Mirzəcan ilə Aşıq Pərinin deyişməsi

Mirzəcan ilə Aşıq Pərinin deyişməsi
Müəllif: Aşıq PəriMirzəcan Mədətov
Deyişmə


Mirzəcan:
Mən ki öldüm, həsrətindən ey Pəri
Canım alıb, o məstanə gözlərin.
Yanında qəmzəsi, işvəsi, nazı,
Hər dəm baxıb, afətanə gözlərin.

Aşıq Pəri:
Hər nə ki danışsan əfsanədəndir,
Batacaqdır məkri-qanə gözlərin.
Sən mənə rəqibsən, həmi naməhrəm,
Sataşmasın zənəxdanə gözlərin.

Mirzəcan:
İstəmənəm seyraqəbin ülfətin,
Çox çəkirəm sənin çünki möhnətin,
Çünkü bilmiş ağlamağın ləzzətin,
Qoy ağlasın, yana-yana gözlərin.

Aşıq Pəri
Təbib olan, yarə bağlamaq ilə,
Eşq oduna cigər bağlamaq ilə,
Kim vayə çatıbdır ağlamag ilə,
Bicay yerdə doydu cana gözlərin.

Mirzəcan:
Əqlimi itirib, zayil olmuşam,
Dərdindən başlayıb, sayil olmuşam,
Aləm bilir sənə mayil olmuşam,
Od salıbdır Maralyana gözlərin.

Aşıq Pəri:
Eşqin məstliyinden ayıl deyiləm,
Hər nə ki danışsan, qayıl deyiləm,
Leyli sifət, sənə mayil deyiləm,
Məcnun kimi, nə divanə gözlərin.