Nə yaxşı yara
Müəllif: Aşıq Alı
dodaqdəyməz cığalı təcnis
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Dəsti-canan sayalıdı əzəldən,
Yaranda yaranı nə yaxşı yara.
Aşıq nə ya yaxşı yara,
Dedin nə yaxşı yara.
Yarının qal qeydinə,
İşinə yaxşı yara.
Talesizin rast gələni hardadı,
Nə yaxşı canana, nə yaxşı yara.

Yar eytacı ay nazənin, yaradı,
Can eytacı canda dəhşət yaradı.
Aşiqsənsə, yaradı,
Yarın dərdə yaradı.
Xaliq anın içində
Neçə xilqət yaradı.
Sızlar yara ərz edəndə yar adı,
Yar, dəydi sinədə nə yaxşı yara.

Yad nəzər eyləyər yara daldadan,
Naqis xəncər atar yara daldadan.
Aşiq yara daldadan,
Ayar yara dal dadan.
Dayan dəhan-dəhana,
Denən yara daldadan.
İstəyirsən, şərrat yarat daldadan,
Alı erkən yetdi nə yaxşı yara.