Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/133-cü xütbə

132-ci xütbə Nəhcül-bəlağə. 133-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
134-cü xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya sitayiş barəsində) xütbələrindəndir. Dünya və axirətin itaəti və cilovu (təvazökarlığın son həddi ilə) Allah-təalanın qüdrətinin əlindədir. (Sarvan dəvənin cilovunu istədiyi tərəfə çəkdiyi kimi, Onun da istədiyi şey olar.) Göylər və yerlər öz açarlarını Ona təhvil vermişlər (Ondan başqa qeyrisinin onlara təsiri və sahibliyi yoxdur). Yamyaşıl ağaclar hər səhər erkən Ona səcdə qılırlar (dilə gələrək Ona sitayiş edirlər). Onun əmrilə ağaclar budaqlardan işıq saçan (şöləli) alovlar yandırar. Və həmin ağaclar Onun iradəsi, təkvini əmrləri ilə yeməli, yetişmiş meyvə verirlər.

Bu xütbənin (Qur’ani-Kərimin əzəməti barədə) bir hissəsidir

Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər).

Bu xütbənin (Həzrət Peyğəbmərin vəsf edildiyi) bir hissəsidir

Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi. (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər.) Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi.

Bu xütbədən (dünyanı görmək və axirəti istəmək barəsində) bir parçadır

Dünya qəlbi korların görməklərinin son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır). Gözüaçıq insanlar isə gözünü düzgün açıb onu (faniliyini və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Deməli, gözüaçıq nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın qalmaq yeri olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyinə görə) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə göz yumar).

Bu xütbənin (Allahın Kitabına söykənmək barədə) bir hissəsidir

Bilin ki, o (kor qəlbli dünyapərəst), yalnız həyatda yaşamaqdan başqa sahib olduğu hər şeydən doyar, usanar. Çünki ölümdə rahatlıq tapmaz (dünyada Allahın və Peyğəmbərin əmrlərinə uyğun rəftar etmədiyinə görə ölümdən sonra rahatlıq tapmaz). Dünyada bəsirətli olmaq (ölümdən sonra olanlara inanmaq) hikmət mislində olmaqdan başqa bir şey deyil. O, kor qəlb üçün həyat və yaşayış, kor göz üçün bəsirət, kar qulaq üçün eşitmə, (ilahi rəhmətə susayan) təşnə üçün doymaq deməkdir. Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. (Qur’ani-Kərimdir). Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Qur’anın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) öz aranızda kin saxlamaq üçün birləşmisiniz və heyvanlarınızın peyinində ot bitib. (Sizin bir-birinizlə dostluğunuz üzdə yam-yaşıl, əslində isə iyli, əziyyətverici təzək üstündə bitib və heç kəsin meyl salmadığı ot kimidir). Arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və (nəfsi-əmmarə ilə) aldadaraq azdırmışdır. Özüm və sizlər üçün (şeytanın şərindən və nəfsi-əmmarədən xilas olmaqdan ötrü) Allahdan kömək istəyirəm.