Nədi (Dəllək Murad)

Nədi
Müəllif: Dəllək Murad
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Mən fələyin şərbətini içmişəm,
Həmdəm olan, gəl halımı gör nədi?
Bu dünyada bostan olur sovulur,
Yemiş nədi, çiçək nədi, bar nədi?

Yığılaq bir yerə beşü onumuz,
Qibləyə çevrilsin bizim yönümüz,
Beşcə arşın bez olacaq donumuz,
Atlas nədi, bafta nədi, zər nədi?

Beyin qaynar, sümük coşar tökülü,
Gəmik zail olub çox bel bükülü.
Məhşər günü bizə bir dam tikili,
Eşik nədi, baca nədi, dər nədi?

Dəllək Murad, gözlər doymaz sürmədən,
Qəbrə girər aşıq yarın görmədən,
Altı torpaq, üstü daşlı hörmədən,
İsti nədi, soyuq nədi, qar nədi?