Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/160-cı xütbə

159-cu xütbə Nəhcül-bəlağə. 160-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
161-ci xütbə


İmam Əli əleyhis-salamın (böyük Peyğəmbəri mədh etdiyi və camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir. Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qur’ani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə Həzrətə kömək etmişdir). Allah-təala onu kifayət edən dəlil (o Həzrətin digər möcüzələrindən əlavə Qur’ani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O Həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bid’ətlərini məhv etdi və (Qur’an və sünnədə) bəyan etdiyi ehkamları üzə çıxardı. İslamdan qeyri bir din istəyən kimsənin bədbəxtliyi qəti, (səadət və xoşbəxtlik) ipi qırıq, (atəşə) üzü üstə düşməsi ağırdır. Onun (qiyamətdə) qayıdışı dərin kədər və ağrılı əzabladır. (Buna görə də) mən gözünü hər şeyə yumub Ona tərəf açan kimsənin təvəkkül etdiyi kimi Allaha təvəkkül edir, (yolçunu) cənnətə (İslama əməl etmək xoşbəxtliyinə) çatdıran, razılığını və şadlığını nəsib edən bir yolu Ondan diləyirəm. Ey Allahın bəndələri! Sizlərə Allahdan qorxmağı və Ona itaət etməyi tövsiyə edirəm. Çünki Onun əmrlərinə tabe olmaq sabah (qiyamətdə) nicata və həmişəlik (əzabdan) qurtuluşa səbəb olar. (Camaatı qiyamət gününün cəzasından) qorxutdu, sonra (peyğəmbərin vasitəsilə Öz hökmlərini) təbliğ və (onları səadət və xoşbəxtlik yoluna) təşviq edib (onu) təkmilləşdirdi. (Əbədi səadətə çatmağa aid olanı bəyan etdi.) Sizin üçün dünyanı, onun ayrılıb məhv olması və başqa şeyə çevrilməsini vəsf etdi. Sizi bu dünyada heyran edənlərdən uzaqlaşın, çünki ondan az bir şey sizinlə gələcək (dünyanın zəngin mallarından yalnız kəfəndən artıq bir şey qazancınız olmayacaq, o da torpağın altında çürüyəcək). Dünya (şəhvət və nəfsi istəklərə tabeçiliyə görə) Allahın qəzəbinə ən yaxın saray, (haqqa, həqiqətə tabe olanların azlığına görə) Allahın razılığından (əbədi cənnətdən) ən uzaq saraydır. Belə isə, ey Allahın bəndələri, onun ayrılığına, halının dəyişəcəyinə inandığınıza görə (dünyadan tezliklə ayrılacağınızı, çəkdiyiniz əzab-əziyyətin başqasına nəsib olacağını bilirsiniz) çətinliklərə və (sizi axirətdən saxlayan) işlərə göz yumun. Dünyadan (ona aldanıb, vurğun olmaqdan) çəkinib qorxun, öyüd verən, çalışan və zəhmət çəkən xeyirxahın (İmam əleyhis-salamın) çəkindiyi kimi. (Camaatın çətinliklərdən xilas olmasına çalışıb, onların doğru yola yönəlməsi və nicatı üçün zəhmət çəkir.) Sizdən öncəki ruzigarların əhlinin korlanmasından gördüklərinizdən ibrət götürün ki, onların da ipləri bir-birindən ayrılmış, göz və qulaqları sıradan çıxmış, şərafət və böyüklükləri əllərindən getmiş, şadlıq və sevinc onlardan uzaq düşmüşdür. Övladları ilə olmaqları onlardan uzaqlığa, arvadları ilə yoldaşlıqları ayrılığa döndü. Bir-biri ilə öyünüb naz etmir, övlad əkmir, bir-birini görməyə getmirlər. Qonşu və yoldaş da deyillər. Ey Allahın bəndələri! (Bu sözlərdən) qorxun! Öz nəfsinə hakim olub nəfsi istəklərinin qarşısını alaraq ağlın və zəkanın köməyi ilə düşünənin (xeyrini və ziyanını başa düşənin qorxduğu) çəkindiyi kimi. Çünki (dinin) əmri aşkar, (qurtuluş) nişanəsi asılı, (əzabdan nicat) yolu hamar, (Allah və peyğəmbərin razılığını qazanmağın) vasitəsi görünən və doğrudur.