Nə bilər (Ağ Aşıq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nə bilər Müəllif: Ağ Aşıq |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Nadan məclisində, naşı yanında,
Ləl xırdala, gövhəri seç, nə bilər?
Bir damlanı sel anlayan qanmaza
Bütün ümman, dəryanı keç, nə bilər?
Axtarsan da yerin yeddi qatını,
Hər kəs göstərəcək öz isbatını.
Namərdə bağışla köhlən atını,
Ya yolunda sən zəhər iç, nə bilər?
Özünü böyüdüb dağ edənlərə,
Şorunu ərimiş yağ edənlərə,
Ağ Aşığın sözün ağ edənlərə,
Xəznədar ol, xəznəni aç, nə bilər?