Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/208-ci xütbə

207-ci xütbə Nəhcül-bəlağə. 208-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
209-cu xütbə


İmam Əli əleyhis-salamın (Allah ilə münacatında Qüreyşdən və o Həzrətin haqqını qəsb edənlərdən şikayət kimi buyurduğu) kəlamlarındandır. İlahi, Qüreyşə və onlara kömək edənlərə qarşı (onlardan intiqam almağa) Səndən kömək istəyirəm. Çünki onlar mənim (Həzrət Peyğəmbərlə) qohumluq əlaqələrimi qırdılar (və məni təyin etdiyi xilafəti qəsb etdilər), mənim qabımı (məqam, dərəcə və abır hörmətimi) dağıtdılar və başqasından daha layiq olduğum haqqa görə mənimlə vuruşmaq üçün bir yerə toplaşdılar. Və dedilər: Bil ki, sənin onu əldə etməyin də haqdır, onun səndən alınması da! İndi istəyirsən qəm-qüssə ilə səbr et, istəyirsənsə də təəssüf və kədərlə öl. (Yəni, xilafətin qəsb edilməsinə razı olmasan səbr etmək və ya ölməkdən başqa bir çarən yoxdur.) Beləliklə, həmin zamanda əhli-beytimdən başqa bir dost, müdafiə edən və köməkçinin olmamasını gördüm və ölümün onları haqlamasına heyfim gəldi. (Əhli-Beytimin məhv olmaması üçün dava-dalaşa razı olmadım.) Buna görə də tikan batmış gözlərimi yumdum və boğazımda sümük qalmasına baxmayaraq, ağzımın suyunu uddum; qəzəbi yatırmaq üçün (çox acı bir bitki olan) əbucəhl qarpızından da acı olan və ürəyə böyük bıçaqlardan da çox ağrı verən şeyə səbr etdim. (Seyyid Rəzi deyir:) Bu kəlam (və Cəməl əhli barəsindəki aşağıdakı hissə) bundan qabaq bəyan edilmiş (yüz yetmiş birinici) xütbədə keçdi. Amma mən bu iki rəvayətdə olan fərqlərə görə onu burada bir daha gətirdim.

Bu da həmin kəlamın o Həzrət əleyhissalamla müharibə etmək qəsdi ilə Bəsrəyə gedənlər barəsindəki bir hissəsidir

(Təlhə, Zübeyr və onların tərəfdarları) mənim tərəfimdən təyin edilmiş hakimlərin (Osman ibn Hüneyf və başqalarının), müsəlmanların mənim ixtiyarımda olan beytülmallarının xəzinədarlarının və əhalisinin hamısı mənə tabe olan və bey’ət etmiş şəhərin sakinlərinin yanına getdilər. Onların arasında təfriqə salaraq mənə münasibətdə olan birliklərini parçaladılar. Şiələrim və tərəfdarlarıma hücum edərək onların bir dəstəsini (beytülmalın gözətçilərini) hiylə və haqsızlıqla öldürdülər. Onların (şiələrin) bir hissəsi isə qılınc çalmaq üçün dişlərini sıxdılar, (müxaliflərə qarşı) həmin qılınclarla vuruşdular və nəhayət, sədaqətlə (pak iman və etiqad ilə) Allaha qovuşdular (öldürüldülər).