Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/170-ci xütbə
←169-cu xütbə | Nəhcül-bəlağə. 170-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
171-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.
(Bəndə hər halda-aşkar və gizlin, pis və yaxşı, çətin və rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə də ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm də təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması və düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)
Allahım! Ey uca göyün və həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə və fırlanan ulduzların gəl-get yeri etdiyin və sakinlərini Sənə ibadət və bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı və həşərat, dördayaqlılar, göz ilə görünənlər və (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət və tərpənməkdən qorunması üçün onun) mismarları və (mənbə, bitki və digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et və bizi haqq və düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)
Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) və (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!