Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/150-ci xütbə

149-cu xütbə Nəhcül-bəlağə. 150-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
151-ci xütbə


İmam Əli əleyhis-salamın (özündən sonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zaman əccələllahu fərəcəhun qeybə çəkilməsindən xəbər verdiyi) xütbələrindəndir. (Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yollarına. (Dinləyənlər bu sözdən heyrətə gələrək bu hadisələrin nə vaxt baş verəcəyini Həzrətdən soruşanda buyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundan sonra aşkar olacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır! Sabahın nişanələri (o zamanların çatacağı və həmin pozğunluqların baş verəcəyi zəmanənin insanlarının əməlindən aydın görünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllah fərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığa düçar olanı xilas etsin) və bir əsiri (cəhalət və nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz. Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğru yola gəlib xilas olacaq və o Həzrətin ardınca getməyə hazır olacaq. Belə ki,) onların gözləri Qur’anın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Qur’an ayələrini oxuyub dərindən düşünəcək, təfsirini öz əhlindən öyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər. Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir

(Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü və insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah və itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi. Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis və başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar. (Həzrət Peyğəmbər öz səhabə və ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə və düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keçməyi böyük saymadılar. (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa və şəhvətə görə deyil, Allaha və Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdılar. Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular. (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular. Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər. Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili və nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik və azğınlıq qapıları, fitnə-fəsadın, din və dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər və dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət və nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab və cəzasından) qafil idilər. Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol və qurtuluşdan) uzaqlaşdılar.