Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/4-cü xütbə

3-cü xütbə Nəhcül-bəlağə. 4-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
5-ci xütbə


İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq. Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun. (Bu, İlahi əzabdan qorxaraq haqqın yolundan dönməyənlər üçün duadır.) Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına bey’ət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım). Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm. (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu. Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz).