Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/188-ci xütbə

187-ci xütbə Nəhcül-bəlağə. 188-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
189-cu xütbə


İmam Əli əleyhis-salamın (özünün Peyğəmbərə yaxınlıqda tək olması, xilafətə daha layiq olması və başqasının bu məqama layiq olmaması barəsindəki) xütbələrindəndir. Məhəmmədin (səlləllahu əleyhi və alih) qoruyucu olan (Qur’an və onun sünnəsini qoruyan və onun sirlərindən xəbərdar) səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinlik və müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm. Allahın Peyğəmbəri - səlləllahu əleyhi və alih - başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O Həzrətin (səlləllahu əleyhi və alih) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopardılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdılar. Onların o Həzrətə qıldıqları namazın səsi, onu qəbrinə qoyana kimi qulağımdan getmirdi. Belə olan halda, kim o Həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?! (Kim layiq və yaxın olmaq iddiası etsə yalan deyib və özünü nahaq yerə onun xəlifə və canişini hesab edib.) Gözüaçıqlıq və bəsirətlə (şəkk və tərəddüd etmədən) tələsin. Gərək düşmənlə müharibədə sizin niyyətləriniz düz olsun (nifaq və ikiüzlülük olmadan öz haqq imamınıza tabe olasınız). Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər (pis işlərə əmr edən nəfsə və şeytana tabedirlər). Eşitdiklərinizi deyirəm (ki, haqqı batildən seçəsiniz) və Allahdan (sizə giriftar olmuş) özüm üçün və sizə (keçmiş əməlləriniz üçün) bağışlanma istəyirəm (ki, bir də azğınlıq yoluna qədəm basmayasınız və haqq imama tabe olasınız).