Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/105-ci xütbə

104-cü xütbə Nəhcül-bəlağə. 105-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
106-cı xütbə


İmam Əli əleyhis-salamın (İslam dinini vəsf və Həzrət Peyğəmbəri mədh etdiyi, həmçinin öz səhabələrini Müaviyə və Şam qoşunu ilə döyüşdə səhlənkarlıqlarına görə məzəmmət etdiyi) xütbələrindəndir. Həmd İslamı (onun həqiqətlərini bütün ağıllı insanlar üçün) aydın və aşkar edən, ona qədəm qoyan (müsəlman olan) üçün onun bulaqlarının yollarını asanlaşdıran, heç kəsin (münafiq və kafirlərin) üstün və qalib gələ (aradan götürə) bilməməsi üçün onun sütun və dayaqlarını (kök və qollarını əqli və elmi dəlil kimi iki sütun üzərində quran) möhkəm və güclü edən Allaha məxsusdur. Özünü İslama bağlayan (onun göstərişinə uyğun rəftar edən) üçün dünyada qətl, qarət və oğurluqdan, axirətdə isə əzabdan əmin-aman (bir yer), ona qədəm qoyan (müsəlman olan və Allahın birliynə, Həzrət Peyğəmbərin Onun elçisi olduğuna şəhadət verən kafir) üçün sülh və barışıq (nişanəsi), onun vasitəsilə söz danışan üçün dəlil və sübut (çünki İslamda hər bir işin həqiqiliyinə dair dəlil-sübut var), onun danışanı ilə düşmənçilik edən üçün şahid və sübut, ondan aydınlıq istəyən (doğru yola qədəm qoyaraq azğınlığın zülmətindən xilas olmaq istəyən) üçün nur və (yol göstərən) işıq, düşünən üçün (varlığın həqiqətlərini dərk etməyə) fəhm, (yaradılmışlar barədə) təfəkkür edən üçün ağıl, fərasətlə haqq yolunu axtaran üçün nişanə (nicat), (səhv iş görməmək barədə) qərar qəbul edən üçün bəsirət, öyüd alan üçün ibrət, (onun doğruluğunu) təsdiq və etiraf edən üçün (əzabdan) nicat qapıları və təvəkkül, (Allaha) etimad edən üçün əminlik, (işini Allaha) həvalə edən üçün asayiş və (çətinliklərdə) dözümlü olan üçün sipər etdi. Deməli, İslam yolların ən işıqlısı və dinlərin ən aydınıdır. Onun minarəsi (doğruluq və düzlüyü) yüksəkdə (aşkarda), yolları parlaq (görünən), çıraqları (Həzrət Peyğəmbər və o Həzrətin vəsiləri nadanların qəlblərinin zülmətinə) işıq saçandır, yarış meydanında öndədir və sonu (Allah dərgahına yaxın olmaqda) ucalıqdır. Yarış atlarını (süvariləri Allah dərgahına yaxınlaşmaq üçün bir-birindən önə keçsinlər deyə) bir yerə yığandır. Onun yarışı üçün təyin olunmuş mükafat o qədər nəfis və gözəldir ki, hamıda ona rəğbət vardır. Onun at çapanları şərafətli və alicənab, yolu (Allahın və Peyğəmbəri) təsdiq, nişanəsi saleh əməllər, sonu (məsuliyyətin boyundan düşdüyü an olan) ölüm və hazırlıq meydanı dünya, cıdır düzü qiyamət, mükafatı isə cənnətdir.


Bu xütbənin bir hissəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir

(Həzrət Peyğəmbər ilahi hökmlərin təbliğinə çox səy göstərərək) hidayət və nicat atəşinin şölələrini alovlandırdı ki, iqtibas götürən ondan faydalansın və (hidayət) nişanəsini (elm və maarif dağının zirvəsində) işıqlandırdı ki, (karvandan uzaq düşən), yolda qalıb sərgərdan olan yol tapsın (əbədi xoşbəxtlik qazansın). (İlahi,) o Həzrət (peyğəmbərliyin təbliğində) Sənin doğru əməl sahibi və əmanətdarın, qiyamət günündə (bəndələrin halətlərinə) şahidin, Sənin tərəfindən (yaradılmışlar üçün) seçilmiş nemət və bəxşiş, (camaat üçün) rəhmət və mehribanlıq olan haqqa, doğruluğa göndərdiyin elçindir. İlahi, Öz ədalətinlə onun qismət və bəhrəsini (yaxınlıq və məqamının ən yüksək həddini) nəsib et, ona Öz fəzl və kəramətinlə böyük mükafat və saysız-hesabsız nemətlər əta et. İlahi, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfləri olan peyğəmbərlərin dinindən) uca (zahir və qalib) et, onun nemət süfrəsini (risalətin təbliğində zəhmət və əziyyətlərinin mükafatını) Öz yanında əziz et. Məqam və mənzilini dərgahında yüksəlt və onu böyüklüyün ən yüksək həddinə çatdır, (bütün yaradılmışların müqabilində) üstünlük əta elə! Bizi onun ümməti və dostları (möminlər və pərhizkarlarla) məhşur et ki, (günah və itaətsizlikdən) xəcalətli, (pis əməllərdən) peşman, (doğru yoldan) azmış, əhdini pozan, yoldan azdıran və (bəla, çətinliklə) sınanmışlardan olmayaq. (Seyyid Rəzi buyurur:) Xütbənin bu fəsli daha öncə (yetmiş birinci xütbədə) bəyan olunsa da iki rəvayətdə fərq olduğuna görə burada bir daha təkrar vermişik.

Bu, xütbənin öz səhabələrinə buyurduğu (onları Müaviyə və Şam qoşunu ilə döyüşmədiklərinə görə danladığı) hissəsidir

(Siz kafir, bütpərəst və qədir-qiymətsiz olduqdan sonra) Allahın kəramət və nəvazişi nəticəsində məqam, rütbə və böyüklük tapdınız. (Heç bir əhəmiyyəti olmayan) kənizləriniz əzizlənir, qonşularınız (sizinlə müqavilə bağlayan kafirlər) həmin ilahi kəramətdən bəhrələnir, (buna görə də canları, mal və namusları hər bir təhlükədən qorunur), onların müqabilində heç bir fəzilətə və (əsl-nəcabətcə) məziyyətə sahib olmadığınız halda və heç bir yaxşılıq etmədiyiniz kəslər sizlərə təzim edərək baş əyirlər. Sizin qələbə və hakimiyyətinizdən qorxusu olmayanlar, səltənət və hakimiyyətinizin çatmadığı kimsələr sizdən qorxurlar. İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara (Müaviyə və ardıcıllarına) verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz. (Lakin bilin ki, bu hakimiyyət və qüdrət onlara qalmayacaq.) Allaha and olsun, sizləri hər bir ulduzun altına səpsələr də (şəhərlərə dağıtsalar da) Allah-təala sizi onların ən pis günü üçün bir yerə yığar (ki, onlardan necə intiqam alındığını görəsiniz).