Nə yatıbsan ləhaf bəstər içində

Sənin
Müəllif: Aşıq Pəri
Mirzə Həsənə
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Nə yatıbsan ləhaf bəstər içində,
Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərəzinin mən təbibiyəm
Bəyan eylə mənə əhvalın sənin.

İsmi-şərifiniz dada yetişsin,
Mətləb alıb hər murada yetişsin.
Xaliq özü bir imdada yetişsin.
Hifzində saxlasın zavalın sənin.

Bar ilahım gülzarına qıymasın,
Xəstə olan bimarına qıymasın,
Şirin-şirin göftarına qıymasın,
Bağışlasın qaşi-hilalın sənin.

Bir məsəldir: Bağban olan bar çəkər,
Əndəlibin həm meyli gülzar çəkər,
Allahına bəndə ahü zar çəkər,
Qəm çəkmə, kamildir kamalın sənin.

Mən Pəriyəm, eşqə zaram neyləyim,
Dərdi-dildən xəbərdaram, neyləyim,
Burdan ora intizaram, neyləyim,
Şəfalansın nuri-vüsalın sənin.