Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/50-ci məktub

49-cu məktub Nəhcül-bəlağə. 50-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
51-ci məktub


İmam Əli əleyhis-salamın qoşunlarının başçılarına olan məktublarındandır. (Həzrət bu məktubda onların imamın boynunda, həmçinin özünün onların boynunda olan haqlarını bəyan edib və onlara ədalətli və əmrlərinə tabe olmağı əmr edib.) Bu, Allahın möminlərin başçısı və əmiri olan bəndəsi Əli ibn Əbu Talibin sərhədçilərinə olan məktubudur: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin bir üstünlük tapması və nemət əldə etməsi onun rəiyyətlə olan münasibətlərinin dəyişməsinə səbəb olmamalıdır. (Məqam və vəzifə onu əli altında olanları incitməyə vadar etməməlidir.) Həmçinin Allahın ona qismət etdiyi nemətlər, onu Allahın bəndələri ilə daha yaxından tanış olmağa və qardaşları ilə mehriban olmağa məcbur etməlidir. (Kim belə etməsə Rəbbinin nemətlərinin şükrünü yerinə yetirməyib.) Bilin ki, sizin mənim boynumda olan haqqınız müharibə zamanından başqa sizdən heç bir sir gizlətməməyim (çünki müharibə sirlərinin faş olması ilə düşmən ondan xəbərdar olar), şəriət hökmlərindən başqa heç bir işi sizinlə məsləhətləşmə aparmadan yerinə yetirməməyim (şəriət hökmlərində məsləhətləşmə aparmaq lazım deyil, çünki siz bütün hökmləri məndən öyrənməlisiniz), haqlarınızın yerində sizə çatdırılmasında səhlənkarlıq etməməyim, möhkəmləndirərək sona çatdırmayınca ondan əl çəkməməyim və haqq və hüquq baxımındın sizin mənim yanımda bərabər olmağınızdır (mənim birinizi digərinizdən üstün tutmamcağımdır). Beləliklə, mənim sizinlə rəftarım bu cür olduğu halda nemətləri sizə tamamlamaq Allahın öhdəsinədir. Mənim sizin boynunuzda olan haqqım isə tabeçilik və itaətkarlıq, mənim əmrlərimdən üz döndərməməyiniz, mənim məsləhət bildiyim işlərdə səhlənkarlıq etməməyiniz və haqq yolu üzərindəki çətinliklərə daxil olmağınızdır (haqqı tapmağınız üçün çətinliklərə qatlaşmağınızdır). Əgər siz mənim barəmdə bunları etməsəniz, mənim yanımda heç kəs sizin əyri yol ilə gedəninizdən xar və alçaq ola bilməz. Buna görə də onu bərk cəzalandıraram və o, mənim yanımda (həmin cəzadan) qurtulmaq imkanı əldə edə bilməz. Siz (də) öz (əliniz altında olan) başçılarınızla belə bir peyman bağlayın və Allahın, vasitəsi ilə işinizi islah etdiyi şeylərdən özünüz onlara bağışlayın. (Onları xar etməyin ki, köməkləri vasitəsi ilə düşmənə qalib gələ biləsiniz.) Salama layiq kimsəyə salam olsun!