Mixail Saakaşvilinin BMT-də çıxışı (2013)
Mixail Saakaşvilinin BMT-də çıxışı (25 sentyabr 2013) Müəllif: Mixail Saakaşvili Tərcüməçilər: Vikimənbə |
Azadlıq hələ də tarixin hərəkətverici qüvvəsidir
redaktəCənab sədr,
Zati-aliləri,
Hörmətli nümayəndələr,
Bu tribunada millətimi yenidən təmsil etmək mənim üçün böyük şərəfdir. Son onillikdə Gürcüstan uğursuz dövlətdən bazar iqtisadiyyatlı demokratiyaya qədəm qoyub. Biz həm irəliləyişlər, həm geriləmələr, həm intibah yaşamışıq, həm də səhvlər etmişik. Amma bütün dünya gürcü xalqının azadlığa olan sədaqətinin şahidi olub.
Mən bu gün sizdən xahiş edirəm ki, siz siyasi, sosial, dini müxtəliflikləri ümumi azadlıq sevgisi müstəvisinə çevirən xalqın səsini eşidəsiniz. O səsi ki, bizim qarşılaşdığımız bütün problemlərə və üzləşməkdə olduğumuz çətinliklərə baxmayaraq, ümidlərlə doludur. Və bu gün bizi əhatə edən dünyaya nəzər salarkən mən düşünürəm ki, bu ümid səsinə ehtiyac var.
1990-cı illərin əvvəlindəki optimizm — liberal və demokratik dəyərlərin yayılmasının təbii hal aldığı, "tarixin sonu"nun elan olunduğu və BMT-nin nəhayət sülh içində yaşamağa başlayan dünyanın ürəyi və ruhu olmağa başladığı dövr, 1990-cı illərin optimizmi — mənim burada, Nyu-Yorkda tələbə olduğum və BMT-də təcrübə keçdiyim dövr — pessimizm və ikiüzlülük dalğası ilə dağıldı.
Dünya sülh içində yaşamır. Bəşəriyyət özü-özü ilə barışmayıb və BMT birləşmiş dünyanın ürəyi və ruhuna çevrilməyib. Bir zamanlar müzəffər olan Qərb sivilizasiyası indi dərin iqtisadi, sosial və mental böhranı aşmağa çalışır. Şərqi Avropada rəngli inqilablar əvvəllər məğlub etdiyi qüvvələr tərəfindən məhv edilir. Yaxın Şərqdə Qahirə və Tunisdə sevinən kütlələrin görüntüləri Dəməşqdə qazla öldürülmüş uşaqların dəhşətli görüntüləri ilə əvəz olunub.
Məyus olmaq üçün çoxlu səbəblər var. Bəs 90-cı illərin doqmatik optimizmi eynigüclü doqmatik pessimizmlə və ümidləri boğan etinasızlıqla əvəz olunmalı idimi? Demokratiya və azadlığın yayılması üçün gərgin mübarizənin aparılması faktı bizi öz inanclarımızdan və prinsiplərimizdən imtina etməyə məcbur etməli idimi?
Mən bu gün buraya millətimin ümidlərini bölüşmək və bizi əhatə edən fatalizm barədə danışmaq üçün gəlmişəm. Mən buraya şübhə edənlərə, tərəddüd edənlərə, təslim olmaq istəyənlərə müraciət etmək üçün gəlmişəm.
Əgər Qərb artıq dəbdən düşübsə, nəyə görə milyonlarla polyak, çex, eston, rumın və digərləri NATO-ya daxil olacaqları günü səbrsizliklə gözləyir? Niyə milyonlarla ukraynalı, gürcü, moldovan və digərləri Avropa İttifaqının “qapısını döyür”?
Əgər azadlıq artıq dəbdə deyilsə, onda biz uzaq Tunis şəhərlərinin birində naməlum vətəndaşın intiharının dünya xəritəsini dəyişməsini necə izah edə bilərik?
Yox. Tarix 1989-cu, ya da 1991-ci ildə bitməyib və heç zaman bitməyəcək. Amma azadlıq hələ də onun hərəkətverici qüvvəsi və üfüqüdür. Hər yerdə azad yaşamaq istəyən kişi və qadınlar tiraniya qüvvələri ilə qarşılaşır.
Sual olunur: biz bu mübarizədə aktyor, yoxsa tamaşaçı olmaq istəyirik?
Mən "hüdudlar" adından danışıram
redaktəHörmətli nümayəndələr,
Xanımlar və cənablar,
Mən danışdığım müddətdə, Avropanın azad və demokratik millətləri ailəsinə qoşulmaq arzusunda olan Şərqi Avropa ölkələri daimi təzyiq və təhlükələrlə üzləşirlər. Ermənistan küncə sıxışdırılıb, Moldova blokadaya alınıb, Ukrayna hücum altındadır, Azərbaycan fövqəladə təzyiqlərlə üzləşir və Gürcüstan işğal olunub.
Niyə?
Çünki köhnə İmperiya itirilmiş sərhədlərini geri almağa çalışır. “Sərhədlər” əslində düzgün ifadə deyil. Çünki İmperiyanın – istər Rusiya İmperiyası, Sovet İttifaqı, Rusiya Federasiyası və ya Avrasiya İttifaqı olsun – heç vaxt sərhədləri olmayıb. Onun yalnız hüdudları olub. Mən bu gün buraya bu hüdudlar adından danışmaq üçün gəlmişəm.
Digər dövlətlərdən fərqli olaraq, Rusiya Federasiyası öz ətrafında stabil dövlətlərin olmasında maraqlı deyil. Kremlin nail olmaq istədiyi – daimi qarışıqlıqlar içində olan qonşu ölkələrdir.
O, Gürcüstan, Ukrayna və ya Moldovada, hətta onun maraqlarına dostcasına yanaşan ölkələrdə də güclü hökumət anlayışını rədd edir. Mən heç vaxt “siyasət dili” anlayışının pərəstişkarı olmamışam, amma mənim ikinci rəhbərlik müddətim sona yaxınlaşdıqca, mən daha aydın danışmağa məcburam.
Gəlin daha açıq olaq.
Siz fikirləşirsiniz ki, Vladimir Putin Ermənistanın Azərbaycan üzərində qələbə qazanmasını istəyir? Yox. Bu, Ermənistanı daha güclü və daha azad edərdi.
Bəs fikirləşirsiniz ki, bunun əksi ola bilər, yəni Moskva Bakının İrəvan üzərində üstünlüyünü istəyir? Əlbəttə ki, yox. Müasirləşmiş Azərbaycanın indiki inkişafı Rusiya liderləri üçün bir kabusdur.
Yox, onlar heç bir tərəfin üstünlüyünü arzulamır, münaqişə özlüyündə onların məqsədidir. Çünki bu, hər iki dövləti asılılıqda saxlayır və onların Avropa məkanına inteqrasiyasının qarşısını alır.
Siz fikirləşirsiniz ki, Ukraynada "narıncı inqilab"ı həyata keçirən qüvvələrin seçkilərdə məğlub olması Kremlin bu ölkəyə münasibətini yumşaldıb? Əksinə. Viktor Yanukoviçin hökuməti daimi hücumlar altındadır, Avropa İttifaqının Vilnüs sammiti öncəsi Ukraynaya qarşı ticarət müharibəsi başladılıb və rusiyalı rəsmilər açıq-aşkar bu millətin parçalanması barədə söhbətlər aparır.
Siz fikirləşirsiniz ki, Tbilisidə hökumət dəyişdiyi üçün Rusiya Abxaziya və Cənubi Osetiyanın işğaldan azad olunması barədə danışıqlar aparmağa razıdır? Qətiyyən! Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalı davam edir.
Dünən, işğalçılar Gürcüstan vətəndaşlarını yenidən öz evlərindən və kəndlərindən, onların valideynlərinin və babalarının evlərindən və kəndlərindən didərgin salıb. Hər kəsin gözü qarşısında və heç bir cəza almadan.
Yeni Gürcüstan hökumətinin son həftələrdə və aylarda dostca bəyanatlarına baxmayaraq, Rusiya hərbçiləri yaşayış yerlərini tikanlı məftillərlə ayırmaqla, həyati əhəmiyyət daşıyan Bakı-Supsa boru kəmərinə yaxınlaşaraq iqtisadiyyatımıza təhlükələr yaratmaqla, Gürcüstanın mərkəzi magistral yoluna yaxınlaşmaqla və bununla da ölkəmizin möhkəmliyini sual altına qoymaqla öz mövqelərini gücləndirməkdə davam edir.
Vladimir Putin və onun komandasının mənim on ilə yaxın müddətdə rəhbərlik etdiyim hökumətə qarşı düşmənçiliyi şəxsi nifrət və ya mədəni anlaşılmazlığa əsaslanmır. İstənilən bu cür şərh yalnız gözə kül üfürməkdir.
Mənim xələfim, prezident Şevardnadze ən yüksək Sovet nomenklaturasından gəlmişdi. O, Gürcüstanda hakimiyyətə 90-cı illərdə hərbi çevriliş yolu ilə və Rusiyanın birbaşa yardımı ilə gəlmişdi. O, məndən fərqli olaraq sovet diplomatik ənənələri ilə tanınmışdı. Bununla belə, Rusiya hər zaman onun hakimiyyətini yıxmağa və hətta bir neçə dəfə ona qarşı sui-qəsdə cəhd göstərmişdi.
Bu Qamsaxurdia, Şevardnadze, Saakaşvili və ya İvanişvili ilə bağl deyil. Ortada olan maraqlar yüksək olduqda adların heç bir önəmi olmur. Bu, Gürcüstanda dövlətçiliyin mövcud olub-olmaması ilə bağlıdır. Niyə? Çünki indiki Rusiya hökuməti yaxşı bilir ki, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrdə güclü dövlət sistemi inkişaf etməyə başlasa, bu cür dövlətlər öz xalqlarının iradəsini əks etdirəcək və irəli aparacaq. Bu isə onların tam müstəqil olması və Avropaya yönəlməsi deməkdir.
Gürcüstanın uğurlu islahatlar və funksional dövlət yaratmaq təcrübəsi virus kimi qəbul olunmağa başladı. Elə bir virus ki, bu post-sovet regionunu əhatə edə bilərdi. Bu virus nə yolla olursa-olsun məhv edilməli idi. Ona görə gürcü xalqı 2006-cı ildən bəri embarqodan, müharibədən və işğaldan əziyyət çəkib. Məhz ona görə də gürcü xalqının müqaviməti və gürcü demokratiyasının möhkəmliyi bütün region üçün mühüm əhəmiyyət daşıyır.
Saxta pravoslav qardaşlığı musiqisini ölülərin səsləri boğur
redaktəXanımlar və cənablar,
Xalqımızın iradəsinə əsaslanan Avropa İttifaqı və NATO-nun regionumuzda irəliləməsinin qarşısını almaq cəhdləri son zamanlar daha da intensiv xarakter alıb.
Bu cəhdlərin bir adı var: Avrasiya İttifaqı. Avrasiya İttifaqı Avropa İttifaqına alternativ olaraq formalaşdırılıb və Vladimir Putinin yeni prezidentlik müddətinin əsas layihəsi kimi açıqlanıb.
Avropa və Avroatlantikaya inteqrasiya uzun zaman və ciddi səylər tələb etdiyi üçün, bəzi anlarda sən xülya dalınca düşdüyün fikrinə qapıldığın üçün, hədələr gücləndiyi, təzyiqlər artdığı üçün və vədlər uzaq göründüyü üçün regionumuzda bir çox insan yorulur və özünə sual verir: niyə də yox? Bu gün mən tam dəqiqliklə “niyə də yox” sualını araşdırmaq istəyirəm.
Xarici siyasət və ya beynəlxalq ittifaqlar seçimlərindən daha çox bizim xalqlarımız cəmiyyət seçimi, həyat seçimi qarşısında qalır. Xalqımız qorxu və cinayət dünyasında yaşamaq istəyib-istəmədəyini seçməlidir: o dünya ki, müxtəlifliklər təhlükə, azlıqlar hədəf kimi qəbul olunur, o dünya ki, opponentlər yarımçıq ədalətlə üzləşir, o dünya ki, xanımlar və cənablar, biz oradan gəlməkdə davam edirik.
Avrasiya İttifaqı Moskvada keçmiş DTK rəsmiləri tərəfindən bizim üçün hazırlanmış yaxın keçmişimiz və gələcəyimizdir. Əks tərəfdə, bizim oyanmış ənənələrimiz və bizim qədim arzularımız bizi Avropa adlanan digər dünyaya tərəf aparır.
Avropa cəmiyyətləri mükəmməllikdən uzaqdır və orada da qorxu, şübhə, qəzəb, hətta nifrət də tapmaq olar. Amma orada layiqlilik varislikdən üstün tutulur, dözümlülük ictimai həyatın özülüdür, indiki rəqiblər gələcəyin nazirləridir, dustaqları və ölümcül düşmənləri yox.
Bu cür seçim Şərqi Avropa xalqları üçün o qədər təbiidir ki, bir sıra Kreml strateqləri (onlar özlərini siyasi texnoloq adlandırır) həqiqəti ləğv etməyi qərara alıb və Ukrayna, Gürcüstan, Moldova və bir çox digər ölkələrdə öz yalanlarını formalaşdırır. Onların bu ölkələrdəki carçıları Avropa İttifaqını ailə dəyərlərinin dağılması, milli adət-ənənələrin pozulması və eynicinslilərin təbliğatı ilə eyniləşdirir.
Qəribədir ki, biz son illərdə, xüsusilə də son aylarda Tbilisidə, Kiyevdə və ya Kişinyovda Moskva tərəfindən idarə olunan eyni musiqini eşidirik. Biz eşidirik ki, bizim ənənələrimiz Qərbin təsiri altında dağılır, xristian bayramları eynicinslilərin mərasimləri ilə, kilsələr isə multimədəni Disneylendlərlə əvəz olunacaq. Biz eşidirik ki, bizim pravoslav kimliyimiz təhlükə altındadır. Və bütün bunlardan sonra biz eşidirik ki, biz öz köhnə sahiblərimizlə mənəviyyat və ənənələrə ümumi hörməti paylaşırıq.
Biz bu qədər sadəlövhük ki, əvvəlki nəsillər kimi bu yalanlara inanaq və öz suverenliyimizin oğurlanmasına izn verək? Biz əcdadlarımıza qarşı bu qədər ədalətsizik ki, onların xatirəsinin məscidlərə hücum və digər “poqromlarla” yad olunacağını fikirləşək?
Biz öz tariximizdən bu qədər xəbərsizik ki, bunun sonsuzadək təkrarlanmasına izn verək?
Biz Rusiya imperialistləri tərəfindən pravoslav qardaşlığı barədə saxta musiqini eşidəndə, öldürülmüş Patriarx Kirionun həqiqi səsini və ya ölkəsinin işğal olunmasına qarşı Cenevrə konfransına müraciət etdiyi üçün günlərlə və həftələrlə işgəncə olunan Patriarx Ambrosi Xelayanın əbədi səsini eşitmirikmi? Biz o qədərmi karıq ki, öldürülən yepiskop və rahiblərin səsini eşitmirik? Biz o qədərmi savadsızıq ki, kilsələrimizi kimin yenidən rənglədiyini və müqəddəs freskalarımızı kimin məhv etdiyini bilmirik?
Biz o qədərmi koruq ki, işğal olunmuş ərazilərdə kilsələrimizin dağıdıldığını görümürük?
Biz öz tariximizi bilməliyik. Və tariximiz bizə öyrədir ki, tolerantlıq regionumuzda suverenliyin əsasıdır. Bu təkcə mənəvi borc deyil: bu həm də milli təhlükəsizlik məsələsidir.
Biz tariximizi bilməliyik və başa düşməliyik ki, yeni imperalist prinsip – “parçala və hökm sür” – iki əsr əvvəl olduğu kimi bu gün də tətbiq olunur.
Bu gün bizim regionumuza nəzər salarkən, Qafqaz tarixi haqqında bilikləri olanlar 1905-ci ildə birbaşa çar hökuməti tərəfindən yaradılmış Ermənistan-Azərbaycan münaqişəsini xatırlaya və bunu 1980-ci illərin sonlarında başlamış Qarabağ münaqişəsi ilə müqayisə edə bilərlər.
Onlar, həmçinin, mənim də xatırladığım kimi, 1990-cı illərin əvvəllərində Abxaziya müharibəsinin başlanğıcını xatırlaya bilər. O zaman Gürcüstan hərbçiləri silahları rus qoşunlarından alırdılar. O qoşunlardan ki, Şimali və Cənubi Qafqazda xalqlar arasında istənilən həmrəyliyi məhv etmək üçün abxaz silahlılarına rəhbərlik edir və çeçen quldurlarını ölkəyə gətirirdilər. Məhz eyni səbəbdən bir əsr əvvəl gürcü zabitlərini çeçenlərlə, inquşlarla və dağıstanlılarla mübarizənin ön cəbhəsinə çəkdikləri kimi.
Biz vaxtaşırı digər nöqtələrə də baxa bilərik. Biz Polşa və ya Ukrayanaya baxa bilərik və biz eyni şəkli görəcəyik. Hər yerdə, İmperiya hər zaman əsarət altına alınan xalqlar arasında əlaqələri pozmağa çalışıb və onları fanatik antaqonizm divarı ilə ayırmağa çalışıb. Təəssüf ki, bu üsul öz işini görüb. Amma ən təəssüf doğuranı isə odur ki, bu, günümüzdə də işini görməkdə davam edir.
Rusiya ilə ittifaqa girmək çox asandır: koloniya olmaq üçün səy göstərmək lazım deyil
redaktəXanımlar və cənablar,
Hörmətli nümayəndələr,
Son onilliklərin ən böyük siyasi uğuru olan Avropa İttifaqı üç sütun üzərində qurulub, bunlar üç imtina kimi də qəbul oluna bilər: Avropanı iki dünya müharibəsi və nasizm dəhşətləri ilə xarakterizə olunan kollektiv intihara aparan ekstremal millətçilikdən imtina, qitədə yayılmaq təhlükəsi yaradan kommunizmdən imtina və nəhayət, kolonializm və imperializmdən imtina.
Fransa və Britaniyanın bu, üçüncü imtinanı qəbul etməsi vaxt apardı, amma koloniyalardan imtina etmək onların iqtisadiyyatının müasirləşməsi və demokratiyanın inkişafı, eləcə də Avropanın birləşməsi ilə nəticələndi.
Avrasiya İttifaqı isə tam əks prinsiplər üzərində qurulub. Bu, dözümsüzlüklə qidalanır, DTK strukturları tərəfindən idarə olunur və köhnə İmperiyanı diriltmək üçün formalaşdırılıb.
Əlbəttə, buna görə Avrasiya İttifaqına qoşulmaq çox asandır. Bunun üçün qarşılanmalı heç bir sosial, iqtisadi və siyasi kriteriyalar yoxdur: doğrudan da, koloniya olmaq, heç bir səy tələb etmir. Passivlik və adilik yeganə tələblərdir.
Digər tərəfdən, həqiqi İttifaqa daxil olmaq üçün böyük cəhdlər göstərmək və müəyyən kriteriyalara cavab verməyin başqa alternativi mövcud deyil. Çünki İttifaqı yaradan məhz bu cür prinsiplərdir. Beləliklə, şübhə edənlərə mən deyirəm ki, Avropa İttifaqı səy və xüsusi kriteriyalar tələb etdiyi üçün, məhz buna görə, Avropa İttifaqı bizi udmağa çalışmır (amma digərləri məhz bunu arzulayır) və bu səbəbdən seçim aydın olmalıdır.
Amma bundan əlavə, seçimin aydın olduğunu bildirən daha yaxşı səbəblər var. Seçim aydındır, çünki Rusiya layihəsi uğursuzluğa məhkumdur. Bu gün heç bir İmperiya, Rusiya İmperiyası da davamlı ola bilməz.
Əgər tarixə nəzər salsaq, görərik ki, Fransa və Böyük Britaniya öz koloniyalarını həmin koloniyaların müstəqillik uğrunda mübarizə apardığı üçün yox, Paris və Londonda yaşayan insanların artıq İmperiyaya inanmadıqları üçün itirdi.
Eyni ilə həmin şey bu gün Rusiyada baş verir. İmperiya arzuları ilk olaraq, gördüyümüz kimi, öz hüdudları daxilində boğulur. Amma ən əsası yəqin odur ki, İmperiya ideyası düz öz mərkəzində rədd edilir. Bu cür imtina özünü təkcə ictimai etirazlarda, ya da Rusiyanın əsas şəhərlərində müxalif səslərin yüksəlməsində büruzə vermir.
Bu, özünü Rusiya elitasının Putinin Avrasiya görüşünə qarşı ümumi etirazında göstərir.
Bu fikrə xidmət etməli olan insanların özləri də layihənin həyat qazanacağına inanmır.
Öz hüdudlarında imtina edilən, öz mərkəzində imtina edilən imperializm yolu dalana dirənəcək, Avrasiya İttifaqı uğursuzluğa düçar olacaq və Rusiya sonda hüdud əvəzinə sərhədləri olan milli dövlətə çevriləcək.
Sonra, o stabil qonşularla stabil əlaqələr qurmağa çalışacaq. Və əməkdaşlıq qarşıdurmanı əvəz edəcək. Bu baş verəcək, həm də insanların fikirləşdiyindən daha tez. Sərhədlərin xeyrinə, amma ən əsası Rusiya xalqının özünün xeyrinə.
Bu baş verəcək, çünki imperializm layihəsi dünyada internet həvəskarlarının çoxluq təşkil etdiyi müasir Rusiya vətəndaşları arasında absurd kimi dəyərləndirilir.
Bu baş verəcək, çünki neft və qaz gəlirlərindən gələn sonsuz resurslar artıq şist qazı və şist neftinin istismarı ilə təklif olunan perspektivlərlə üzləşir.
Bu baş verəcək, çünki qaz təkbaşına iqtisadi müasirləşməni əvəz edə bilməz.
Bu ədalətin olmaması və korrupsiya səbəbindən baş verəcək.
Bu baş verəcək, çünki bütöv regionlar ayrıseçkilik və zorakılıq yolu ilə özgələşdirilib, çünki Çeçenistan, İnquşetiya, Dağıstan, Tatarıstan və digər ölkələrin xalqları o qədər təqib olunub ki, onlar özlərini Moskva ilə birgə layihələrin tərkib hissəsi hiss etmirlər.
Bu baş verəcək, çünki ümidsizlik, qəzəb, nifrət çox güclüdür və birləşdirmə idealı mövcud deyil.
Bu baş verəcək. Yaxın onilliklərdə yox, yaxın illərdə.
Bundan bir neçə il sonra Vladimir Putin Kremli tərk etmiş və Rusiya siyasi səhnəsindən silinmiş olacaq. Rusiya vətəndaşları onu köhnə vaxtlardan, İmperiya vaxtlarından — korrupsiya və təzyiq vaxtlarından bir ruh kimi xatırlayacaq. Heç kim bu prosesin dinc, yoxsa zorakı keçəcəyini, onun sələfinin millətçi və ya liberal, ya da hər ikisindən olacağını bilmir, amma vacib olan başqa bir şeydir: Rusiya bir daha İmperiya olmayacaq, o nəhayət normal milli dövlət olacaq.
Bu, bizim hamımızın hazır olmalı olduğumuz bir üfüqdür.
Bizim regionumuz qarşıdurma bölgəsi olmağa davam etdiyi müddətdə, keçmişdə əsarət altında olan xalqlar fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, birliyi gücləndirməlidir. Bəzi liderlər, bəzi ölkələr keçmişdə anlayıblar ki, bir xalqın azadlığı bütün əsarət altındakı xalqların azadlığından asılıdır, Pilsudskinin Polşası kimi. O, bütün əsarətdəki xalqları Polşa müstəqilliyinin bayrağı altında birləşməyə çağırırdı. Amma bizim əcdadlarımız heç zaman strateji maraqları hər xalqın suverenliyini qoruyub saxlamaq olduğunu anlayan nəhəng və yetərincə qüvvətli bir gücdən yararlana bilməyiblər. Bu gün, bu cür güc mövcuddur: bu, Avropa İttifaqıdır.
Vilnüs Şərqi Tərəfdaşlıq Sammiti yaxınlaşdıqca, son illərdə dəfələrlə etdiyim bir çağırışı təkrarlamaq istəyirəm. 2008-ci ildə Gürcüstanın işğalına cavab olaraq Şərq Tərəfdaşlığını irəli sürməklə, Aİ bizim xalqlara öz xoşməramlı çətiri altında əməkdaşlıq etmək üçün platforma təklif etdi. Biz buraya daha çox yatırım etməliyik. Ortaq layihələr hazırlamalıyıq, ən əsası da, birlikdə həyata keçirməli olduğumuz mühüm islahatlara diqqət yetirən layihələr hazırlamalıyıq. Çünki islahatlar bizim hamımız üçün dövlətçilik və müstəqillik deməkdir.
II Yekaterina bunu yaxşı bilirdi və Polşa, Fransa və Britaniya maarifçiliyinin qaydalarına riayət edən iddialı islahatlar proqramını uğurla həyata keçirməyə başlayanda o, Böyük Fridrixə (Prussiya kralı) uzun və məxfi bir məktub yazdı. Bu məktub imperialist layihəsinin təbiətini və strategiyasını ən təsirli şəkildə ifadə edən məktublardan biri olub və bu gün də elə qalır.
Məktubda deyilir ki, icra edilməkdə olan islahatlar həm Rusiya, həm də Prussiya üçün təhlükəlidir, çünki onlar Polşanı həqiqi bir dövlətə çevirəcək, onlar buna son qoymalıdırlar, islahatlar tam həyata keçirilənədək Polşaya hücum etmək və onu parçalamaq lazımdır.
Bu məktub Vladimir Putinin son onillikdə Gürcüstanın təcrübələrinə qarşı nə qədər nifrətlə yanaşdığını bilənlərə tanış gələcək. Çünki rusların çoxu sual edirdilər ki, əgər bir vaxt korrupsiyaya qurşanmış, kriminal içində olan Gürcüstan uğur əldə edə bilibsə, niyə Rusiya həmin şeyi edə bilmir? Bu ideoloji cəhətdən təhlükəli layihə idi.
İlk dəfə olaraq, Qafqazda bacarıqlı bir dövlət yaradılırdı və islahatlar öz bəhrəsini verənədək dağıdılmalı idi.
Biz imperiyanın süqutuna hazırlaşmalıyıq
redaktəXanımlar və cənablar,
Birlik Şərqi Avropada, o cümlədən bölünmüş Qafqazda bizim qaydamız olmalıdır.
Mən Abxaziyada müharibənin başlanması ilə bağlı danışmışam, indi isə Qafqazın tarixində çox rəmzi əhəmiyyət daşıyan daha qədim bir hadisəni xatırlatmaq istəyərdim.
Rusiya İmperiyasına qarşı Şamilin başçılıq etdiyi inqilabın sonunda Şamil təslim olarkən, Baysanqur adlı döyüşən sonuncu çeçen lideri yaralanmış və ələ keçirilmişdi. Onu asmağa hazırlaşarkən, rus zabitləri edama şahid olmaları üçün dağıstanlılardan ibarət izdiham topladı. Onlar dağıstanlılardan birinə Baysanquru öldürmək üçün onun üzərində dayandığı stulu çəkməyi əmr etdilər. Onlar bunu etməklə yerli vendettaları alovlandırmaq və iki xalqı bir-birinə qarşı qoymaq istəyirdilər. Bunu görən Baysanqur stulu özü itələdi və günah sayılan intiharı gerçəkləşdirməklə (intihar bütün dinlərdə olduğu kimi, İslamda da günahdır), qonşu xalqlar arasında əlaqələri qoruyub saxladı. Bir uğursuzluqdan başqa, bu strategiya Qafqaz xalqları arasında görün neçə dəfə uğurla nəticələndi?
Buna son qoyulmalıdır. Buna görə də mən prezident olduğum müddət ərzində Şimali və Cənubi Qafqazda insandan-insana ünsiyyəti gücləndirmək üçün bir sıra layihələr, əsasən də təhsilə və universitetlərarası mübadiləyə əsaslanan layihələr irəli sürmüşəm.
Buna görə Gürcüstan parlamenti çərkəz xalqının soyqırımını — dünya tarixinin ən naməlum və faciəvi səhifələrindən birini tanıdı. Bütöv bir xalq onun torpaqları Rusiya İmperiyasına lazım olduğu üçün məhv edilib.
Biz bu kiçik təşəbbüsləri davam etdirməliyik. Biz İmperiyanın süqut edəcəyi vaxta hazırlaşmalıyıq ki, onun nifrətə əsaslanan mirasının öhdəsindən tez gələ bilək. Və biz, Gürcüstan vətəndaşları, Rusiya qoşunlarının bizim işğal olunmuş ərazilərimizi tərk edəcəyi, Moskvanın Tsxinvali və Suxumidən çıxacağı günə hazırlaşmalıyıq. Biz osetin və abxaz yoldaşlarımızı düşmən kimi deyil, bacı və qardaş kimi qarşılamağa özümüzü hazırlamalıyıq.
Çünki həmin vaxt bizim düşündüyümüzdən də tez yetişəcək.
Xanımlar və cənablar,
İkinci səlahiyyət müddətimin sona yaxınlaşdığı bir vaxtda, Gürcüstanın mənim hakimiyyətim dövründə əldə etdiyi bir çox nailiyyətlər haqqında danışmaqdan qürur duyardım.
Biz Gürcüstanı, sözün həqiqi mənasında, qaranlıqdan çıxartdıq, ictimai xidmət sahəsinə görülməmiş şəffaflıq gətirdik, uşaqlarımızı yenidən məktəbə qaytardıq, onları cinayətkarlıqdan uzaqlaşdırdıq. Biz xalqımızı, heç vaxt olmadığı kimi, Avropa arzusuna daha da yaxınlaşdırdıq və şanlı keçmişimizdə Gürcüstanı irəli aparan tolerantlıq ruhunu dirçəltmək üçün yorulmadan çalışdıq.
Biz çoxlu yaxşı işlər gördük. Mən hakimiyyətə gələndə dünyada ən gənc prezident idim, buna görə də, hər bir rəhbər kimi, mən başa düşürəm ki, bəzi işlər bizə çox baha başa gəlib. Daxili və xarici təhlükələr fonunda yeni reallığa qovuşmağa tələsərkən, çıxılmaz nöqtələrə gəldik və səhvlər buraxdıq.
Bəzən biz çox uzağa getdik, bəzən isə kifayət qədər uzağa gedə bilmədik. Mən bütün bu çatışmazlıqlarda öz məsuliyyətimi tam dərk edirəm və işimizdən kifayət qədər fayda görmədiyini və hətta bizim radikal metodlarımızın qurbanı olduğunu hiss edən insanlara görə də səmimi qəlbdən narahatam.
Bütün Gürcüstan vətəndaşlarına — layihəmizi, siyasətimizi, partiyamızı dəstəkləyən və qarşı çıxan hər kəsə demək istəyirəm ki, onların yetkinliyindən və cəsarətindən dolayı onlarla qürur duyuram.
Biz onlara bu layihəni vəd etmişdik, ancaq bunun çox asan olacağına və çox uzağa gedəcəyimizə söz verməmişdik, lakin biz uzağa getdik, çünki xalqımız çox yetkin və cəsarətli idi. Onların verdikləri qurbanlar və göstərdikləri təşəbbüslər qarşısında özümü necə də aciz hiss etdiyimi bu tribunadan demək istəyirəm.
Biz azadlıq və ləyaqətə ortaq sevgi hissinə malik olan bir xalqıq və belə də qalmalıyıq.
Biz əsgərlərimizin Əfqanıstanda verdiyi itkilərə dərin hörmət hissində ortaq olan, onlar həyatını itirdikdə eyni dərəcədə kədəri bölüşən və onların şücaətinə görə eyni dərəcədə qürur hissi duyan bir xalqıq və belə də qalmalıyıq.
Biz öz əsgərlərimizlə fəxr edən bir xalqıq. Onlar sayca yüz qat artıq rus işğalçılarına qarşı duraraq bizə vaxt verdilər ki, biz bütün dünya ilə birlikdə bizim müstəqilliyimizi qoruya bilək. Bu elə bir şeydir ki, Avropanın bizdən daha böyük və daha güclü dövlətləri 20-ci əsrdə bunu edə bilməmişdilər.
Biz demokratik xalqların Avropa ailəsinə qoşulmaq üçün tarixi məqsəd uğrunda birləşən bir xalqıq və belə də qalmalıyıq, o ailəyə ki, oradan bizi heç vaxt ayırmamalıydılar.
Gürcü xalqının azadlığa, regional birliyə və Avropaya inteqrasiyaya doğru çıxdığı yolun sonuna hələ çox var və mən, məğrur xalqın məğrur vətəndaşı kimi, ömrümün hər gününü bu işin uğurla başa çatmasına həsr etməyə davam edəcəyəm.
Xarici keçidlər
redaktəVideo
redaktə- M.Saakaşvilinin BMT-də çıxışı (ing.)
- M.Saakaşvilinin BMT-də çıxışı (rusca sinxron tərcümə)
- M.Saakaşvilinin BMT-də çıxışı (azərb.)
Mətn
redaktə- Çıxışın tam mətni (ing.)
- Çıxışın tam mətni (rus.)