Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/157-ci xütbə

156-cı xütbə Nəhcül-bəlağə. 157-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
158-ci xütbə


İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qur’ani-Kərimin tərifi haqda) xütbələrindəndir. Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq və nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm və göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi. Peyğəmbər əlində olanla və itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan və Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq və azğınlıq zülmətini işıqlandıran) Qur’andır. İstəyin ki, dilə gəlsin. Heç vaxt (Qur’an öz-özünə və həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət və sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm və hökmlərini bəyan edirəm). Agah olun, Qur’andadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların və yerin, onun üzərində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq və azğınlığın) dərmanı və sizə aid olanların (dünya və axirət işlərinin, xeyir və ziyanların) nizama salınması.

Bu xütbənin (Bəni-Üməyyə, onların zülmkarlıqları və hakimiyyətlərinin süqutu barədə olan) bir hissəsidir

O zamanlarda (Bəni-Üməyyənin camaata hakim kəsiləcəyi vaxt) zülmkarların qəm, kədər, çətinlik və səfalət gətirmədikləri nə gildən bir ev, nə də bir çadır ev (şəhərlərdə tikilən ev və biyabanlarda salınan çadırlar) qalmayacaq. Həmin zəmanədə göylərdə onlar üçün üzr istəyən, yerdə isə kömək edən qalmayacaq. (Zülm hər yanı bürüdüyünə görə səma və yer əhli qarğış edəcək. Sonra Allah-təala onların kökünü kəsib pərən-pərən salacaq. Onların hakimiyyətləri dövründə törətdikləri zülm isə onun nəticəsidir ki,) siz xəlifəliyə layiq olmayan adamı seçmisiniz və (dünyada dost və haqq əhlinə düşmən olduğu halda) onu özü üçün olmayan bir yerdə əyləşdirmisiniz. Allah-təala zülm edənlərdən (istər Bəni-Üməyyə olsun, istərsə də qeyriləri) tezliklə intiqam alacaq, yeyiləndən yeyilənlə, içiləndən içilənlə. (Çox acı bitki olan) Hənzəlin yeyilənlərindən və (acı olan) səbr ağacının şirəsinin zəhər dadan içilənlərindən. Geyilənlərdən isə qorxu libası və qılınc paltarı. (Çünki) onlar günah yükünü çəkən heyvan və günah azuqəsini daşıyan dəvələrdir. (Buna görə də) and içirəm, bir daha and içirəm ki, Bəni-Üməyyə məndən sonra xəlifəliyi ağızdan çölə atılan sinə xıltı kimi atacaq (əldən verəcək). Ondan sonra isə onu heç vaxt dadmayıb, gecə və gündüz bir-birini əvəz edənə qədər onun dadını bilməyəcək.