Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/164-cü xütbə

163-cü xütbə Nəhcül-bəlağə. 164-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
165-ci xütbə


İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini xatırlatdığı xütbələrindəndir. Allah təəccüblü və qəribə varlıqlar yaradıb: bəziləri (insan və heyvanlar kimi) canlı, bəziləri (cansız təbiət kimi) cansız, bəziləri (dağlar kimi) hərəkətsiz və bəziləri (ulduzlar kimi) hərəkət edəndir. Onun yaradılışının gözəlliyi və qüdrətinin böyüklüyünə şəhadət verən aşkar dəlillərdən ağılların, qarşısında tabe olaraq inandıqları şeyi bərqərar etdi. Belə ki, (ağıllar) Onun varlığını iqrar edərək əmrinə tabedirlər və ağılların inandıqları şeyin Onun birliyinə olan dəlilləri, bizim qulaqlarımızda fəryad qoparırlar. Həmçinin quşların yerin dəliklərində, (iki dağın arasında yerləşən) geniş dərələrdə və dağların başında yerləşdirdiyi müxtəlif şəkillilərini yaratdı. Onların cürbəcür qanadları və müxtəlif görkəmliləri vardır. Onların boyunlarına itaətkarlıq və tabeçilik cilovu salınıb və açıq hava və geniş fəzanın boşluqlarında qanad çalırlar. Onları bu aşkar heyranedici surətlərdə yaratdı, halbuki bundan öncə yox idilər. (Onları yoxdan yaratdı.) Onları (ət və dərilərində) gizlənmiş oynaqların möhkəm sümükləri ilə bir-birinə birləşdirdi. Onların bəzisini (dəvəquşu və hacıleylək kimisini) iti yerimək və asan uçmaq üçün yüksəklikdə uçmaqdan saxladı və onu elə yaratdı ki, yerə yaxın uçur. Növbənöv quşları hikmət və məsləhətə əsaslanan qüdrət və yaradılışı ilə müxtəlif rənglərdə sıraladı. (Hər birini məxsus bir rəngdə yaratdı.) Beləliklə, onların bəzisi elə bir rəngin qəlibinə salınıb ki, ona başqa bir rəng qarışmır, bəzisi isə bir rəngə salınıb və boynunda elə bir boyunbağı cizgilənib ki, onun rəngi bədəninin digər yerlərinin rənginin əksinədir. Quşların yaradılış baxımından ən heyrətləndiricisi tovuz quşudur ki, Allah onu ən möhkəm ölçüdə yaradıb və rənglərini kökünü (piy, sümük və damarla) bir-birinə birləşdirdiyi qanadla və uzunluğunu çox etdiyi quyruqla ən gözəl qaydada nizama salıb. Nə vaxt (cütləşmək istəsə və) dişi tovuzquşuna tərəf getsə, quyruğunun burulğanını açar və onu qaldıraraq başına kölgə salar. Həmin quyruq (bir yerə yığılanda və açılaraq yayılanda) sanki Darəyn (gəmisinin) yelkənidir ki, gəmiçi onu bir tərəfdən digər tərəfə çevirir. O, rəngləri ilə lovğalanaraq özünü öyür. Quyruğunun hərəkəti ilə öyünür və nazlanır. Xoruzlar kimi cütləşir və bala verməsi üçün öz dişisi ilə çox şəhvətli erkəklər kimi yaxınlıq edir. (İmam əleyhis-salam burada tovuzquşunun cütləşməsinin belə olmamasını güman edən şəxsin sözünü puç etmək üçün buyurur:) Tovuzquşunun cütləşməsi barəsində dediklərimdə səni müşahidə etmək və göz ilə görməyə göndərirəm və (sözünü) etimad edilməyən zəif və səhv dəlilə əsaslandıran kəs kimi deyiləm. (Çünki həmin şəxs deyir: Belə deyirlər. Mən isə deyirəm: Get gör!) Əgər onların zənn etdikləri kimi olsa - erkək tovuzquşunun öz dişisini mayalandırması, erkəyin gözündən axaraq göz qapaqlarının kənarlarında yığılan göz yaşı vasitəsi ilə olsa və dişi tovuzquşu onu öz dimdiyi ilə götürüb daddıqdan sonra yumurta qoysa və erkək tovuzquşunun cütləşməsi gözdən çıxan yaşdan başqa bir yol ilə olmasa, hər halda bu (yanlış) güman ala qarğanın cütləşmə üsulundan (onların dimdiklərini bir-birinin üstünə qoyaraq cütləşmələrindən) daha təəccüblü və qəribə deyil. (İmam əleyhis-salam sonra yenə də tovuzquşunun vəsfinə davam edərək buyurur: Ağlıq və şəffaflığının çoxluğundan) onun lələklərinin sümüklərini gümüş millər təsəvvür edər və həmçinin həmin lələklərin üstündə bitənləri - heyrətamiz dairələr və boyunbağıları (sarılıq və parlaqlıqda) xalis qızıl və (yaşıllıqda) zəbərcəd (qızıla çalar yaşımtıl rəngli qiymətli daş) parçaları sanarsan. Buna görə də əgər onun qanadını yerin bitirdiyi gül və çiçəklərə oxşatsan, deyəcəksən ki: O, hər baharın çiçəklərindən toplanmış bir dəstə güldür. Əgər onu geyimlərə oxşatsan, (deyəcəksən ki:) rəsm və şəkil işlənmiş bəzəkli və ya Yəməndə toxunmuş gözəl rəngli və qəşəng paltar kimidir. Əgər zinət əşyalarına bənzətsən, (deyərsən ki:) cəvahirlə bəzədilmiş gümüş arasında yerləşdirilmiş rəngarəng üzük qaşları kimidir. Çox işvəli sevincək şəxsin nazlanması kimi yol gedir. Tam diqqət və mülahizə ilə öz quyruq və qanadına baxır. Köynəyinin və paltarının (müxtəlif) rənglərinin gözəlliyindən qəhqəhə ilə gülür. Gözü ayaqlarına sataşanda isə haray qopararaq uca səslə ağlayır, sanki aşkarcasına, köməyə bir kimsə çağırır və (bu əməli ilə) özünün (ayaqlarının çirkinliyindən olan) qəm-qüssənin həqiqiliyinə şəhadət verir. Çünki ayaqları (nə ağ, nə də qara, bəlkə torpaq rəngində olan) xoruzun ayaqları kimi nazikdir (və çirkindir) və onun baldırının sümüyü tərəfdən (xoruzun ayağında olan və elə də aşkar olmayan tikan kimi) gizli bir tikan qabarır. Boynunun arxasında yalının yerində nəqş edilmiş bir yaşıl kəkil var. Boynunun çıxacağı bardaq kimidir (nazik və uzundur). Boynunun batacağı isə qarnının altına qədər (çox yaşıl olan və rəng qoyulmasında istifadə edilən) Yəmən basması və ya cilalı güzgüyə bükülmüş rəngli və bəzəkli ipək kimidir. Tovuzquşu sanki özünü qara çadraya bürüyüb. Amma təravət və parıltının çoxluğundan, ona çoxlu gözəl yaşıl rəngin qatışdırıldığı güman edilir. (Şəffaflıq və aydınlığının çoxluğundan onun qaralığı yaşıla çalır və baxanda hər an bir rəngdə görünür. Odur ki, buyurur:) Qulağının yarığında qələmin ucuna bənzər (nazik) bir xətt var və o, rəng baxımından çox ağ olan çobanyastığı gülüdür (onun kimidir). O, qara rəng içində parıldayan ağ xətt kimidir. Tovuzquşunun bəhrələnmədiyi rəng çox azdır. O, çox cilalı, parlaq, işıqlı və gözəl olduğu üçün həmin rəngi daha yaxşı göstərib. Beləliklə, o, (rənglərə boyanmasında) bahar yağışlarının və çox isti günəşlərin yetişdirmədiyi (bəlkə eyb və nöqsanlardan pak və uzaq olan Allahın hikmət əsasında yaradılışın əvvəlindən başdan-ayağa müxtəlif heyranedici rənglərlə yaratdığı) dağınıq çiçəklər kimidir. O, bəzən öz tük və lələklərindən xaric olaraq paltarını çıxarıb lütlənir. Beləliklə, tükləri bir-birinin ardınca tökülür və yenə bir-birinin ardınca bitir. Tükləri yarpaqlar ağacdan tökülən kimi tökülür. Sonra bir-birinin ardınca tükləri tökülməmişdən qabaqkı şəklinə düşənə kimi bitir. (Belə ki,) onun heç bir rəngi əvvəlki rənglərin əksinə olmur və heç bir rəng öz yerindən başqa yerdə durmur. (Düşən hər bir tük və lələyin yerinə həmin şəkil və rəngdə olan bir tük və lələk çıxır.) Əgər onun lələklərinin tüklərindən birinə diqqətlə baxsan, (onların rəngə boyanmaları) sənə (bir dəfə) qızılgül qırmızısı, bir dəfə zəbərcəd yaşılı, bəzən isə qızıl sarısı rəngində görünər. Buna görə də dərin və dəqiq dərrakələr bu heyvanın yaradılışının necəliyini necə qavraya, əqli düşüncələr onu necə dərk edə və ya vəsf edənlərin sözləri onun necəliyini necə nəzmə çəkə bilər?! Halbuki həmin heyvanın ən kiçik hissəsi (tükü) fikirləri onu dərk etməkdə və dilləri öz vəsfində aciz qoyub. Buna görə də eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, ağılları gözlər önündə cilvələnən və onların məhdud, yaranmış, mürəkkəb və rənglənmiş şəkildə dərk etdikləri varlığın vəsfində məğlub edib, dilləri Onun həqiqətinin necəliyinin bəyanında bacarıqsız və sifətlərinin şərhində aciz edib. Həmçinin eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, kiçik qarışqa və balaca ağcaqanadların ayaqlarını, eləcə də onlardan böyüklərin - balıq və fillərin yaradılışını möhkəm edib. Özünə vacib edib ki, ruh və can verdiyi heç bir cüssə, onun üçün ölüm vədəsi və yoxluq sonluğu müəyyənləşdirməyincəyə qədər hərəkət edib tərpənməsin.

Bu da həmin xütbənin Cənnətin necəliyi barəsindəki bir hissəsidir

Əgər qəlb gözü ilə sənin üçün Cənnətdən vəsf edilənlərə baxsan (və onlar barəsində fikrə dalaraq düşünsən), nəfsin mütləq bu dünyada olan və onun, nəzərdə cilvələnən istək, ləzzət və bər-bəzəklərindən uzaqlaşar. Fikir və düşüncə ilə kökləri Cənnət arxlarının kənarında müşk dəfinələrində basdırılmış ağacların yarpaqlarının bir-birinə dəymələrinin səsindən, təzə və təravətli mirvari salxımların nazik və qalın budaqlardan asılmasından, heç bir çətinlik olmadan (ağacın başına çıxmadan və ya daş və çubuq vasitəsi ilə salınmadan) yığılan və yığanın arzusuna uyğun olaraq onun ixtiyarında duran (onu zəhmətsiz yığması üçün arzulaması ilə yaxınlaşan) rəngarəng meyvələrin həmin ağacların güllərinin tumurcuqlarından zahir olmasından çaş-baş qalar. Cənnət əhli üçün onun saraylarının qarşısında pak və təmiz ballar və saflaşdırılmış şərbətlər dolandırılır (ki, istəyən götürüb içsin). Cənnət əhli həmişəlik evə (əbədi Cənnətə) daxil olana və yerdəyişmə və səfərlərdən qurtarıb rahatlanan zamana kimi ilahi əta və bəxşişlər daim hallarına şamil olan dəstədir (və onlar Allah və Peyğəmbərə tabedirlər). (İnsan öləndən sonra qiyamət başlanana kimi səfər çətinliklərinə düçar olan şəxs kimidir və ölüm, bərzəx aləmi və qiyamətin çətinliklərindən nicat tapıb, yükünü Cənnətdə açandan sonra yolun əziyyətlərindən qurtulur, rahatlıq tapır.) Buna görə də ey dinləyici, əgər qəlbini qəflətən sənə çatacaq şeyə - heyranedici mənzərələrə məşğul etsən (fikrə dalaraq onların barəsində düşünsən), canın onlara çatmağın şövqündən bədənindən çıxar və həmin mənzərələrə çatmağa tələsdiyin üçün mənim bu məclisimdən qəbristanlıq əhlinin qonşuluğuna gedərsən (dünyaya və onda olanlara göz yumaraq ölümü gözləyərsən). Allah fəzl və mehribanlığı üzündən bizi və sizi yaxşı əməl sahibilərinin mənzillərinə (əbədi Cənnətə) getmək üçün qəlbən səy göstərib çalışanların (Allah və Peyğəmbərin razılığını əldə edənlərin) zümrəsində yerləşdirsin. (Seyyid Rəzi deyir:)

Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir:

O Həzrət əleyhis-salamın buyuruğundakı «يَؤُرُّ بِمُلاقَحَةِ» «yəurru bimulaqəhəti» birləşməsində «يَؤُرُّ» «yəurru»nun kökü olan «أَرَّ» «ərrə» kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində «أَرَّ الرَّجُلُ الْمَرْأَةَ» «ərrə ər-rəculu əl-mər’ətə» deyirlər. O Həzrət əleyhis-salamın digər «كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ» buyuruğundakı «قِلْع» «qil’» kəlməsi yelkən mənasındadır. «دارِىٍّ» «Dariyy» «دارَيْن» Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. «عَنَجَهُ» «Ənəcəhu»nun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə «عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً» deyirlər. «نُوتِىّ» «Nu’tiyy» isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın «ضَفَّتَىْ جُفُونِهِ» «zəffətəy cufunihi»dən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. «ضَفَّتان» «Zəffətan» hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın «فِلَذَ الزَّبَرْجَدَ» «filəz əz-zəbərcədə» birləşməsindəki «فِلَذُ» «filəz» kəlməsi «فِلْذَةٍ» «filzə»nin cəmidir və onun mənası tikə və parça deməkdir. «كَبائِسُ» «Kəbais» kəlməsi «كَباسَة» «kəbasə»nin cəmidir və o, «عِذْق» «izq» xurma salxımı mənasındadır. «عَسالِيج» «Əsalic» budaqlar deməkdir və onun təki «عُسْلُوج» «usluc»dur.