Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/125-ci xütbə

124-cü xütbə Nəhcül-bəlağə. 125-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
126-cı xütbə


İmam Əli əleyhis-salamın Əmr ibn As və Əbu Musanın qəzavətinə razılaşdıqlarını inkar etdikləri vaxt buyurduğu sözlərdəndir. Onda öz səhabələrini məzəmmət edərək buyurur: İnsanları hakim etmədik, əksinə, Qur’anı hakim qıldıq. Bu Qur’an iki cildin arasında yazılmış və dil açıb danışmayan xətdir. Ona (məqsədini bəyan etmək üçün) tərcüməçi lazımdır və ondan söz danışanlar insanlardır. Şam əhli bizdən Qur’anı aramızda hakim etməyi istədi. (Xahişlərini qəbul etdik, çünki) Allahın kitabından üz döndərənlərdən (Onun hökmünə tabe olmayanlardan) deyildik. Allah-təala da (Qur’ani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) buyurub: فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ «Əgər bir işin üstündə mübahisə və düşmənçilik etsəniz, (onun islahı üçün) Allaha və Peyğəmbərə (Qur’ana və sünnəyə) müraciət edin». Münaqişə və düşmənçilik zamanı Allaha müraciət etməyimiz Onun kitabına uyğun hökm çıxarmağımız, Peyğəmbərə üz tutmağımız isə onun sünnəsini və yolunu tutmağımız deməkdir. Əgər doğruluqla Allahın kitabından hökm çıxarılarsa (öz rəyinə uyğun təfsir və nadürüst izah deyil, Onun həqiqətlərini bəyan etmək istəsələr), o hökmə (İmamətə və xilafətə) biz (İmam əleyhis-salam və o Həzrətdən sonrakı İmamlar) hamıdan daha layiqik. Əgər Allahın Peyğəmbərinin sünnəsinə əsasən hökm verilsə, biz o hökmdə camaatdan daha üstünük. Deyirsiniz ki, özünlə onlar (Şam əhli) arasında hakimlik üçün möhlət qoydun (ki, iş bu yerə gəlib çatdı. Həmin gün və ya həmin həftə əmr etməliydin ki, Allahın kitabına nəzər salıb hökmü aydınlaşdırsınlar. Cavab budur:) Möhlət verdim ki, cahil götür-qoy etsin və alim güclənsin, bəlkə bir-birindən əl çəkib mehribanlaşdıqları bu müddətdə Allah-təala bu ümmətin işini islah etdi. Nəfəs yolları tutulmasın (haqqa çatmaları üçün onları məcbur etməyim) ki, haqqı tanımaq üçün tələsib (düşünüb araşdırmadan əleyhimizə olan və bizə qarşı döyüşə çalışan) ilk azğınların ardınca getməsinlər. (Onlara möhlət verdim ki, bu işi düzgün araşdırsınlar.) Həqiqətən də Allah yanında insanların ən üstünü odur ki, haqq ona ziyan yetirib kədərləndirsə də, batilsə ona xeyir verib faydaya yetirsə belə haqqı batildən çox istəsin. Belə isə nəyə görə dalğın və sərgərdansınız, sizləri haradan gətiriblər (ki, öz İmam və rəhbərinizi tanımayaraq belə çirkin sözlərlə onun əleyhinə çıxırsınız)? Haqdan (uzaq düşərək) mat-məəttəl qalan, didərgin düşərək onu görməyən, zülmə və sitəmə ürcah olub ondan dönməyən, Allahın kitabından uzaq olan (onu başa düşməyən), (doğru) yoldan çıxan bir dəstə ilə (şamlılarla) döyüşə getməyə hazır olun. (Ancaq əfsus ki,) siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun (qeyrətiniz yoxdur ki, sizdən kömək istəyim), nə də (çətinə düşəndə) yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız (düşmənin istilasının qarşısını almırsınız). Off, sizin əlinizdən! (Çirkin söz və əməllərinizdən təngə gəldim.) Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün (dinə kömək üçün) sizi çağırır, bir gün isə (düşmənlə döyüşmək barədə) sirrini deyirəm. Çağrıldıqda (mənə cavab vermək üçün) azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz (ki, mənim sirrimi saxlayıb faş etməyəsiniz).