Nə gözəl imiş

Nə gözəl imiş
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Bir gün bir nazənin gəldi güzara,
Gülgəz simaları nə gözəl imiş.
Qanovuz köynəyi, atlaz qoftası,
Yaşıl basmaları, nə gözəl imiş.

Yoxdu bərabərin sənin dəhirdə,
Nə insanda, nə zərbafda, nə zərdə,
Yaşılbaş sonatək titrəşir sərdə,
Cığalı telləri, nə gözəl imiş.

Söylədiyim sözlər layiqdi dosta,
Dostu görməyəndə qalıram yasda,
Saatı xoş vaxtda yaradan usta,
Çəkibdi xalları, nə gözəl imiş.

Aç hüsnün kitabm oxuyum baş-baş,
Nəqqaşlar çəkmişlər nə gözəl qaş-daş,
Qucubdu zər kəmər qabağından qaş,
O qəddi dalları, nə gözəl imiş.

Qurbanam cananın qələm qaşına,
Abbası salıbdı eşq ataşına,
Nişana alıbdı bağrım başına,
Sancıbdı milləri, nə gözəl imiş.