Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/168-ci xütbə

167-ci xütbə Nəhcül-bəlağə. 168-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
169-cu xütbə


İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir. Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir və şər yolu açıqlayan) Kitab (Qur’ani-Kərim) və bərqərar (qiyamətə kimi qalacaq və əyriliyin yol tapa bilmədiyi) iş (din və qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum və qaranlıq bid’ətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi və nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din və dünya) işlərinizin qorunmasıdır. Buna görə də məzəmmət və məcbur edilmiş olmadan ona tabe olun. And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə və Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz. Həqiqətən onlar (Təlhə, Zübeyr və onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular və hələ də bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din və dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik və vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri və həsəd apardıqları üçün bu dünyanı (xilafət və əmirliyi) istəyirlər. Buna görə də hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) və Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).