Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/190-cı xütbə
←189-cu xütbə | Nəhcül-bəlağə. 190-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
191-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (namaz, zəkat və əmanəti əda etmək barəsində) öz səhabələrinə tövsiyə etdiyi kəlamlarındandır. Namaz işinə riayət edin (ki, o, möminin me’racı, dinin sütunu və qiyamətdə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olmuş olsa, digər əməllər də qəbul olar. Qəbul edilməyib hesaba alınmadıqda isə əməllərin heç biri insana bir fayda verməz). Onu qoruyun (onun qılınmasının fəzilətli vaxtından qafil olmayın) və onu çox yerinə yetirin. Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki (Qur’ani-Kərimin Nisa surəsinin 103-cü ayəsində buyurulduğu kimi «كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا») namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir. Məgər Cəhənnəm əhlinin (Qur’ani-Kərimin Muddəssir surəsinin 42-43-cü ayələrində olduğu kimi «مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ») onlardan «sizi Cəhənnəmə salan nədir?» soruşularkən verdikləri bu cavaba ki, «onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik» (cani-dildən) qulaq asmırsınız? Namaz günahları yarpağın (ağacdan) tökülməsi kimi tökür və ilmələrin (heyvanların boyunlarından) açılması kimi açıb boşaldır. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) namazı insanın qapısının ağzında olan və insanın gün ərzində beş dəfə içində çimdiyi su çeşməsinə bənzədib. Belə olan halda, (məlumdur ki,) həmin şəxsdə heç bir çirk qalmayacaqdır. Onun haqqını möminlərdən o şəxslər tanıyıblar ki, malın (dünya malının) zinəti, övlad və var-dövlət kimi göz aydınlığı olan şeylər onları ondan saxlamır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Nur surəsinin 37-ci ayəsində) buyurur: «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ» «O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.» Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Səbəb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (Ta-ha surəsinin 132-ci ayəsindəki) bu buyuruğu idi ki: «وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْها» «Əhlinə (əhli-beyt və ümmətinə) namaz qılmağı əmr et və özün də onun yerinə yetirilməsində səbrli ol.» Buna görə də o Həzrət həm öz əhlinə namazı əmr edirdi, həm də özünü onun çətinliklərinə səbrli olmağa məcbur edirdi. Sonra, zəkat müsəlmanlar üçün namazla birlikdə tanışlıq vasitəsi edilib (onun əda edilməsi namaz kimi Allaha yaxınlaşma vasitəsidir). Zəkat, onu öz istəyi, rəğbət və sevinclə əda edən kəs üçün kəffarə (və günahların örtüyü), eləcə də oddan (Cəhənnəm odundan) saxlayan və qoruyandır. (Onu ödəyən) heç bir kəs onun fikrində olmamalı və ona görə çox kədərlənməməlidir. Çünki (malın fikrində olmaq və kədərlənmək var-dövlətə bağlılıq səbəbindəndir və ona bağlı olmaq Allaha yaxınlaşmağa ziddir və) onu könülsüz verib (əvəzində) ondan üstün olan şeyə (əbədi Cənnətə) ümidvar olan kəs (Allahı sevmək iddiasında yalançı və) Həzrət Peyğəmbərin sünnəsinə nadandır. O, (yəni, zəkatı ürəksiz verən şəxs) savab və mükafat əldə etməkdə ziyana uğrayıb (çünki savab və mükafatı əməl müqabilində verirlər, bu əməl isə Allahın razılığının əksinədir) və əməldə azğındır (çünki göstərişlərə zidd davaranıb). Onun peşmançılığı çoxdur (çünki vəzifəsini yerinə yetirməsinə baxmayaraq, onun nəticəsindən məhrumdur).
(Namaz və zəkatı yerinə yetirdikdən) sonra əmanəti əda edin. Çünki onun əhli olmayan (ona xəyanət edən) kəs naümid edilər. Həqiqətən əmanət ucaldılmış göylərə, sərilmiş yerlərə və yüksəldilmiş möhkəm dağlara təqdim və təklif edildi. Onlardan hündür, geniş, uca və böyük bir şey yoxdur. Əgər bir şey yüksəklik, ya genişlik və ya qüvvətlilik, yaxud da qüdrətlilik səbəbindən (o əmanəti qəbul etməkdən) imtina etsəydi, mütləq göylər, yerlər və dağlar imtina edər, təslim olmazdı. Lakin (onların əmanəti qəbul etməkdən çəkinmələrinin səbəbi əmrdən boyun qaçırmaq və itaətsizlik deyil, üzrxahlıq cəhətindən idi və) onlar cəzadan (ona xəyanət etməkdən) qorxdular və onlardan daha zəif olan insanın bilmədiyi şeyi bildilər. «O, çox zalım və nadandır.» (İmam əleyhis-salam burada namaz, zəkat və əmanətin əda edilməsinin əksinə çıxmaq barəsində belə buyurur:)
Bəndələrin gecə və gündüz ərzində etdikləri, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha gizlin deyil. O, onların ən kiçik işlərindən agah, əməllərindən xəbərdardır. Sizin bədən üzvləriniz Onun şahidləri, bədənləriniz qoşun və əmrinə tabe olanlar, düşüncələriniz gözətçiləridir və sizin gizliləriniz Onun yanında aşkardır.