Nə bilsin (Əsəd Rzayev)

Nə bilsin
Müəllif: Əsəd Rzayev
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Ay üstə, gün üstə söyləyən aşıq,
Türkünü bilməyən, farsı nə bilsin.
Oxumayıb əlif, beydən qanmayan,
Sən verən öyüdü, dərsi nə bilsin.

Özgəsin nə bilər özün bilməyən,
Əyrisin nə bilər düzün bilməyən,
Məclislərdə doğru sözü bilməyən,
İşin avandını, tərsi nə bilər.

Sınıq könül cəfasına dözməyən,
Elm oxuyub ərəb, farsı bilməyən,
Gəşd eyləyib bu dünyanı gəzməyən,
Şamı, Ərzurumu, qarsı nə bilsin.

Əsədnən meydanda qoşa düşməyən,
Aşıqlıq elmindən başa düşməyən,
Ustadın əlindən badə içməyən,
Yeri, göyü, ərşi-gürşü nə bilsin.