Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/34-cü məktub
←33-cü məktub | Nəhcül-bəlağə. 34-cü məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
35-ci məktub→ |
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkrə məktublarındandır. Məhəmməd ibn Əbu Bəkrin Misir hökumətindən kənarlaşdırılaraq yerinə (Malik) Əştərin təyin edilməsi xəbərini eşidəndə qəmlənməsi o Həzrətə çatanda İmam bu məktubu yazıb. Əştər Misirə çatmamış yolda vəfat edib. (O, yolda öldürülüb. Onun başına gələnlər əlli üçüncü məktubun şərhində deyiləcək. İmam əleyhis-salam bu məktubda Malik Əştərin onun yerinə təyin edilməsinin məsləhət olmasının səbəbini açıqlayıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Əştəri sənin yerinə təyin etməyimdən narahat olmağın xəbəri mənə çatdı. Mən bunu sənin səy və təlaş göstərməkdə ağır tərpənməyin və sənin çalışqanlığını artırmaq üçün etməmişəm. (Çünki sən əlindən gələni etmisən. Amma Əştərin bacardığı işləri sən bacarmazsan.) Sənin əlində olan şeyi (Misir hökumətini) ixtiyarından çıxartsam da, səni elə şeyə (şəhər və ya işə) təyin edəcəyəm ki, onun ağırlıq və əziyyəti az, hakimliyi isə sənə daha xoş olsun.
Misirə vali təyin etdiyim şəxs (Malik, sənin kimi) bizim xeyrimizi düşünən və düşmənimizə qarşı cəsur və bacarıqlı bir adam idi (ki, sən belə deyilsən). Allah rəhmət eləsin ona və günahlarını bağışlasın ki, həyatını (səadət və xoşbəxtliklə) sona çatdırdı və ölümlə qarşılaşdı. Biz ondan razıyıq. Allah ona Öz rəhmətindən əta etsin və mükafatını bir neçə qat artıq etsin. Buna görə də (indi ki, Malik öldürüldü və Misirə çatmadı) düşmənə tərəf hərəkət et (şəhərdə qalma ki, düşmən sənə tərəf gəlsin), gözüaçıqlıqla yola düş (müharibə işində və üslubunda ehtiyat və sakitliyi əldən vermə) və səninlə döyüşənlə vuruşmağa tələs (ağır tərpənmə ki, sənə qalib gəlsin). (Onları) Rəbbinin yoluna dəvət et (ki, heç bir bəhanə yeri qalmasın və sənin onlarla müharibənin nəfsi istəklərə görə deyil, Allahın hökmü ilə olmasını bilsinlər). Allahdan çox yardım dilə ki, səni qəm-qüssəyə salan (düçar edən) şeylərdən qorusun və üz vermiş şeylərdə (çətinliklərdə) sənə yardım etsin, əgər Allah (fəth və qələbəni sənin üçün) istəsə!