəbli yaşında, yəni 9 ilə 14 yaşları arasında olduğunu təsəvvür etsək, onun XVIII əsrin səksəninci illərində və daha doğrusu, səksəninci illərin əvvəllərində anadan olduğunu təyin etmək çətin deyildir; çünki tərcümeyi-halda verilən başqa məlumatlardan görünür ki, Mirzə Adıgözəl bəy 1799-cu ilin axırları və 1800-cü ilin əvvəllərində Tiflisdə Gürcüstan padşahı nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Buna görə də, onun bu zaman 18-20 yaşlarında olduğunu güman etmək olar.
Yuxarıdakı mülahizələr Mirzə Adıgözəl bəyin yetmişinci illərin sonunda və ya səksəninci illərin başlanğıcında anadan olduğu fikrinin düzgünlüyünü göstərir.
Bu zaman Rusiya hökumətinin Azərbaycan xanlıqları ilə olan münasibətində böyük bir dönüş yarandı. II Yekaterina hökuməti Azərbaycan xanlıqlarının işinə getdikcə daha artıq qarışmağa başladı. Nəhayət, səksəninci illərin birinci yarısının sonlarında, Şimali Azərbaycan xanlıqlarını Rusiya ilə birləşdirmək məqsədilə bu xanlıqları öz himayəsi altına almaq siyasətinə keçdi. Quba xanı Fətəli xan qüdrətli Şimal dövləti ilə əlaqə saxlamağın lazım olduğunu hiss edərək, vaxtın tələbinə görə, getdikcə daha artıq Rusiyaya istinad etmək siyasətinə meyil edirdi. Həştərxan və onun vasitəsilə Rusiyanın başqa şəhərləri ilə olduqca möhkəm iqtisadi əlaqələrdə olan Şamaxı, Bakı və Dərbənd tacir və sənətkarlarının mühüm hissəsi ona rəğbət bəsləyirdi.
Beləliklə, Adıgözəl bəy hələ fəaliyyətinin ilk zamanlarında Rusiya ilə daha geniş əlaqə saxlamağa cəhd edən və öz nəzərlərini Şimala çevirmiş olan adamlarla yaxınlaşa bilərdi.
Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Ağa Məhəmməd şahın qoşunları yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı "İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı tərk edərək Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də, İran qoşunlarının vəhşi hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək Şirvan, Şəki oblastlarına və Gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti kimi, böyük əziyyətlər çəkmişdilər.
Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır əziyyətə rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsi çəkdiyi bütün əziyyətlər başqa qaçqınların da başına gəldi.
Xalqın geniş təbəqələri İran hakimiyyətinə nifrət edirdilər və ona tabe olmamaq üçün öz əmlak və evlərini, əziz və doğma yurdlarını ataraq yaxınlaşan İran qoşunlarından qaçırdılar. Qarabağın Aran sahələri əhalisinin doğma yurdlarından kütləvi surətdə qaçması, xalq kütlələrinin İran qoşunları basqınına nə cür əlaqə bəslədiyini aydınca göstərir.
Bildiyimizə görə, Ağa Məhəmməd şah Rusiya qoşunlarının hərbi - Gürcüstan yolu ilə Gürcüstan əhalisinin köməyinə gələ biləcəyindən qorxaraq, Tiflisdə yalnız 8 gün qalmış və sonra Gəncədən keçərək Muğan düzünə getmişdi.
1796-ci ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1796-cı il yaz fəslinin əvvəllərində Ağa Məhəmməd şah öz qoşunları ilə Astarabad və Xorasana getdi.
1796-cı ilin yayında II Yekaterina hökuməti tərəfindən göndərilmiş Rusiya qoşunları Şimali Azərbaycana daxil oldular. Onlar Quba, Şamaxı, Bakı, Gəncə şəhərlərini tutdular. Lakin həmin 1796-cı ilin payızının axırlarında, II Yekaterinanın ölümündən sonra, I Pavelin fərmanına əsasən, Rusiya qoşunları Azərbaycan torpaqlarından çəkilməyə başladılar və 1797-ci ilin yazında Azərbaycanı tamamilə tərk etdilər.
1797-ci ilin yazında Ağa Məhəmməd şah yenidən Qarabağa soxuldu. 1795-ci ildə, İran qoşunlarının ölkəni tarmar etməsi nəticəsində intişar etmiş aclıq və taun xəstəliyi davam edirdi. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvə və vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək Car vilayətinə çəkildi. Ağa Məhəmməd şah öz qoşunları ilə heç bir maneəyə rast gəlmədən Şuşanı zəbt etdi və 1795-ci ildə Şuşanı müdafiə etmiş şəhər əhalisini və Rusiyaya istinad etmək təmayülü tərəfdarlarını təqib və edam etməyə başladı.
Bütün bu müddət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə Gürcüstanda qalmaqda idilər. Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə məlum idi. Yəqin ki, o bu hadisələrin şahidi və iştirakçısı olmuş, müxtəlif adamlarla görüşmüşdü. Doğma vətəninin talan edilməsi, aclıq, əhali
kütlələrinin iztirabı, İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər, yəqin ki, Adıgözəl bəyin şüurunda dərin iz buraxmışdı.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Gürcüstan Rusiya ilə birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırdı. Adıgözəl bəyi Kovalenskiyə nişan verdilər; nazir onu gizli məktublar ilə əlaqədar olan işlər üçün öz yanına xidmətə qəbul etdi. Adıgözəl bəy Kovalenskinin yanında gizli surətdə xidmət edir və donluq alırdı.
Adıgözəl bəy bu məxfi vəzifədə, ancaq 1799-cu ilin axırlarında və bütün 1800-cü il boyu xidmət edə bilərdi. Mirzə Adıgözəl bəyin həyatında bu dövrün böyük əhəmiyyəti olmuşdu. Əgər bu vaxta qədər Adıgözəl bəy öz vətənində baş vermiş tarixi hadisələri müşahidə etmək və onlara qiymət verməklə öz siyasi təmayülünü müəyyən etmişdisə, nazir Kovalenskinin yanına xidmətə girdikdən sonra isə, o öz siyasi təmayulünü tamamladı və möhkəmləndirdi. Adıgözəl bəy öz gələcək taleyini Zaqafqaziyada olan Rusiya divanxanası və ordusu ilə əlaqələndirdi. Məlum olduğu kimi, Adıgözəl bəy 1800-cü ildə özünü Rusiya tərəfdarı kimi tanıtdıra bilmişdi. Buna görə, nazir Kovalenski onu inanılmış bir adam sayıb diplomatik işlərlə əlaqədar olan gizli məktubları ona tapşırmışdı.
Bu münasibətlə belə bir sual ortaya çıxır: Adıgözəl bəy rus dilini nə vaxt və harada öyrənə bilmişdir? Belə güman etmək olar ki, Adıgözəl bəy nazir Kovalenskinin yanında xidmət edərkən rus dilini başa düşürdü. Ehtimal ki, Adıgözəl bəy rus dilini 1796-1800-cü illər ərzində, Tiflisdə yaşadığı zaman öyrənmişdir. Bu fikir həqiqətə daha yaxındır. 1795-ci ilin payızından başlayaraq Tiflisdə rus qarnizonu dururdu.
Təəssüf ki, padşah XII Georginin ölümündən sonra Mirzə Adıgözəl bəyin nazir Kovalenskinin xidmətində olub-olmaması haqqında bir məlumat yoxdur. Bizcə o, bu vəzifədə olmuşdur; çünki Kovalenski Gürcüstanın hökmdarı vəzifəsini ifa etdiyi üçün ona Şərq dillərini bilən adam lazım idi.
Lakin Mirzə Adıgözəl bəy Kovalenskinin yanında, onun Gürcüstan idarə işlərini knyaz Sisianova təhvil verənə qədər, yəni 1803-cü ilin fevral ayınadək xidmət edə bilərdi[1]. Adıgözəl bəyin Gürcüstan canişini və Qafqaz qoşunları komandanı knyaz Sisianovun yanında xidmət etməsi məlum deyildir. Mirzə Adıgözəl bəyin həyatının bu dövrünə aid heç bir sənəd hələ aşkar edilməmişdir. Həyatının bu dövrü haqqında Mirzə Adıgözəl bəy tərcümeyi-halında belə yazır: "Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim". Gürcüstanda Rusiya hakimiyyəti təsdiq olunduqdan sonra o, general-mayor Lisaneviçin yanına xidmətə təyin olunur.
"Qafqaz Arxeoqrafiya Komissiyası aktlar"nda nəşr edilmiş sənədlərdən görünür ki, general-mayor Lisaneviç 1811-ci ilin avqust ayında, Pənbək və Şoragil okruqları rəisi vəzifəsində olmaqla, Ərzrum sərəskərinin hərəkatını güdürdü[2]. Bu vaxt Rusiya ilə Türkiyə arasında müharibə gedirdi. Hərbi əməliyyatın əsas meydanı Dunay çayı ətrafında idi. Lakin Rusiyaya tabe olan Zaqafqaziya torpaqlarına Türkiyə qoşunlarının hücum edə biləcəyi qorxusu olduğu üçün general-mayor Lisaneviçin əsas diqqəti Türkiyənin sərhəd rayonlarında olan osmanlı qoşunlarının hərəkatını izləməyə çevrilmişdi.
Lisaneviç sərhədin o tayına kəşfiyyatçılar və casuslar göndərirdi. Belə bir şəraitdə generala mütləq mütərcim-kargüzar lazımdı. Bu vəzifəni Mirzə Adıgözəl bəy ifa edirdi.
Mirzə Adıgözəl bəy general Lisaneviçin yanında xeyli vaxt xidmət etmişdir. O, tərcümeyi-halında belə yazır: "On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə menə podporuçik rütbəsi verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim..."
Beləliklə, əldə olan məlumatlara əsaslanaraq təsdiq etmək olar ki, general-mayor Lisaneviç və Mirzə Adıgözəl bəyin birgə xidməti 1811 -ci illə 1816-cı illər arasında olmuşdur.
General Lisaneviç və Mirzə Adıgözəl bəy 5-6 ilə qədər Pənbək və Şoragil distansiyalarında xidmət etmişdilər. Bu müddət ərzində bu yerlərlə əlaqədar bir çox hadisələr baş vermişdir.
Təəssüf ki, Mirzə Adıgözəl bəyin bu distansiyalarda xidməti zamanı ciddi əhəmiyyəti olan işlərdə iştirak etməsi haqqında bilavasitə dəlillər yoxdur. Lakin vəzifəsinin xarakterinə görə, bir mirzə kimi, həmin işlərlə əlaqədar olduğunu güman etmək olar.
1805-1813-cü illər ərzində davam edən birinci Rusiya-İran müharibəsi zamanı, Pənbək və Şoragil İran qoşunlarının basqını nəticəsində, son dərəcədə talan edilmişdi. Əhalinin xeyli hissəsi İran qoşunları tərəfindən cənuba qovulmuş, bəziləri isə hərbi əməliyyat gedən territoriyaları tərk etmişdilər. Okruq rəisi distansiyanı məskun etmək, əkinçiliyi və məskun yerləri bərpa etmək qayğısına qalmalı idi.
Hərçənd general-mayor Lisaneviç Azərbaycan dilini bilməklə Azərbaycan əhalisinin etimadını qazanmışdı, lakin bu ailələrin köçürülməsində yerli əhalidən olan və böyük hörmət sahibi Mirzə Adıgözəl bəyin, şübhəsiz ki, böyük xidməti olmuşdur.
1812-ci ilin əvvəllərində İran hökuməti İrəvan sərdarı Hüseynqulu xanın vasitəsilə sülh danışıqlarına başlamaq arzusunda olduğunu bildirdi. Bununla əlaqədar olaraq sərhəd mahalının rəisi general-mayor Lisaneviç sülh danışıqları aparmaq üçün xüsusi məmur göndərilməsi haqqında məktublaşmağa başladı[3]. Mirzə Adıgözəl bəyin bu işdə iştirakı haqqında bilavasitə məlumat yoxdursa da, şübhəsiz ki, vəzifəsi ilə əlaqədar olaraq o, bu kimi danışıqlarda kənarda dura bilməzdi.
1813-cü ilin oktyabr ayında Qarabağın Gülüstan qəsəbəsində sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən İran hökuməti Dərbənd, Quba, Bakı, Şamaxı, Şəki, Gəncə, Qarabağ və Talış xanlıqlarına qarşı öz tələblərindən imtina etdi.
Mirzə Adıgözəl bəyin tərcümeyi-halı və müxtəlif mənbələrdən alınan məlumatlar onun həyatının bu dövrünü daha tam və düzgün təsəvvür etməyə imkan vermir.
1816-cı ilin oktyabr ayında Gürcüstanın[4] əlahiddə korpus komandiri vəzifəsinə təyin olunmuş general A.P.Yermolov Tiflisə gəldi və Qafqaz işləri ilə tanış olmağa başladı.
General A.P.Yermolov xanlara inanmırdı. O, xan hakimiyyətinin mövcud olmasını rus imperiyası mənafeyinə zidd görürdü və buna görə də gələcəkdə xan hakimiyyətini ləğv edib rus idarəsi qurmağı zəruri hesab edirdi. Qarabağ, Şirvan və Şəki xanlarının hakimiyyəti bu xanlıqların Rusiya təbəəliyinə qəbul edilməsi haqqında 1805-ci ildə bağlanmış müqavilə əsasında təsdiq edildiyi üçün, A.P.Yermolov dərhal öz siyasi məqsədlərinin tətbiqinə başlaya bilməzdi. Əvvəlcə o, xanların yanında Rusiya hökumətinin etimadını qazanmış şəxslər təyin etməklə kifayətləndi.
A.P.Yermolov Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xanın yanına göndərdi. Adıgözəl bəyin Qarabağa göndərilməsi 1816-cı ildə A.P.Yermolovun Tehrana səfir təyin edilməsindən bir az əvvəl olmuşdu. Mirzə Adıgözəl bəy tərcümeyi-halında xəbər verir ki, qarabağlı Mehdiqulu xan ona ailəsinin əvvəllərdə sahib olduğu torpaqları qaytardı, yeni malikanələr bağışladı və onu "İyirmi dörd" mahalına naib təyin etdi.
"İyirmi dörd" mahalı Qarabağ xanlığının iyirmi iki mahalından biri idi. Yuxarıda göstərilən, tam olmayan məlumatlara əsasən, 1823-cü ildə bu mahalda 155 ailə, hər ailəyə 5 nəfər hesab etmiş olsaq, 800 nəfərə yaxın adam yaşayırdı.
Bu mahal Qarabağ xanlığının ən kiçik mahallarından biri idi. Burada yaşayan əhalinin sayı bütün Qarabağ xanlığı əhalisinin yüzdən birini belə təşkil etmirdi[5]. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın ən yaxın və inanılmış adamlarından biri idi. O, Mehdiqulu xanın yanında son günədək, yəni onun xaricə qaçdığı günədək olmuşdur.
Zaqafqaziyada müsəlman əyalətlərinin rəisi general V.Q.Madatovun təzyiqi və araqarışdırıcı hərəkətləri nəticəsində Mehdiqulu xanın Qarabağı tərk edərək İrana qaçması məlumdur. General Madatov Azərbaycanda xan üsul-idarəsini ləğv etməyi lazım bilən A.P.Yermolovun göstərişləri əsasında hərəkət edirdi.
General Yermolov knyaz Madatovun vasitəsilə öz arzusunun yerinə yetirilməsinə nail oldu. Mehdiqulu xan ona edilən hədələrdən qorxaraq 1822-ci il noyabrın 21-də öz ailəsini qoyaraq, bir neçə nəfər xidmətçisinin müşayiətilə xaricə qaçdı[6]. Bu hadisələr bir neçə il keçdikdən sonra Mehdiqulu xanın yazdığı bir məktubda işıqlandırılmışdır. Mehdiqulu xan özünün qaçmağı haqqında belə yazır: "...mən Tərtərə gedib orada bir neçə nəfər taparaq onlarla öz vəziyyətimi izah etmək üçün Tiflisə getməyi qərara aldım. Lakin məni Tərtərə buraxmamaq və Qarabağdan qovmaq əmrilə dalımca göndərilmiş Məlik Vanya mənə çatdı və mən qorxaraq İrəvana yola düşdüm. Hərçənd mənə əslində Qarabağdan getmək lazım deyildi, ...lakin mən özümü xilas etmək üçün İrəvana getdim"[7].
1823-cü ildə həqiqi stats-sovetnik Magilevski və polkovnik A.P.Yermolov tərəfindən tərtib edilmiş "Qarabağ vilayətinin statistik təsviri"ndən məlum olur ki, Mirzə Adıgözəl bəyin xüsusi əmlakı çox az olmuşdur[8]. O, təkcə Ağbulaq kəndinə sahib idi. Mirzə Adıgözəl bəyin öz evi də burada idi. Bundan başqa Danyal bəy Qmatlı obası, Varvaralı və Qaraoğlanlı kəndi də onun idarəsində idi. Burada vergi verən 59 ailə və Mirzə Adıgözəl bəyin sahib olduğu 37 rəncbər ailəsi yaşayırdı. Xanlıq dövründə və komendant üsul-idarəsi zamanında 59 ailədən toplanan verginin bir hissəsi divan və ya xəzinəyə daxil olurdu. Verginin xəzinəyə daxil olan bu hissəsi 1823-cü ildə aparılan siyahıya görə, 156 manat rus gümüş pulu miqdarında idi. Ehtimal ki, mədaxilin qalan çox hissəsi kəndi idarə edənin ixtiyarına keçirdi.
"Qarabağ vilayətinin statistik təsviri"ndən belə məlum olur ki, Mirzə Adıgözəl bəyin 37 ailədən ibarət rəncbəri var idi. Bu fakt göstərir ki, Mirzə Adıgözəl bəyin xüsusi təsərrüfatı olmuş və burada həmin rəncbərlər işləmişlər. Ümumiyyətlə, rəncbərlər ya tut bağlarında və ya çəltik tarlalarında işlərdilər. Lakin Mirzə Adıgözəl bəyin rəncbərləri köçəri hesabında olduğundan, onların bağ və çəltik tarlalarında məşğul olduqlarını güman etmək olmaz. Bu rəncbərlərin hər şeydən əvvəl ziraətdə işlədiklərini fərz etmək olar.
Yuxarıdakı izahatdan belə görünür ki, Mirzə Adıgözəl bəyin mülkü çox da böyük deyilmiş; çünki onun ixtiyarında olan ailələrin sayı yüzə çatırdı ki, beş yüzdən altı yüzə qədər can təşkil edirdi. Lakin onu kiçik mülk də adlandırmaq olmaz. Beləliklə, Mirzə Adıgözəl bəyi orta təsərrüfatçı bəylər sırasına daxil etmək lazımdır. Ona verilmiş poruçik, sonra isə kapitan rütbəsi və Qarabağ əyalət məhkəməsində iclasçı vəzifəsi onu Qarabağ aristokratiyasının ali bəy təbəqəsi sırasına irəli çəkdi.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında qeyd edir ki, general Yermolovun tapşırığı ilə o, 1823-cü ildən 1826-cı ilədək, yəni üç il ərzində Qarabağ sərhədlərinin mühafizəsi üzrə qulluqda olmuşdur. Adıgözəl bəyin öz haqqında verdiyi bu məlumat "Qafqaz Arxeoqrafiya Komissiyası aktları"nda nəşr edilmiş sənədlərlə təsdiq olunur. General-mayor knyaz Madatov A.P.Yermolova 1825-ci il 9 iyul tarixində yazdığı raportunda belə xəbər verir: "Sizin 2 iyul tarixli 9 nömrəli sərəncamınıza cavab olaraq, Qarabağda bizim sərhədlərimizi iranlıların hücumu təhlükəsindən müdafiə etmək, köçəri xalqların qaçmasının qarşısını almaq və mənim nə kimi tədbirlər gördüyüm haqqında zati-alinizin nəzərinə aşağıdakı məlumatı çatdırmağı özümə şərəf hesab edirəm"[9].
Knyaz Madatov sərhəd məntəqələri cədvəlində Mirzə Adıgözəl bəyin olduğu məntəqəni də göstərmişdir. Sənəddə belə göstərilir: "Murov dağı enişinin qurtaracağında, Bazərgan bulağı yanında... 15 verst qabaqda olan Gil qəsəbəsində qarovul duran dağılmış Zod kəndi yanında, mahal naibi podporuçik Mirzə Adıgözəl bəyin yanında 40 nəfər, bundan əlavə də burada yüzbaşı Nasledışevin yanında 25 nəfər qazaq vardır". Cədvəlin sonunda general Madatov yazır: "Bu cədvələ əsasən iki post xətti təşkil edilir: - dağıdılmış Zod kəndindən isti sulara qədər olan sağ qolu ştab-kapitan Çernoqlazov, yerli əhali keşikçilərini isə podporuçik Mirzə Adıgözəl bəy idarə edir..."[10]
Bu post çox irəlidə qoyularaq İran territoriyasına daxil olduğu üçün İrəvan sərdarı Hüseynqulu xan general Madatova müraciət edərək postun yerini dəyişdirməyi xahiş etmişdi. Madatov, A.P.Yermolovun göstərişi ilə, Hüseynqulu xana məktubla cavab verərək yazırdı:
"Zati-aliniz tərəfindən zilhiccə ayının 11-də[11] yazılmış məktubu aldım, orada podporuçik Mirzə Adıgözəl bəyin süvarilərlə Zod kəndində durduğunu göstərirsiniz... Mirzə Adıgözəl bəyə həmin kənddə durmamaq haqqında çoxdan əmr vermişəm və o, tezliklə oradan gedəcəkdir"[12].
Sərhəd mühafizəsi xidmətində Adıgözəl bəy 1826-1828-ci illərdə olan Rusiya-İran müharibəsi başlananadək olmuşdur. Tərcümeyi-halında Adıgözəl bəy göstərir ki, o, 1826-cı il avqustun 25-dək, yəqin ki, İran qoşunlarının Qarabağa hücumundan bir az əvvəl ona 60 əsgərlə bir zabit, iki yüz azərbaycanlı və erməni süvariləri tabe idi. Mirzə Adıgözəl bəy sərhədi mühafizə etməklə, İran hökumətinin müharibəyə başlayacağı haqqında məlumatlar alırdı. O bu məlumatları Şuşa qalasının komendantı mayor Çilyayeva bildirirdi. Bu məxfi xəbərlərə cavab olaraq Mirzə Adıgözəl bəy öz postunda istehkamlar qurmaq əmri aldı. Onun postu Qarabağ sərhəd postları xəttinin son sağ qolunda, Murov dağının cənub ətəklərində, Bazərgan bulağı yanında idi... Mirzə Adıgözəl bəy hələ burada ikən müharibə başlandı. Məlumdur ki, bu müharibə İran qoşunlarının Rusiyaya tabe olan torpaqlarına qəflətən hücumu ilə başladı. İran qoşunları, demək olar ki, bir vaxtda İrəvan tərəfindən sərhədləri keçərək Şoragil, Pənbək və həmçinin Talış və Qarabağ əyalətlərinə soxuldular. Lazımı qədər qüvvələri olmayan sərhəd postları İran qoşunlarının qarşısını ala bilmədilər. Onların çox hissəsi vuruşa-vuruşa ölkənin içərilərinə tərəf geri çəkilirdi. Bəziləri isə mühasirəyə alınaraq uzun müqavimətdən sonra əsir düşdülər.
Bazərgan bulağı yaxınlığındakı post sərhədin lap yanında və İran qoşunlarının ilk axını yolu üstündə olduğu üçün, Mirzə Adıgözəl bəy və ona tapşırılan dəstənin Şuşa və Tiflis ilə əlaqəsi kəsildi. Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, o, cürbəcür hiylələrlə Şuşa ilə əlaqəni bərpa etmək və hər bir addımda ölüm təhlükəsi olan düşmən arxasından çıxmağa cəhd edirdi. Lakin Tiflisə tərəf geri çəkilən rus qoşunları ilə birləşmək ona mümkün olmadı. Şuşa qalası da İran qoşunlarının mühasirəsində olduğu üçün oraya girmək mümkün deyildi.
Vəziyyət bir də ona görə gərginləşmişdi ki, xanlıq üsul-idarəsi zamanı xan hakimiyyəti ilə sıxı əlaqədə olan yerli əhalinin ayrı-ayrı qrupları, düşmən qoşunlarının hücumundan sonra onların tərəfinə keçdi və bir sıra köçəriləri də öz tərəflərinə çəkdilər. Xanlıq üsul-idarəsinin ləğvindən sonra öz əvvəlki imtiyazlı vəziyyətlərini və maddi-yaşayış mənbələrini itirmiş və sayca əhalinin az hissəsini təşkil edən yüzbaşılar, maaflar, kətxudalar təbəqəsi və həmçinin bəylərin bir hissəsi köhnə qaydaları bərpa etmək istəyirdilər. Onlar elə güman edirdilər ki, İran qoşunları gəlib köhnə idarə üsulunu və onların itirdikləri imtiyazları geri qaytaracaqdır. Onlar qarabağlı Mehdiqulu xanın İran vəliəhdi Abbas Mirzənin qoşunları arasında olduğunu bilirdilər.
Bu hal Mirzə Adıgözəl bəyin vəziyyətini daha da çətinləşdirirdi. Mirzə Adıgözəl bəy törənmiş vəziyyətdən çıxmaq üçün bir yol tapmayaraq təhlükə ilə üz-üzə gəlmək məcburiyyətində qaldı. O, öz tərcümeyi-halında Abbas Mirzənin qərargahına getdikdən sonra əsirlikdə rast gəldiyi bütün macəraları ətraflı bir surətdə nağıl edir. Mirzə Adıgözəl bəyi əsir sifətilə Təbrizə göndərdilər[13].
Abbas Mirzənin ordusu Şamxor yanında və Gəncə şəhəri yaxınlığındakı böyük vuruşlarda məğlub olduqdan sonra İran qoşunları Araz çayının o tayına keçdilər.
Abbas Mirzə yəqin ki, əzilmiş qoşunlarını yenidən nizama salmaq üçün vaxt qazanmaq məqsədilə, sülh danışıqlarına başlamağa cəhd edirdi. Mirzə Adıgözəl bəy tərcümeyi-halında yazır ki, bu məqsədlə onu Şuşaya göndərdilər. Beləliklə, o, əsirlikdən azad oldu. Yəqin ki, bu hadisə 1827-ci ilin əvvəllərində olmuşdur; çünki Mirzə Adıgözəl bəy 1827-ci ilin yanvarında hələ Təbriz şəhərində əsir idi.
Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşadan Tiflisə gedərək general A.P.Yermolov və qərargah rəisi general-adyutant İ.İ.Dibiç cənabları ilə görüşdü. 1827-ci ilin yanvar və fevral aylarında, canişin və Qafqazın əlahiddə korpusu komandiri vəzifəsinə yeni təyin edilmiş İ.F.Paskeviçin A.P.Yermolovdan işləri təhvil aldığı zaman, general-adyutant Dibiç Tiflisdə idi. 1827-ci il mart ayının axırlarında A.P.Yermolovun geri çağırılmasından sonra İ.F.Paskeviç Zaqafqaziyanın bütün işlərini idarə etməyə başladı[14]. Maddi mənafelərinə görə, Mehdiqulu xana tərəfdar olan Qarabağ əhalisinin müəyyən qruplarını Rusiya tərəfinə meyil etdirmək fikrilə İ.F.Paskeviç qarabağlı Mehdiqulu xanı da Rusiya tərəfinə çəkməyi siyasi cəhətdən məqsədəuyğun hesab edirdi.
Bu mühüm işin icrası Qarabağ, Şirvan və Şəki əyalətlərini[15] idarə edən V.K.Madatovu 1827-ci ilin aprel ayında əvəz etmiş knyaz İ.NAbxazova tapşırılmışdı.
Knyaz İ.N.Abxazov bu məsul tapşırığı bilavasitə yerinə yetirmək üçün Mirzə Adıgözəl bəyi seçdi.
İndi Mirzə Adıgözəl bəy, Mehdiqulu xan üzərində olan nüfuzunun qüvvəsini sınaqdan çıxarmalı idi. O, Arazın o tayına, düşmənin arxasına keçib orada Mehdiqulu xanla görüşməli və onu Rusiya tərəfinə keçməyə razı etməli idi. Mirzə Adıgözəl bəy bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirdi. İyunun əvvəllərində general Paskeviç qərargah rəisi İ.İ.Dibiçə aşağıdakı məlumatı xəbər verirdi:
"Danışıqların müvəffəqiyyəti və Mehdiqulu xanın bizim tərəfə keçməsi haqqındakı xəbəri zati-alinizin hüzuruna çatdırmağı özümə şərəf hesab edirəm... Bu ayın 8-də mən Qarabağdan məlumat aldım ki, xan oraya qayıtmışdır. Onun arxasınca Daralagözdən bizim sərhədlərimizə 3 min köçəri ailəsi köçmüşdür... Mehdiqulu xanın Qarabağa köçürülməsindən əldə edilən mənfəətlər olduqca mühümdür:
1) Keçmiş hakimlərinin (Mehdiqulu xanm) alçaldılmasına narazılıqla baxan sərhəd boyundakı adamların mütərəddidliyinə son qoydu. O, (Mehdiqulu xan) – yaxında, sərhədin özündə olmaqla qədim əlaqə və irsi hakimiyyətindən istifadə edərək, istədiyi vaxt onu qəbul etmiş olan İranın nəfinə, aramızda fəal tərəfdarlar tapa bilərdi.
2) Bu qəbilələrin çox hissəsini Mehdiqulu xan öz ardınca Qarabağa gəlməyə rəğbətləndirdi. Düşmən artıq onlardan kömək gözləyə bilməz. Onlar 4 min ən yaxşı süvari verə bilərlər ki, bu da nəinki bizim üçün qorxu təşkil edəcək, əksinə, bizim sərhədlərimizi mühafizə edəcəkdir.
Əlavə edirəm ki, xana qoşulub (İrana) getməyən bir neçə yüz ailə sırasındakı Millidlər (?), Qaraçorlu, Şadillu və sair yerdə qalan xalqlar şadillu Aslan Sultanın vasitəsilə mənə müraciət edərək öz itaətlərini bildirmiş və Rusiya himayəsinə qəbul edilmələrini xahiş etmişlər"[16].
Mirzə Adıgözəl bəy Mehdiqulu xanı Rusiya tərəfinə meyil etdirmək tapşırığını müvəffəqiyyətlə yerinə yetirdi. General Paskeviç onun bu xidmətinə yüksək qiymət verərək onu təltif edilməyə təqdim etdi. Bu barədə o, raportlarının birində yazırdı:
"Komandanlığın təsdiqinə görə, düşmən torpağında cəldlik və qəhrəmanlıq göstərərək, onlara verilmiş tapşırıqları yerinə yetirdikləri üçün, qarabağlı podporuçik Mirzə Adıgözəl bəyi (ona donluq da verməklə) və polkovnik knyaz Abxazovun yanında xidmətdə olan knyaz İvan Melikovu poruçik rütbələri ilə təltif etməyə təqdim etməyi özümə şərəf bilirəm. Dindaşları üsyan edərkən (Mirzə Adıgözəl bəyin) bizə necə sadiq qaldığını və Təbrizdə ona olan əzablara və əsarətə möhkəm bir iradə ilə dözdüyünü zati-aliniz Tiflisdə olduğu zaman yəqin ki, eşitmişdir"[17].
Hərbi əməliyyatın sonrakı gedişində Mirzə Adıgözəl bəy, görünür ki, bilavasitə iştirak etməmişdir. O, knyaz Abxazovun yanında bir tapşırığı yerinə yetirməklə məşğul idi. Bu tapşırıq haqqında general Paskeviç 1827-ci il may ayında knyaz Abxazova belə yazırdı:
"Zati-alinizə tapşırıram ki, əgər bu məsələ hələ sizin diqqətinizi özünə cəlb etməyibsə, hər bir vasitə ilə çalışmaq lazımdır ki, Azərbaycanda işlərin indiki vəziyyətindən narazı və bizim tərəfə meyil göstərən Təbriz əhalisinin müəyyən hissəsi və onların rəisləri ilə şifahi və yazılı olaraq ikitərəfli əlaqə saxlanılsın"[18].
Təəssüf ki, Mirzə Adıgözəl bəyin 1827-ci ilin ikinci yarısı və 1828-ci ilin əvvəllərindəki, yəni Türkmənçay sülh müqaviləsi bağlanan vaxtdakı fəaliyyəti haqqında bizə məlumat verə bilən sənədlər hələ tapılmamışdır.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında xəbər verir ki, o, knyaz Abxazovun rəhbərliyi altında xidmət etmişdir. Ola bilsin ki, Mirzə Adıgözəl bəy knyaz Abxazovla birlikdə Rusiya səfiri A.S.Qriboyedov Tehranda öldürüləndən sonra əmələ gəlmiş təhlükəli vaxtda - 1829-cu ildə Qarabağ, Şirvan və Şəkidə təşkil edilən süvari müsəlman alaylarının təşkilində iştirak etmişdir3. Knyaz Abxazovun general Paskeviçə təqdim etməsilə Mirzə Adıgözəl bəyə kapitan rütbəsi verilmişdir.
Bu məlumatdan belə nəticə çıxarmaq olar ki, Mirzə Adıgözəl bəyə kapitan rütbəsi 1830-cu ildən əvvəl verilmişdir; çünki knyaz Abxazov 1830-cu ildə Zaqafqaziyanı tərk edərək Osetiyaya getmişdi[19].
Çox güman ki, hələ bu vaxt, yəni 1829-cu ilin axırlarında və 1830-cu ilin əvvəllərində Mirzə Adıgözəl bəy, 30 ilə yaxın xidmət etdikdən sonra istefaya çıxmışdı.
Komendant üsul-idarəsi vaxtında əyalət məhkəmələri qanun üzrə nəinki mühakimə xarakterli işlərlə, hətta bir sıra əmlak və təsərrüfat məsələləri ilə də məşğul olmalı idilər, çünki komendantların yanında məhkəmədən başqa heç bir idarə yox idi. Qarabağ əyalət məhkəməsinin əhatə etdiyi məsələlər, ali inzibat idarəsinin tapşırığı ilə, XIX əsrin 30-cu illərində tərtib edilmiş Qarabağ əyaləti haqqındakı qeydlərdə gözəl bir surətdə işıqlandırılmışdır. Bu qeyddə deyilir: "Şuşa əyalət məhkəməsinin iclası komendantın sədrliyi və əhali tərəfindən bəylər və vətəndaşlar içərisindən seçilmiş 4 iclasçının iştirakilə aparılır. Əyalət məhkəməsi aşağıdakı işlərə baxır: a) əhəmiyyətsiz, mübahisəli və cinayət işlərinə, b) əyalətin mədaxilini idarə edən təsərrüfat işlərinə, c) ümumi intizamı mühafizə etməklə əlaqədar olan əmrverici işlərə; lakin indiki vəziyyətdə bütün bu işlərin az və ya çoxunu bir komendant idarə edir. Əyalət məhkəməsinin isə ancaq quru bir adı vardır"[20].
Əyalət məhkəməsinin fəaliyyəti nə qədər zəif olmuş olsa da, onun iclasçıları, o cümlədən Mirzə Adıgözəl bəy də müəyyən dərəcədə yuxarıda göstərilən işlərlə məşğul olmalı idilər. Bütün bunlar Mirzə Adıgözəl bəyə Qarabağın uzun, tarix boyu keçirdiyi vəziyyətlə və bu əyalətin müxtəlif hissələrində yaşayan əhalinin təsərrüfat fəaliyyəti ilə, ölkənin adətləri və tarixi ilə tanış olmağa çox kömək etmişdir. Mirzə Adıgözəl bəyin Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti onun Qarabağ tarixinə aid olan müxtəlif məlumatlar toplaması üçün imkan yaratdı.
Əyalət idarələrini yoxlamış məmurlardan biri, kollec assessoru Zubaryev general Paskeviçə aşağıdakı məlumatı xəbər verirdi: "Əyalət məhkəməsi heç bir iş görməyərək ancaq quru bir məhkəmə adı daşıyır. Knyaz Abxazovun yaxın adamı olan kapitan Mirzə Adıgözəl bütün məhkəmə işlərini öz əlinə almışdır. Məhkəmə üzvlərinin tatar və ermənilərdən ibarət olan hissəsi rus dilini bilmədikləri halda, bütün jurnallar və kargüzarlıq rus dilində aparılır"[21].
Kollec assessoru Zubaryev müfəttiş sifətilə eyalət idarələri işlərindəki nöqsanları yoxlamaq üçün getmişdi. Buna görə də onun qeydində izah edilən işlər mübaliğəsiz deyildir. Lakin burası aydındır ki, əyalət məhkəməsində baxılan işlərə və qəbul edilən qərarlara Mirzə Adıgözəl bəyin böyük təsiri olmuşdur. Kollec assessoru Zubaryevin qeydindən görünür ki, Mirzə Adıgözəl bəy rus dilini gözəl bilirmiş.
Yuxarıda adı çəkilən kollec assessoru Zubaryev Qarabağ haqqındakı qeydində yazır: "Mirzə Adıgözəl bəy... öz mahalına distansiyalardan və Yelizavetpol qəzasından qaçqınlar qəbul edir. Hal-hazırda onun yanında 350-dək belə qaçqın ailələri vardır. Bunlar heç bir vergi vermədikləri üçün ağırlıq yerdə qalan əhalinin üzərinə düşür"[22].
Bu adamların kim olduğu haqda əlimizdə heç bir məlumat yoxdur. Lakin demək olar ki, bu adamlar çar inzibat idarəsinin təzyiqi altında öz kənd və evlərini tərk etmişdilər.
Mirzə Adıgözəl bəyin XIX əsrin ikinci yarısının 30-40-cı illərindəki həyat və fəaliyyəti haqqında əlimizdə məlumat yoxdur. 1834-cü ilin əvvəllərinə aid tapılmış arxiv sənədlərindən görünür ki, Mirzə Adıgözəl bəy, məhkəmədə şahid sifətilə çıxış edərək, əski yerləri üzərində öz hüquqlarını bərpa etmək istəyən bəzi bəyləri müdafiə etmişdir[23].
Qarabağ əyalət məhkəmə işlərindən görünür ki, Mehdiqulu xanın idarəsi zamanı hörmətli, möhtərəm və Qarabağ işlərini yaxşı bilən bir şəxs kimi arayış, izahat və şəhadətdən ötrü tez-tez Mirzə Adıgözəl bəyə müraciət edirdilər. Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti zamanı Mirzə Adıgözəl bəy Qarabağın digər məşhur xadimi, "Qarabağnamə"nin müəllifi və vaxtilə İbrahim xanın yanında vəzir olmuş Mirzə Camalla tez-tez görüşərmiş.
"Qarabağnamə"nin mətnindən görünür ki, Mirzə Adıgözəl bəy poeziyanı sevən və zamanın ən ziyalı şəxslərindən biri olmuşdur. Biliyinin genişliyi və keçmiş mədəniyyətin görkəmli nümayəndələrinə olan dərin ehtiramı Mirzə Adıgözəl bəydə böyük Nizaminin köhnə və tamamilə dağılmış qəbri üzərində yeni türbə tikmək fikri oyatdı. Bu barədə A.Bakıxanov belə yazır: "Onun (Nizaminin - V.L) dağılmış olan çox gözəl türbəsi Gəncənin yaxınlığında indi də durur... qarabağlı Mirzə Adıgözəl bəy onu indi bərpa edir"[24].
A.Bakıxanovun bu sözlərindən məlum olur ki, məqbərənin bərpa edilməsi onun "Gülüstani-İrəm"i yazdığı vaxtda, yəni XIX əsrin 40-cı illərinin əvvəllərində olmuşdur. Bu tarix böyük şairin anadan olmasının 700 illiyinə təsadüf edirdi.
Mirzə Adıgözəl bəyin tikdirdiyi türbə bu əsrin əvvəllərində dağılmışdır, lakin onun qalıqları tam düzgünlüklə Nizaminin dəfn edildiyi köhnə türbənin yerini təyin edir.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni 1845-ci ildə, yəni yaşının 65-ə çatdığı zamanda yazmışdır. Yəqin ki, yaşının çoxluğuna görə, əsəri yazmaq Mirzə Adıgözəl bəy üçün çətin olmuşdur. Buna görə də o, Salariyə müraciət edərək, onun söylədiklərini dediyi kimi, gözəl bir ifadə ilə yazmağı ondan xahiş etmişdir. Bu vəziyyət əsərin dilinə çox təsir etmişdir. Görünür ki, Mirzə Adıgözəl bəy hadisələri sadə və anlaşılan dildə şərh etmişdir. "Qarabağnamə"dəki Şərq tarixi əsərlərinə xas olan vəsflər, mübaliğələr, müqayisələr və sair təmtəraqlı ifadələr və təsvirlər Mirzə Adıgözəl bəyə yox, Salariyə aiddir. Bu dəbdəbəlilik və ala-bəzəklik mətnin məzmununu zənginləşdirmir, əksinə, onun mütaliəsini daha da çətinləşdirir. Məlum olduğu kimi, Abbasqulu ağa Bakıxanov bu qədim ənənələri kənara ataraq, sadə və aydın dildə "Gülüstani-İrəm" əsərini yazmışdır. Mirzə Adıgözəl bəy, Salarinin ifadə üsulları ilə razılaşdığı üçün əsərdəki bir sıra hadisə və faktlar öz aydınlıq və düzgünlüyünü itirmişdir.
Qeyd etmək lazımdır ki, bu söylənilənlər başlıca olaraq, "Qarabağnamə"nin birinci fəsillərinə aiddir. XIX əsrin tarixi sadə dillə yazılmışdır. Əsəri oxuyarkən belə bir təsir oyadır ki, Salari mətnin ilk fəsillərini gözəl üslub ilə yazmaqla kifayətlənmişdir. Sonrakı fəsilləri isə sadə və anlaşılan dildə yazmağa başlamışdır. Erməni dilinə tərcümə edilmiş "Qarabağnamə"nin əlyazmasında bu sətirlər var: "O vaxt mən - bu tarixi yazmış qarabağlı Mirzə Adıgözəl bəy Tiflisdə idim"[25]. "Qarabağnamə"nin başqa nüsxələrində belə bir qeyd yoxdur. Ola bilər ki, Mirzə Adıgözəl bəy bəzi işlərə görə, Şuşadan Tiflisə getmiş və orada öz əsərini yazmışdır.
Mirzə Adıgözəl bəy 1848-ci[26] ildə sentyabr ayının 9-da vəfat etmiş və Goranboy yaxınlığında olan Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir. Onun qəbri üzərində türbə tikilmişdir. Yuxarıda göstərilən vəfat tarixi Mirzə Adıgözəl bəyin qəbri üstünə qoyulmuş başdaşının kitabəsindən alınmışdır.

Qeydlər

redaktə
  1. 1 AKAK, c. III, sənəd 1, səh. 4. 10
  2. General Tormasovun 1811-ci il avqustun 13-də general-mayor Lisaneviçə yazdığı 134 Ns-li əmr (AKAK, IV sənəd 1179, səh. 775; 776-cı səhifədəki 1180 nömrəli sənədlə müqayisə edin).
  3. Markiz Pauluççinin qraf Rumyantsevə 1812-ci il martın 21-də yazdığı 80 nömrəli məlumat (AKAK, c. V, sənəd 247, səh. 177).
  4. General Yermolovun qraf Nesselpoda 1816-cı il noyabrın 19-da yazdığı təliqə (AKAK, c. VI, h.II, sənəd 281, səh.136).
  5. Həqiqi stats-sovetnik Magilevski və polkovnik Yermolovun general Yermolova 1823-cü il mayın 2-də yazdıqları 22 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1308, səh. 858).
  6. Knyaz Madatovun general-leytenant Velyaminova 1822-ci il noyabırın 21-də yazdığı 916 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1293, soh. 848).
  7. Mehdiqulu xanın knyaz Abxazova 1827-ci il iyunun 21-də yazdığı məktub (AKAK, c. VII, səh. 458-459)
  8. Həqiqi stats-sovetnik Magilevski və polkovnik A.P.Yermolov tərəfindən tərtib edilmiş "Qarabağ vilayətinin statistik təsviri" (AKAK, f. 24, ya 21,1, iş 117, səh. 152, 153, 203).
  9. General-mayor knyaz Madatovun general Yermolova 1825-ci il iyulun 9-da yazdığı 341 nömrəli raport. Çanaxçı kəndi (AKAK, c. VI, h. I, sənəd 719, səh. 516).
  10. Yenə orada.
  11. 18 iyul (1825-ci il)
  12. General-mayor knyaz Madatovun Hüseynqulu xana 1825-ci ildə yazdığı məktub (AKAK, c. VI, h. I, sənəd 1373, səh. 892).
  13. Naməlum müəllifin Qarabağ haqqında yazdığı qeydlərlə müqayisə edin. 1829-1831-ci illər içərisində (Rus çarizminin XIX əsrin 20-60-cı illərində Azərbaycanda müstəmləkə siyasəti, h. I, M.-L., 1936-cı il).
  14. AKAK, c. VII, səh. 1.
  15. Yenə orada, səh. 4.
  16. General Paskeviçin qraf Dibiçə 1827-ci il iyunun 12-də yazdığı 62 nömrəli raport. Eçmiədzin (AKAK, c. VII, sənəd 402, səh. 453-454).
  17. General Paskeviçin qraf Dibiçə 1827-ci il iyunun 12-də yazdığı 62 nömrəli raport. Eçmiədzin (AKAK, c. VII, sənəd 402, səh. 455).
  18. General Paskeviçin polkovnik, knyaz Abxazova 1827-ci il mayın 21-də yazdığı əmr. Cəlal oğlu (AKAK, c. VII, sənəd 508, səh. 543).
  19. Polkovnik Miklaşevskinin qraf Paskeviçə 1830-cu il fevralın 4-də yazdığı 3 nömrəli raport (AKAK, c. VII, sənəd 372, səh. 426).
    4 AKAK, c. VII, sənəd 4.
  20. 1837-ci il dekabrın 19-dan sonra Nefedyevin Qarabağ əyaləti haqqında yazdığı qeyd (XIX əsrin 20-60-cı illərində Azərbaycanda rus çarizminin müstəmləkəçilik siyasəti, c. I, M.-L., səh. 358).
  21. Kollec assessoru Zubaryevin 1830-cu il 20 aprel tarixli raportla qraf Paskeviçə təqdim etdiyi Qarabağ əyaləti haqqındakı qeydi (AKAK, c. VII, sənəd 211, səh. 462).
  22. Yenə orada.
  23. Praporşik Əli bəyin Qarabağ komendantı cənab mayor və kavaler Rayterə 1834-cü il fevralın 5-də yazdığı izahatdan tərcümə (Azərb. SSR MDTA, f. 73, siyahı 2, iş 3, vərəq 67).
  24. A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1926, səh. 165.
  25. T.İ.Ter-Qriqoryan. Qarabağlı Mirzə Adıgözəl bəy. Azərb. SSR EA Məruzələri, N°9, 1948-ci il.
  26. Mirzə Adıgözəl bəyin vəfat tarixini, onun qəbri üzərindəki kitabənin qrafitlə çıxarılmış surəti üzündən, tarix elmləri namizədi Ə.Ə.Ələsgərzadə oxumuşdur. Kitabənin surəti A.Bakıxanov adına Tarix İnstitutu elmi işçiləri N.V.Minkeviç-Mustafayeva və S.K.Əhmədova tərəfindən çıxarılmışdır. Bu xüsusda baxın: N.V.Minkeviç-Mustafayeva və S.K.Əhmədova. "Mirzə Adıgözəl bəy ailəsinin türbəsi" (Azərb. SSR EA Məruzələri N° 5, 1948-ci il).

Həmçinin bax

redaktə