Nə gördümsə
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.218


Ərməğanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Bir yığıncaq gördüm, dedim:
Bəlkə toydur qızlar oynar?
Baxdım ellər batmış yasa,
Nə oynayan, nə gülən var.

Sordum qərib minarədən:
Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?

Belə getsə, о dağlarda
İllər keçər, çiçək bitməz.
О dağları duman basmış,
Duman getməz, yaman getməz.

Coşqun irmaq kənarında
Nə qızlardan bir nişan var.
Nə oğlanlar islıq çalır,
Nə qaynayan, nə coşan var.

Bir dul gəlin könlü coşmuş,
Yol göstərin hanı yarı?!
Oğlan çıxmış dönməz yola,
Nə nəşi var, nə məzarı.

Vicdan mənə əmr edir ki:
Belə gündə bayram etmə!
Quran mənə yol göstərir:
Yoxsulları məyus etmə!..