Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/127-ci xütbə
←126-cı xütbə | Nəhcül-bəlağə. 127-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
128-ci xütbə→ |
İmam Əli əleyhis-salamın yenə də Xəvaric barədə buyurduğu kəlamlarındandır: Sizin (mənimlə) müxalifliyiniz (iki hakimi təyin edib onların qəzavəti ilə razılaşmaqla) xəta edib yolumu azmağımı güman etdiyinizə görədirsə, nəyə görə Məhəmmədin (səlləllahu əleyhi və alih) bütün ümmətini də (öz gümanınızda) mənim azmağımla azğın sanır, onlara mənim xətama görə yanaşır, mənim günahıma görə (onları) kafir adlandırırsınız? (Belə ki,) çiyinlərinizdəki qılınclarınızı həm sağlam, həm də xəstə yerlərə endirir, (öz zənninizlə günahkar sandığınızı da, təqsirsizi də öldürürsünüz. Öz gümanınızda) günah edənlə günahsızı qarışdırırsınız. (Müqəddəs İslam şəriəti, böyük günah törətmiş olsa belə, heç kəsi kafir saymasa da hamını kafir hesab edirsiniz. Necə ki,) bilirsiniz, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) arvadı ola-ola zina edəni daş-qalaq edib sonra onun namazına durardı (sizin əqidənizə görə isə varis müsəlman olsa belə, küfr irs çatmasının qarşısını alar), mirasını (onun) yaxınlarına verərdi. Qatili öldürüb irsini varisləri arasında bölər, oğrunun əlini kəsər, arvadı olmayan zinakara qamçı vurardı. Bundan sonra isə müsəlmanların qənimət götürdüklərindən onların payını verər, onlar da müsəlman qadınlarla nigah bağlayardılar. Deməli, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onları (kafir saymayıb, əksinə,) onlarla günahlarına uyğun rəftar edib, onlar barədə Allahın haqqını yerinə yetirmiş, onların İslamdakı paylarının qarşısını almamış və adlarını müsəlmanların arasından çıxarmamışdır. Deməli, (bundan sonra onları pisləyib danlamaq üçün buyurur) sizlər şeytanın öz azğınlıqlarına (nadanlıq və öz nadanlığına inanmamağa) atdığı, heyrət və səfilliyə məcbur etdiyi ən pis insan və ən pis camaatsınız. (Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah və ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mö’tədil dəstədəndirlər. Belə isə bu mötədil dəstəyə yoldaş olub böyük kütlənin (adil sultanın ardıcıllarının) ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bid’ət yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Bid’ətçini mən olsam belə öldürün. Bundan sonra qəzavət barədə buyurur:) İki hakim Qur’anın diriltdiklərinə həyat vermək, öldürdüklərini dəfn etməkdən qeyri bir iş üçün təyin olunmadılar. Qur’anı diriltmək onunla həmməqsəd olmaq (ona əməl etmək), onu öldürmək isə ondan ayrılmaqdır (ona uyğun rəftar etməməkdir). Əgər Qur’an bizi onlara doğru çəksə, onların arxasınca gedək, onları bizə tərəf çəksə, bizim arxamızca gəlsinlər. Belə isə ey atasızlar, mən şər iş görüb sizi aldadıb, səhvə düçar etmədim. Əksinə, bu iki kişini (Əbu Musa və Əmr ibn Ası) seçmək öz fikriniz idi. Biz də onlardan Qur’andan kənara çıxmayacaqları barədə əhd-peyman aldıq. Hər ikisi haqqı gözləri ilə görsələr də yollarını azaraq haqdan əl çəkdilər. Onların zülm və sitəmləri (Allahın qanunlarına zidd rəftarları) nəfslərinə görə idi və ona uyğun da rəftar etdilər. Qabaqcadan (sülhnamədə) əhd-peyman aldıq ki, hakimiyyət ədalət və düzlük üzərində qurulmalı, haqqı nəzərdə tutmalıdır. Ancaq onların pis fikirli olmaları və zülm, sitəmlə hökmranlıq etmələri bizimlə onların arasına ayrılıq saldı. (Müqaviləyə zidd rəftar etdiklərinə görə pislənməyə və danlağa layiqdirlər.)