Mollanın
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Ay hazarat, ar etmirəm deməyə,
Çatıbdır yalanı dizə, mollanın.
Çox ustadır qara toyuq yeməyə,
Odur ki sözü var sizə, mollanın.

Evinə gedənin baxır əlinə,
Əl dolusa tez dən verir dilinə.
Xətri istəyəndə gətirdər yenə,
Çıxıbdır hiyləsi üzə, mollanın.

Bir pitik duası min hoqqa bəzər,
İşdi az gəlibsə əl muzdu əgər.
Məmmədhüseyn deyər, çəkəsiz həzər,
Xətəri dəyməsin bizə, mollanın.