Nə qədər sən kimi bir qönçədəhanım yox idi
Nə qədər sən kimi bir qönçədəhanım yox idi Müəllif: Əbülhəsən Raci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Nə qədər sən kimi bir qönçədəhanım yox idi,
Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.
Tutiyayi-xəti can nəqdinə alseydim əgər,
Ey gözüm, bil ki, bu sevdada ziyanım yox idi.
Yarə rəmz ilə hamı dərdimi bildirdüm mən,
Kəşfi-raz etməgə hərçənd zəbanım yox idi.
Səri-kuyin mənə dünyadə əta eylədi Həqq,
Çünki üqbadə mənim meyli-cinanım yox idi.
Gördi pürsuz ilə yandı bu gecə halimə şəm,
Çünki bir şəm kimi canı yananım yox idi.
Neməti-vəslüvə sod şükr yetişdüm birənc,
Mənim öz taleyimə hiç gümanım yox idi.
Raci, yazdum qala məndən bu qəzəl namü nişan,
Çünki aləmdə mənim namü nişanım yox idi.