Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/152-ci xütbə

151-ci xütbə Nəhcül-bəlağə. 152-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
153-cü xütbə


İmam Əli əleyhis-salamın (tovhid və Allahın sifətləri haqqında) xütbələrindəndir. Həmd o Allaha məxsusdur ki, yaratdıqlarının vasitəsilə Öz vücuduna və varlığına yolgöstərəndir. Yaratdıqlarının sonradan əmələ gəlmiş və yeni yaranmış olması Onun əzəliliyinə və başlanğıcının olmamasına dəlalət edir. Yaranmışların bir-birinə bənzəməsi Onun misli olmadığını göstərir. Hisslər Onun əslinə vara bilməz. Örtüklər Onu örtməz. Çünki Xaliqlə məxluq, Hədd-hüdud təyin edənlə təyin olunmuş və məhdud, Yaradanla yaradılmış arasında fərq var. (O Allaha şükrlər olsun ki,) Birdir, hesabla saya gələn deyil. Yaradandır, hərəkətsiz və əziyyətsiz (çünki hərəkət və dəyişmə mümkünül-vücuda xasdır və vacibül-vucudda qeyri-mümkündür). Eşidən və görəndir, qulaq (eşitmə) aləti olmadan və göz hədəqəsi çevrilmədən. (Çünki alət ehtiyac tələb edir.) Hüzuru var, görüşlə (və yerin yaxınlığı ilə) deyil və ayrıdır, yolun uzaqlığı ilə deyil. (Öz zatında hər şeydən başqadır, çünki O kamalın fövqündədir və Ondan qeyrisi son dərəcə nöqsanlıdır.) (Qüdrətin nişanəsi ilə) görünəndir, görməklə deyil. (Zatının əsli) gizlindir, lətafətinə (həcminin kiçikliyinə və dərisinin şəffaflığına) görə deyil. Əşyadan ayrıdır, (yaratmaq və yox etməkdə) onlara qalib, üstün, qüdrətli olmaqla (necə ki, «vacib»in şə’ninə layiqdir). Əşya Ondan ayrıdır, təvazökarlıq və Ona doğru qayıtmaqla. Onu (zatından törəmə sifətlərlə) vəsf edən Onu məhdud sanmışdır (Onun üçün məkan təyin etmişdir). Onu məhdud sanan isə Onu sayar (ədədlərə və çoxluqlara salar). Onu sayan (çoxluğun başlanğıcı və hissəsi hesab edən) Onun əzəli olmasını (inamını) pozmuşdur. «Necədir?» deyən Onu (zatından törənən sifətlərlə) vəsf etmək istəmişdir. «Haradadır?» deyən Onun üçün məkan ayırmışdır. Məlum, yaradılmış və qüdrət verilmişlər olmadığı vaxt bilən, yaradan və qüdrətli olmuşdur. (Çünki Onun zatı kamalı ilə eynidir. Deməli, O, əzəli və əbədi bilən, yaradan və qüdrətlidir.)

Bu xütbənin (xəlifəliyin o Həzrətə keçməsi, yol göstərən İmamların mədhi və camaata nəsihət barəsində olan) bir hissəsidir

(Agah olun) günəş (İmam əleyhis-salamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq) düzəldi (aradan getdi). Allah-təala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa bir dəstəyə (İmam əleyhis-salam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik. (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki) rəhbərlər (on iki İmam əleyhimus-salam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-təala tanınır və Ona sitayiş olunur. Buna görə də) onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz. Onlar da onu (onlara müti və tabe olmasını) tanısınlar. Onları inkar edən və Onların da (ədavət və düşmənçiliyinə görə) özlərindən saymadığı kimsədən başqa heç kəs atəşin içinə girməz. Allah-təala sizləri İslam üçün ayırıb, sizin onun üçün (çirkinlik, küfr və şirkdən) pak və layiq olmanızı istəyib. Bu, İslamın adının (dünyanın fitnə-fəsad və çətinliklərindən, axirətin əzabından) salamatlıq olduğuna və böyüklüyü, başucalığı ehtiva etdiyinə görədir. Böyük Allah onun yolunu (Məhəmmədin şəriətini digər yollardan və peyğəmbərlərin şəriətlərindən) üstün (onunla digər dinləri qüvvədən salaraq, İslamı dünyanın sonuna qədər saxladı) və zahiri elmdən (Qur’an və sünnədən) və batini hikmətdən (əqldən) ibarət olan dəlillərini (həqiqətlərini) aşkar etdi. Onun əsrarəngizliyi (alimləri və bilik sahiblərini heyrətə salan əlamət və nişanələri) məhv olub aradan getməz. Onda (ölmüş qəlblərə təravət gətirən, bunun nəticəsində müsəlmanların böyüklüyə və xoşbəxtliyə çatdığı) nemətlərin bahar yağışı mövcuddur, zülmətlərin çıraqları (yol göstərən İmamlar əleyhimus-salam) ondadır. Yaxşılıqların qapısı onun açarlarından (hökmlərinə tabe olmaqdan) qeyri bir açarla açılmaz (dünyadakı rahatlıq, böyüklük və əbədi cənnət qazanılmaz), qaranlıqlar (azğınlıq) onun çıraqlarından (əsl din rəhbərlərinin buyurduqlarına əməl etməkdən) başqa bir şeylə yox olmaz. Allah onun haramlarını qadağan etdi, örüşlərini bitirdi. (Onun mubahatını, yəni, onun halal olanlarını qadağan etmədi.) Ondadır şəfa axtaranların şəfası (nadanlıq və azğınlıq xəstəliklərinin əlacı) və (dünya və axirətdə) ehtiyacsız olmaq istəyənin ehtiyacsızlığı. (Müqəddəs İslam dininin ardınca gedən azğınlıq xəstəliyindən şəfa tapar, dünya və axirət səadətindən məhrum qalmaz.)

Bu xütbənin (azğınlıq yolunda sərgərdan qalan insanın təsvir edildiyi) bir parçasıdır

Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.

Bu xütbənin (günahkarlar barədə söylənilən və eşidənlərə öyüd olan) bir hissəsidir

(Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət və itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab və bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq və sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri və əldə etdikləri şeydən (dünyanın ləzzəti və xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü və sizi bu hadisədən (səfillik, əzab və çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət və şadlığına bel bağlamayın). İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə və ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər və pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun və (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha və peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur və dərələrə (nəfsi istəklərə) düşməkdən və (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına iş görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) və ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) və xəbərsizliyindən (çirkin əməl və sözlərinin cəzasından) oyan, (qalımlığı və varlığı az, məhvi və yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi və o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona və əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən və diqqətini ondan qeyrisinə (şeytana və nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq və bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya və axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür və xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə də əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla və (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha və peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət və ibadətə) çalış və heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər və mə’sum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.) Allah-təalanın Qur’anda (ona əməl edənlərə) mükafat verdiyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) və onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi və qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət və bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət və sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq. (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq. (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək. (Dördüncüsü) öz dinində bid’ət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq. (Beşincisi) camaatla nifaq və ikiüzlülüklə görüşmək və ya onların arasında iki dildə danışmaq. Bu (xatırlanan) məsəlin əzəmət və böyüklüyünü başa düş və onu düşün. Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir. (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:) Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun və ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik və başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə və istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan və qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad və pozğunluq etməkdir. (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban və (Allahın qəzəbindən) qorxandır.