Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/176-cı xütbə

175-ci xütbə Nəhcül-bəlağə. 176-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
177-ci xütbə


İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əri və Əmr ibn As barəsində (Nəhrəvan Xəvarici ilə) olan kəlamlarındandır. (Nəhrəvan Xəvarici İmam əleyhis-salama qarşı üsyankarlıq edib «nə üçün Allahın dini barəsində insanları hakim etdin və indi ki sənin əleyhinə hökm çıxarıblar, onların hökmlərini qəbul etmirsən?» deyib etiraz etdikdən sonra, o Həzrət onların cavabında buyurdu:) Sizin böyüklərinizin nəzəri iki kişini (Əbu Musa Əş’əri və Əmr ibn Ası) seçmək oldu (ki, onlar haqq ilə batil arasında hökm çıxarsınlar) və biz onlardan Qur’an əsasında davranaraq ondan kənara çıxmamaları, dillərinin onunla olması və qəlblərinin ona tabe olması əhdini aldıq. (Onlarla əhd bağladıq ki, zahirdə özlərini Qur’ana tabe kimi göstərərək batində öz fikirləri əsasında davranıb hökm çıxarmasınlar.) Amma onların hər ikisi yollarını azıb Qur’andan əl çəkərək haqqı tərk etdilər, halbuki onu görürdülər (bilirdilər ki, xilafətə məndən başqa heç kəsin ləyaqəti yoxdur). Meyl və istəkləri zülm və zülmkarlıq, adət və yolları əyrilik və yanlışlıq (azğınlığa qədəm basmaq) idi (və buna görə də haqqı bilə-bilə ona zidd hökm çıxardılar). Düzgün və haqq hökm çıxarmaq və Qur’ana əməl etmək barəsində bizim onlarla olan şərtimiz onların zülm və haqsızlığa əsaslanan düşüncə və hökmlərindən qabaqdır. Onlar haqq yoldan çıxıb şərtimizə zidd olaraq batil və nahaqqın xeyrinə hökm çıxaran zamandan bizim əlimizdə dəlil var.