Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/63-cü məktub

62-ci məktub Nəhcül-bəlağə. 63-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
64-cü məktub


İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə olan məktublarındandır. O, İmam əleyhis-salam tərəfindən Kufənin hakimi idi. İmam əleyhis-salam kufəliləri Cəməl tərəfdarları ilə (Təlhə, Zubeyr, Aişə və onların ətrafındakılarla) müharibəyə çağıranda Əş’ərinin camaatı ona yardım etməyə gəlməkdən çəkindirərək müxalifət etməyə vadar etməsi xəbəri o Həzrətə çatanda bu məktubu yazıb. (Əbu Musa həmin vaxt belə deyirmiş: Bu, müsəlmanlar arasına düşmüş bir fitnə-fəsaddır və ondan uzaq olmaq lazımdır. Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – hədis nəql edirmiş ki, ümmətin arasında fitnə zahir olanda siz kənara çəkilin. Bu xəbər İmam əleyhis-salama çatanda oğlu imam Həsən əleyhis-salamı bu məktub ilə Kufəyə göndərdi və onda Əbu Musanı bu çirkin işinə görə hədələyərək məzəmmət etdi.) Allahın bəndəsi Əmirəl-möminin Əlidən Abdullah ibn Qeysə: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə sənin həm xeyrinə, həm də ziyanına olan bir söz çatıb. Buna görə də mənim elçim sənin yanına gələndə ətəyini çırma, kəmərini möhkəm bağla və deşik və yuvandan (Kufədən) çölə çıx. (Kərtənkələ kimi deşiyə girib rahat qalacağını güman etmə.) Səninlə olanları (yoldaşlarını) çağır və həvəsləndir (bizə kömək etməyə vadar et). Beləliklə, əgər (bizim işimizi) düzgün sayıb inansan (bizə tərəf) gəl. Amma qorxsan (bizim arxamızca getməkdə süst olsan), uzaqlaş (hökumət və qoşundan kənar ol). Allaha and olsun ki, harada olsan gətirərlər səni və yağını südünə və əridilmişini donmuşuna qatmayınca səni azad buraxmazlar. Oturmağa fürsət tapmaz və arxandan qorxduğun kimi önündən də qorxarsan. (Nə önündən və nə də arxadan heç cür rahatlığa malik olmazsan.) Cəməl tərəfdarlarının fitnəsi sənin güman etdiyin qədər asan bir fitnə deyil. O, çox böyük və ağır bir müsibət və dərddir ki, gərək onun dəvəsini minib çətinliklərini asan və dağlıqlarını düzənlik edəsən. (Bu hadisədən qafil olub onu asan sanmaq olmaz. Onun alovunun yatırılması üçün çalışmaq lazımdır.) Buna görə də ağlını topla, işini ələ al və payını tap. (Xülasə, işinin xeyir və ziyanı barəsində yaxşıca fikirləş.) Əgər (bizə kömək etmək) istəmirsənsə qurtuluş olmayan dar yerə uzaqlaş, çəkil. (Nicat tapmayacağın yerə get.) Bu işi başqalarının sona çatdırmaları və sənin yuxuda olmağın, nəticədə «filankəs haradadır?» deyilməməsi daha məsləhətdir. (Kənara çəkil. Çünki bu müharibə sənin köməyin olmadan da aparılar. Sənin orada olmağınla olmamağın birdir.) Allaha and olsun ki, bu müharibə və döyüş haqq olan kəsin (İmam əleyhis-salamın) əli ilə haqq olaraq düzgün aparılır. O, dindən və haqq yoldan uzaqlaşmış kəslərin etdiklərindən qorxub çəkinmir. (Çünki haqq olan kəsin batil və nadürüstdən qorxusu yoxdur.) Salama layiq kimsəyə salam olsun!