Nə deyim
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Qadir Allah, sənsən mənim pənahım,
Qanlı leşkər hücum etsə, nə deyim?
Bu dünyada gizli olan günahım,
Qiyamətdə aşkar olsa, nə deyim?

Bir ağrı ki, başdan yenəndə cana,
Əcəl gəlib ömür yetər bədfəna.
Əzrayıl xışmanın vuranda qana,
Haqq əmridi, canım alsa nə deyim?

Qadir Allah, sən rəhm eylə naçara,
Qoyun necə tab gətirsin bıçağa.
Qoyallar məzara, bükəllər ağa,
İnkir, minkir sual etsə nə deyim?

Bu sözlərim mütəllifə yetməsə,
Qəbul olub həmdi surəm ötməsə.
Kəlmə danışmağı dilim tutmasa,
Əzrayıl gürzünü çalsa, nə deyim?

Məmmədhüseyn doymaz dünya bəhsindən,
Oxumamış əlif beydən, yasindən.
Nəkrailin qilü-qallı səsindən,
Məzar qızıb odla dolsa, nə deyim?