Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/14-cü məktub

13-cü məktub Nəhcül-bəlağə. 14-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
15-ci məktub


İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib və onları qadınları incitməkdən çəkindirib). Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var. Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir. Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi də döyüşə vadar etsələr və) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – zamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.