Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/193-cü xütbə
←192-ci xütbə | Nəhcül-bəlağə. 193-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
194-cü xütbə→ |
İmam Əli əleyhis-salamın, xanımlar xanımı Fatimə əleyhas-salamı torpağa tapşırarkən buyurduğu nəql edilmiş kəlamlarındandır. O, sanki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə, o Həzrətin məzarı müqabilində dayanıb sir danışırdı:
Salam olsun sənə, ey Allahın Peyğəmbəri, məndən və sənin kənarına enmiş (Bəqi qəbristanlığında, ya evində, ya da Həzrət Peyğəmbərin hərəmində dəfn edilmiş) və sənə tez qovuşmuş qızından! (Alimlərin məşhur nəzərinə əsasən, Həzrət Fatimə atasından sonra dünyada yetmiş beş gün yaşayıb.) Ey Allahın Peyğəmbəri! Mənim sənin seçilmişinə (onun ayrılığına) səbrim azaldı və ona (onun getməsinə) görə taqət və gücüm əldən çıxdı. Amma mənim üçün, səndən ayrılmağı və sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrliliyin yeri var. Halbuki sənin başını qəbirinin ləhədinə (çuxuruna) mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. (Bu qədər məhəbbət və bağlılıqla nələr çəkdiyim məlumdur. Amma yenə səbr və dözümlülüyə yer var. Çünki) «Biz Allahınıq və Ona tərəf qayıdacağıq.» Həqiqətən əmanət (Fatimə əleyhas-salam) geri qaytarıldı və girov təhvil alındı. Amma (bu müsibətdə) bundan sonra həmişə qəm-qüssədə olacaq və Allah mənim üçün sənin məskunlaşdığın diyarı seçənə (məni sənə birləşdirənə) kimi gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındırmalarından, bətnindəki uşağı salmalarından və Fədəyini qəsb etmələrindən) xəbər verəcək. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin getməyindən bir (o qədər də çox) müddət keçməmişdi və sənin xatirələrin unudulmamış, itməmişdi. Sizin hər ikinizə salam olsun, qəzəblənmiş, incimiş və qəlbi sıxılmış şəxsin deyil, (məhəbbət və sevgi ilə) vidalaşanın salamı! Buna görə də getsəm, bu, məhəbbətin olmamasından deyil. Həmçinin əgər qalsam, bu, Allahın səbrlilərə vəd etdiklərinə qarşı pis gümanda olmaqdan deyil. (Sizin yanınızdan gedirəm. Amma hər yerdə sizi xatırlayacağam.)