Növhə (M.Ə.Rəsulzadə)

Növhə (1906)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Mənbə: “Dəvət-Qoç” qəzeti. №14. 20 iyul 1906. Məhəmməd Əmin Rəsulzadə Əsərləri - I cild (PDF) (az.). 1 may 2024 tarixində arxivləşdirilib (PDF).


Yenə fitnə alıb meydan,
Müftinlər sürür dövran.
Gözəl Qafqaz olur viran.
Qalır hər kəs buna heyran,
                Tərəhhüm[1] eylə ya sübhan,
                Amandır, dada yet rəbbi!

Nədir bu qan, nədir möhnət[2]?!
Ki tutmuş bizləri nükbət[3].
Yapır «şeytan» işi nüsrət[4].
Gedir əldən tamam qeyrət,
               Xudaya! Et bizə rəhmət!
               Amandır, dada yet rəbbi!

Hökumət mayeyi ifsad[5],
Ki qan içməklədir mötad[6].
Bu cəngi eylədi icad,
Ki etsin bizləri bərbad.
               İlahi sən elə imdad!
               Amandır, dada yet rəbbi!

Tökülmüş bu qədər qanlar.
Deyilmi bəs bu qurbanlar?
Nə vəhşilikdir, ixvanlar[7]!
Tələf əmlak olur, canlar
               Olub divanə insanlar.
               Amandır, dada yet rəbbi!

Cəmaət hiylə qurbani,
Olub şad etdi «şeytani».
Fəramuş etdi[8] imani.
Nəhayət sandi dünyanı.
              Axıtdı nahəq al qani.
              Amandır, dada yet rəbbi!

Qədim qonşu, iki millət,
Dolanmış mehrlə[9] hər vəqt.
Nə üz verdi ki, bu hörmət,
Mübəddəl oldu[10] bər xirəd[11]?
              Nə dövrandır bu, nə fürsət?!
              Amandır, dada yet rəbbi!

Sözlük

redaktə
  1. Tərəhhnüm – rəhm etmə, yazığı gəlmə
  2. Möhnət – müsibət, bəla
  3. Nükbət – bədbəxtlik
  4. Nüsrət – 1. zəfər; 2. kömək
  5. Mayeyi ifsad ‒ Fitnə-fəsad salan "katalizator"
  6. Mötad – alışıldığı, bilindiyi kimi
  7. İxvan – qardaş
  8. Fəramuş etmək – unutmaq
  9. Mehr – sevgi, mehribanlıq
  10. Mübəddəl olmaq - dəyişmək, əvəz olmaq
  11. Bər xirəd – aparıcı, rəhbər fikir