Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/43-cü xütbə

42-ci xütbə Nəhcül-bəlağə. 43-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
44-cü xütbə


İmam Əli əleyhis-salamın (bey’ət almaq üçün) Cərir ibn Abdullah Bəcəllini Şama, Müaviyənin yanına göndərdikdən sonra buyurduğu kəlamlarındandır. O böyük şəxsiyyətin səhabələri (Müaviyənin Həzrətin əmrinə itaət etməyəcəyini bildiklərindən, Cərir Şamdan qayıtmamış və cavab gətirməmiş) dedilər ki, Şam camaatı ilə müharibəyə hazırlaşmaq məsləhətdir. (Həzrət buyurdu:) Cəririn onların yanında olduğu (hələ mənim cavabımı gətirmədiyi) halda mənim Şam əhalisinə qarşı müharibəyə hazırlaşmağım qapını onların üzünə bağlamaqdır və niyyət etmiş olsalar, onların yaxşılıqdan (bey’ətdən) üz döndərmələrinə səbəb olar. Amma mən Cərir üçün bir vaxt qoymuşam ki, (Müaviyəyə) aldanmasa (onu cavabı almaq üçün məəttəl saxlamasa) və ya itaətsizlik göstərməsə (ondan cavab almağa səhlənkar yanaşmasa) bundan artıq orada qala bilməz. Mənim rəyim (onlarla) mülayim rəftar etməkdir, siz də mülayim rəftar edin. (Hərçənd ki) döyüşə hazır olmanızdan da acığım gəlmir. وَلَقَدْ ضَرَبْتُ أَنْفَ هَذَا الْأَمْرِ وَ عَيْنَهُ Yəni, mən bu işin burnunu və gözünü vurmuşam, gizlinini və aşkarını alt-üst etmişəm. Mən özüm üçün başqa çarə görmürəm. Ya (Müaviyəyə və tərəfdarlarına qarşı) döyüşməli və ya küfrü və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiklərini inkar etməliyəm. (Daha sonra Müaviyənin o Həzrətin adı ilə bağladığı Osmanın qətlinin səbəbi haqda buyurur:) Osman ümmətə rəhbərlik edirdi və bir neçə bid’ət (nalayiq və imana zidd işlər) yaratdı, (bu çirkin işlər də) xalq arasında söz-söhbətə (məzəmmətə və etiraza) səbəb oldu. Onlar da, (onun barəsində deyilməli olanı) dedilər və ona rəğbətlərini itirib dəyişdirdilər. (Onu öldürdülər, buna görə də onun qətlini Müaviyənin mənim adıma çıxması həqiqətə ziddir.)