Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/1-ci məktub

Nəhcül-bəlağə. 1-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
2-ci məktub


İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul-uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı və onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə çağırdı. Məktubu Kufəyə imam Həsən və Əmmar ibn Yasir ilə göndərdi.)
Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yardımçı və ərəbin şərafətlilərindən olan Kufə əhlinə:
Allaha həmd və Peyğəmbərə salamdan sonra, mən sizi Osmanın işindən (və onun öldürülmə səbəbindən) elə xəbərdar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar və görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin və nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh və asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad və qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim və) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir və davranışını dəyişməyə çağırırdım.)(amma) Təlhə və Zübeyrin onun barəsindəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətləndirmək idi.[1] Həmçinin Aişə fikirləşib düşünmədən, qəflətən onun barəsində qəzəbləndi.[2] Sonra (Təlhə, Zübeyr və Aişə camaatı onu öldürməyə sövq etdilər və) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə də onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah və məcburiyyət olmadan öz meyl və istəyi ilə mənə bey’ət etdi. (Bəs görəsən Təlhə, Zübeyr və onların ətrafındakıların mənə qarşı çıxmalarının və fitnə və çaxnaşma yaratmalarının səbəbi nədir?!)
Və bilin ki, (Təlhə, Zübeyr və Aişənin fitnələri nəticəsində) hicrət diyarı (Mədinə) boşalıb və əhalisi ondan uzaqlaşıb. (Mən naçar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Kimi qaynayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik və asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir və imamınıza doğru tələsin (ona kömək və yardım edin) və Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr və onların ətrafındakılarla) müharibə etməyə çalışın.

Şərhlər

redaktə
  1. Onlar Osmana nəinki heç vaxt öyüd-nəsihət vermirdilər, əksinə, həmişə fətnə-fəsad yaratmaq fikrində idilər. Buna görə də camaatı yaxın-uzaq yerlərdən toplayaraq onu öldürməyə həvəsləndirirdilər. Belə ki, Zübeyr deyirdi: Onu öldürün, o, sizin dininizi dəyişdirib. Osman öz evində mühasirədə olarkən belə deyirdi: Vay olsun Təlhəyə! Mən ona hər cür hörmət etdim, o isə indi mənim qanımı tökmək fikrinə düşüb.
  2. O, Osman beytülmalı ancaq öz qohum-əqrəbası arasında bölüşdürdüyü üçün özündən çıxdı və camaatı onu öldürməyə vadar edərək dedi: «» «Nə’səli öldürün, Allah Nə’səli öldürsün!» Yəni, bu axmaq şeyx və ağılsız qocanı öldürün! Allah onu öldürsün! Nə’səl Mədinədə yaşayan uzunsaqqallı bir yəhudinin adı idi. Aişə belə deməklə Osmanı ona bənzədirdi. Rəvayət edilib ki, bir gün Osman minbərə çıxmışdı və məscid cəmiyyətlə dolu idi. Aişə pərdə arxasından əlini çölə çıxartdı və Həzrət Peyğəmbərin nə’leyn və köynəyini camaata göstərərək dedi: Bunlar Peyğəmbərin nə’leyn və köynəyidir və onlar köhnəlməmiş sən onun din və sünnəsini dəyişdirmisən. Onlar orada bir-birlərinə kobud sözlər dedilər.