Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/119-cu xütbə

118-ci xütbə Nəhcül-bəlağə. 119-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
120-ci xütbə


İmam Əli əleyhis-salamın (özünü və mə’sum İmamlar əleyhimus-salamı mədh, camaata, onlara itaət etməyi əmr etdiyi, saleh əməllərə həvəsləndirdiyi və qiyamət gününün əzabının ağırlığını xatırlatdığı) kəlamlarındandır. Allaha and olsun, göstərişləri çatdırmağı, vədlərə vəfa etməyi və bütün mənaları (Qur’ani-Kərimin təfsiri və tə’vilini) öyrəndim (Həzrət Peyğəmbər mənə öyrətdi). Elm və mərifət (biliklər və Allahı tanımağın) qapıları, (dində və dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin (İmam və o böyük insanın on bir övladının əleyhimus-salam) yanındadır. (Deməli, əbədi səadətə çatmaq və bədbəxtlikdən xilas olmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir.) Agah olun! Böyük Allahın dininin hökm və qanunları bir (bizim dediklərimiz elə Allahın Peyğəmbərinin buyuruqlarıdır və onlarda fərq yoxdur) və yolları isə hamardır (onda əyri-üyrülük, yəni, azğınlıq yoxdur). (Deməli,) hər kim bu hökmlərə tabe olub bu yola qədəm qoydusa, haqqa qovuşub ondan bəhrələndi. Hər kim bunu qəbul etmədisə (hökmlərə itaət etməyib bu yola qədəm qoymadı), azğın və peşman oldu. Azuqələrini onun üçün toplandığı və fikirlərin (yaxşı və pis niyyətlərin, şər və xeyir əməllərin) aşkar olduğu gündən (qiyamətdən) ötrü (Allah Peyğəmbər və mə’sum İmamların göstərişinə) əməl edin! Hər kimsəyə onun başındakı ağıl və düşüncəsi xeyir yetirməsə, ondan uzaqda, gizlində olan ağıl xeyir verməkdə daha aciz olar. Hərarəti yüksək, dərinliyi çox, bəzəyi dəmir və içməyi zərdab olan oddan qorxun. Agah olun! Camaatın arasından Allah-təalanın bir kimsəyə əta etdiyi yaxşı ad ona minnətdar olmayan kimsə üçün miras qoyduğu var-dövlətdən daha yaxşıdır.