Nədi (Şair Aydın)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nədi Müəllif: Şair Aydın |
Ay ağalar gəlin sizə ərz edim,
Söz qanana bu dünyada var nədi?
Dünya bir bostandı, pozular gedər,
Yemiş nədi, qarpız nədi, nar nədi?
Bu dünyada çox-çox şirin mal olar,
Tamahkarlar halı müşgül hal olar.
Qol burular, qulaq batar, lal olar,
Qohum nədi, qardaş nədi, yar nədi?
Kimi qaynar, kimi coşar, tökülər,
Kimi cavan ölər, qəddi bükülər.
Axirətdə bizə bir ev tikilər,
Qapı nədi, baca nədi, dar nədi?
Yığışanda bir beşimiz, onumuz,
Yön çevirək qibləgaha hamımız.
Beş arşınlıq bezdi bizim donumuz,
İpək nədi, atlaz nədi, tor nədi?
Aydın deyər, bu dünyada sürünək,
Rüsxət yoxdur bir də gələk görünək.
Altı saldı, üstü sərvət, bürünək,
İsti nədi, soyuq nədi, qar nədi?