Mirzə Qiyas bəy

Mirzə Qiyas bəy
Müəllif: Ənvər Çingizoğlu
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: "Təzadlar" qəzeti, 28 iyun 2013,


Şah Təhmasib Səfəvinin (1524-1576) sadiq rəiyyətlərininn arasında Mirzə Qiyas bəy adlı bir şəxs vardı. Onun atası dövlət idarələrində məmur kimi çalışırdı. Buna görə də ailə ac deyildi. Şah vəfat edəndən sonra onun övladları arasında taxt-tac uğrunda mübarizə başlayır. Hökumətdə boşluq yaranır. Əhalinin vəziyyəti ağırlaşır. Hökumətdən aylarla maaş ala bilməyən məmurların güzəranı çətinləşir. Bu kimi çətinliklərin zərbəsi Mirzə Qiyas bəyin ailəsinə də dəyir. O, son qəpik-quruşlarını toplayıb hamilə arvadı Əsmət xanımı da götürüb Hindistana gedən karvana qoşulur. O zaman Hindistanda Böyük Moğollar impereiyası iqtidarda idi. Sən saydığını say... Yolda karvana həramilər basqın edir. Karvan basqınçılar tərəfindən soyulur. Onsuz da aclıq çəkən Mirzə Qiyas bəy lüt-üryan Hindistana yetişir. Onun var-dövlətdən iki qatırı qalmışdı. Nəhayət, hamilə xanımı, üç ac-yalavac uşaqla 1577-ci ildə moğooların əlində olan Qəndəhara çatır. Burda onun xanımı dördüncü uşağı, Mehrənnisə bəyimi doğur.

Mirzə Qiyas bəy Dehliyə çatanda saraya yollar axtarır. O dövrdə Böyük Moğollar impereiyasının sultanı Əkbər şah idi. Əkbərin atası Sultan Hümayun İrana yardım üçün qaçanda I Şah Təhmasib ona köməyini əsirgəməmişdi. Səfəvi şahının yardımı ilə Hümayun taxt-tacına qovuşmuşdu. Əkbər də bu borcu yaddan çıxarmırdı. Qızılbaş ölkəsindən gələnlərə hörmət və izzətini əsirgəmirdi. Mirzə Qiyas bəyin sarayda iş tapması o qədər də çətin olmadı. Biliyi, bacarığı, istedadı sayəsində vəzifəsində ucalaraq etimadəddövlə ləqəbiylə baş vəzir postunu tutdu.

Mirzə Qiyas bəyin övladları da yavaş-yavaş yekəlib yetman həddinə çatdılar. Mehrənnisə bəyim gözəlləşib, göz qamaşdırmağa başladı. Cahangir mirzə onu görüb, baş vəzirgilin yolunu tutmağa başladı. Mirzə Qiyas bəy isə Əkbər şahın hiddətindən qorxub qızını saray kargüzarlardan birinə, Əliqulu xana adaxladı. Cahangir mirzə günahı atasında görüb, onun son illərini qara günə boyadı. Saray intriqaları şiddətləndikcə Mirzə Qiyas bəy xəzinəni dədəmalı kimi xərcləməyə başladı.

1605-ci ildə Əkbər şah vəfat etdi. Cahangir mirzə Böyük Moğollar impereiyasının sultanı oldu. Səltənət məsələsini həll edən kimi, Mehrənnisə bəyimi əldə etməyə girişdi. 1607-ci ildə Mehrənnisə bəyimin əri qəribə bir şəraitdə vəfat etdi. 1611-ci ildə sultan Mehrənnisə bəyimlə evləndi. Mehrənnisə bəyim sultanın iyirminci, amma ən sevimli xanımı idi. O, bir müddət sonra Nurcahan ləqəbini aldı. Ta Mirzə Qiyas bəyin kəsdiyi başa sorğu-sual olmadı. Sözü bütün səltənətdə keçərli idi. Mirzənin oğlu Asəf xan da bütün Hindistanda at oynatmağa başladı.

Nurcahandan olan oğul Şahcahan vəliəhd seçildi.

Ailənin uğuru Mümtaz Mahalın dünyaya gəlməsi ilə daha da möhkəmləndi. Əbdülhəsən Asəf xanın ailəsində iki övlad doğuldu. Biri Şayəstə xan, biri Ərcüməndbanu bəyim. Qız Sultan Şahcahanla ailə qurmuş, ona 14 övlad bəxş etmişdi. (Xuralnisə bəyim (1613-1616), Cahanara bəyim (1614-1681), Daraşikə bəyim (1615-1659), Məhəmməd Sultan şah Şüca Bahadur (1616-1660), Rövşənara bəyim (1617-1671), Mühyiddin Məhəmməd Övrəngzeb (1618-1707), Sultan Ümidbəxş (1619-1622), Sürəyyabanu bəyim (1621-1628), Sultan Muradbəxş (1624-1661), Sultan Lütfulla (1626-1628), Sultan Dövlət Əfzə (1628 - ?), Hüsnara bəyim (1630 - ?), Gövhərara bəyim (1631-1707).

Mirzə Qiyas bəy 1622-ci ildə vəfat edir. Aqrada qəbrinin üstündə böyük türbə ucaldılır.

Əbdülhəsən Asəf xan atasından sonra Sultan Şahcahanın (1592-1666) hakimiyyəti dönəmində Böyük Moğollar impereiyasının baş vəziri olur. Onun vəfatından sonra oğlu Şayəstə xan həmin məqamı tutur.