Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/138-ci xütbə

137-ci xütbə Nəhcül-bəlağə. 138-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
139-cu xütbə


İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir. Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Qur’anı öz düşüncə və rəyinə çevirdiyi vaxt rəyi Qur’ana qaytaracaq.

Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır

(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan (və ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların və fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin və onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir). Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək. Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Qur’anın hökmlərini və Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).

Bu xütbənin bir hissəsidir

Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar. Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər və kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək. (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini və fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Qur’an və sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı və Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya və axirətdə çarəsiz və zavallı olasınız).