Nədi (Aşıq Heydər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nədi (Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Boy-buxun, sir-sifət, cavanlıq səndə,
Bulud tək tutulub dolmağın nədi?
Dərd-sərini söylə, bir biz də bilək,
Heyva tək saralıb solmağın nədi?
Qaradan qaradı o baxt dediyin,
Əlbət ki, varlıdı xoşbəxt dediyin.
Yerini alarmı hər vaxt dediyin,
Dərdi sinən üstə almağın nədi?
Aşıq Heydər deyər, bir az tab elə,
Aç sinədəftərin, bir kitab elə.
Səxalı bəylərə bir xitab elə,
Baxtın qarasında olmağın nədi?