Nə diyardadı
Nə diyardadı Müəllif: Aşıq Şenlik |
O nədiki, döyülmədən əkilməz,
Şeyda bülbül giribana tökülməz,
Sirrə qədəm basar, ərşə çəkilməz,
Bilinməz məkanı nə diyardadı.
Gah uzanar, gah qısalar dalları,
Özü yaşıl, yarpaqları allanı,
Əmr eyləsə kəsər cümlə yolları,
Ol səbəbdən bir ismidə nardadı.
Qışda bitər, yazda baxmaz vadeyə,
Pay olmuşdu cümlə bəyə, gədaya,
Bir tərəfi qarışıbdı sevdaya,
Ol səbəbdən Şenlik ahu zardadı.