Nə deyirsən? (21.02.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Çay qırağında qəflətən naçar,

Bir quzu oldu bir qurda düçar...

İvan Krılov


Bir dur hələ, saxla, quzu ceyran, nə deyirsən?

Qurd ət yeməsin, ölsün acınnan, nə deyirsən?


Tarix boyu insan sənə məzlum kimi baxmış;

Uddurmalıyıq qurda məgər qan, nə deyirsən?


Homo homini, söylədi romalı, lupus est!

Qurd olmalıdır insana insan, nə deyirsən?


Bax bir necə zülm etmədədir güclü zəifə,

Adət belədir, ay zəif heyvan, nə deyirsən?


Milyonlar ilə insana “viktim” dedi “ovçu” –

Qurd ovçudu, sənsə ona qurban, nə deyirsən?


Atom asılıbdır bəşərin düz başı üstə,

İstərsə basar düyməni şeytan, nə deyirsən?


Teymur, sənə də diş qıcayan çoxdu həyatda,

Zənn eylədin ömrün keçər asan, nə deyirsən?