Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/24-cü xütbə

23-cü xütbə Nəhcül-bəlağə. 24-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
25-ci xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Döyüşdə öz möhkəmlik və dəyanətini izhar edib, o Həzrətin vuruşmaqda süstlük etdiyini deyən bir kəsin sözünü düzgün bilməyib, camaatı təqva və pərhizkarlığa rəğbətləndirərək buyurur:) Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır). Belə isə, ey Allah bəndələri, Allahdan çəkinin (yersiz danışmayın, nalayiq söz deməyin), Allahdan Allaha (onun qəzəbindən rəhmətinin, əzabından əfvinin, ədlindən fəzlinin pənahına) sığının. Sizin önünüzdə qoyduğu aydın yola (şəriətin doğru yoluna) yönəlin. Sizin boynunuza qoyduqlarını (şəriət məsələlərini) yerinə yetirin. Beləliklə, (ilahi göstərişə əməl edib şəriət məsələlərini yerinə yetirsəniz) əgər dünyada nicat tapmasanız, axirətdə sizin nicat və qələbənizə Əli zamindir.