Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/27-ci məktub

26-cı məktub Nəhcül-bəlağə. 27-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
28-ci məktub


İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr (Allah ondan razı olaraq mükafatlandırsın) ilə olan əhd-peymanlarındandır. İmam bu əhdi Misir hökumətini ona tapşırarkən yazıb. (Bu əhdnamədə ona camaat arasında ədalət və bərabərliklə davranmağı əmr edərək pərhizkarlığı, ölümün və qiyamət əzabının çətinliklərini yada salıb və sonda ona nəfsi istəklərlə mübarizə və namaza diqqət etmək barəsində nəsihətlər verib.) Qanadını onlar (Misir əhalisini) üçün yığ (hamı ilə təvazökar ol) və mülayim davran (elə iş gör ki, hamı sənin davranışından faydalansın). Onlarla gülərüz ol (əlin altında olanlara üzünü turşutma) və onları gözaltı baxmaqda və baxışını üzlərinə zilləməkdə bərabər tut. (Belə et) ki, böyüklər sənin onların xeyrinə zülm və sitəm etməyinə (düzlükdən uzaqlaşmağına) tamahlanmasınlar (əlləri altında olanlara zülm etməsinlər) və imkansızlar sənin ədalət və düzlüyündən məyus olmasınlar. Çünki ey Allah bəndələri, Allah-təala (qiyamət günü) sizin kiçik və böyük, aşkar və gizlin işləriniz barəsində soruşacaq. Buna görə də əgər əzab versə (sizi odda yandırsa), siz (özünüzə qarşı hamıdan) çox zalımsınız (çünki ona sizin günah və itaətsizlikləriniz səbəb olub). Əgər bağışlasa, O, çox kərim və böyükdür. Ey Allah bəndələri, bilin ki, pərhizkarlar keçici dünyanı və gələcək axirəti (onların xeyrini) qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında (onun xeyrlərində) şərik oldular. Dünya əhli isə onların axirətlərində (onun xeyirində) şərik olmadılar. Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər. Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itaətsizlərin aldıqları ləzzəti aldılar. Dünyadan sonra onları (məqsədə) çatdıran azuqə və (səadət) mənfəəti olan sövdələşmə ilə (axirətə) getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər, (Allahın rəhmətinin onlara çatacağını yəqinliklə bilirdilər. Belə) ki, istəkləri rədd edilməyəcək və rahatlıq və asayiş bəhrələri azalmayacaq. Odur ki, ey Allah bəndələri, (pərhizkarlara tabe olub fani dünyaya bel bağlamayın və) ölüm və onun yaxın olmasından qorxun və onun üçün tədarük görün. (Elə edin ki, ölüm çatanda nigarançılıq keçirməyəsiniz.) Çünki ölüm böyük təhlükəsi olan bir işlə gəlir. (Yaxşı işlər görənlər üçün) heç vaxt pisliyi olmayan xeyir və yaxşılıqlar gətirir. Yaxud (pis işlər görənlər üçün) onunla heç vaxt yaxşılıq olmayan şər və pisliklər gətirir! Belə isə, Cənnətə Cənnət işləri görəndən və Cəhənnəmə Cəhənnəm işləri görəndən kim yaxın ola bilər? Siz ölümün qovduğu, təqib etdiyi kimsələrsiniz. Əgər dayansanız, sizi tutacaq, əgər ondan qaçsanız, sizi tapacaq. Ölüm sizə kölgənizdən də yaxındır (sizdən bir an belə ayrılmaz)! Ölüm sizin kəkillərinizə bağlanıb (ondan qurtula bilməyəcəksiniz) və dünya sizin arxanızca büküləcək (şəxs keçdikdən sonra bükülərək yığışdırılan xalça kimi). Belə isə, (axirət məsələsinə bu qədər etinasız olmayıb) dərinlik və istiliyi hədsiz, əzab və çətinliyi isə yeni olan oddan qorxun. (Cəhənnəm) elə bir yerdir ki, orada rəhmət və mehribançılıq yoxdur, istək qəbul edilmir, qəm-qüssə qurtarmır. (İndi) əgər Allahdan həm xof və qorxunuzun çox, həm də Ona güman və ümidinizin yaxşı olmasını bacarırsınızsa, qorxu ilə ümidi (bir yerə) toplayın. (Mütləq elə edin ki, həm qorxasınız, həm də ümidvar olasınız, nə qorxunuz çox olsun, nə də ümidiniz qorxunuzu üstələsin.) Çünki bəndənin Rəbbinə olan yaxşı güman və ümidi, Rəbbindən olan qorxusunun miqdarındadır və insanların Allaha nisbətdə ən nikbini Ondan ən çox qorxandır. Ey Məhəmməd ibn Əbu Bəkr, bil ki, mən səni qoşunlarımın ən böyüyü olan Misir əhlinə vali təyin etmişəm. Buna görə də dünyadan sənin bir saatın qalmış olsa belə, öz nəfsinlə müxalifət edərək dinini müdafiə etməlisən. Allahı, yaratdıqlarından birini (nahaq) şad etməklə qəzəbləndirmə. Çünki Allahdan başqasında olan şeylərin əvəzi, Onun yanında var, (amma) Allah yanında olan şeylərin əvəzi, Ondan başqasında yoxdur. (Əgər Allah razı olsa, başqasından nə qorxu və əgər O razı olmasa, başqasına nə ümid?) Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır. (Əgər namazını yaxşı qılsan, başqa işləri də yaxşı yerinə yetirəcəksən. Onu zay etsən isə ondan qalan işləri daha xarab və pis edəcəksən)

Bu da həmin əhdin (Məhəmməd ibn Əbu Bəkri və Misir əhalisini münafiq və ikiüzlülərdən çəkindirmək barəsindəki) bir hissəsidir (Gərək sizin dil və qəlbiniz bir olsun və ikiüzlü olmayasınız, azğınların ardınca düşməyəsiniz.) Çünki qurtuluş (yolunun) başçısı (İmam əleyhis-salam) ilə həlakət (yolunun) başçısı (Müaviyə), Peyğəmbərin dostu ilə düşməni bir deyil. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) mənə buyurub ki: «Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına xatir (başqalarını yoldan azdırmaqdan) saxlayır. (Deməli, ondan müsəlmanlara ziyan dəyməz.) Allah müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (ikiüzlülüyü qəlbində gizlədərək dilinə şəriət hökmlərini gətirənlərdən) qorxuram. O sizin bəyəndiyiniz şeyləri deyir, nalayiq hesab etdiyiniz işləri isə yerinə yetirir.