Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/63-cü xütbə

62-ci xütbə Nəhcül-bəlağə. 63-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
64-cü xütbə


İmam Əli əleyhis-salamın (xalqı Allaha pərəstişə və dünyada xeyir əməllər etməyə, axirət səfərinə hazır olmağa çağırdığı) xütbələrindəndir. (Allaha şükr və sitayişdən, Həzrət Peyğəmbərə salamdan sonra:) Ey Allahın bəndələri, Allaha qarşı günah etməkdən çəkinin (günah etməyin və əzabdan qorxun) və öz əməlləriniz sayəsində ölümlərinizi qabaqlayın (ölümdən sonra rahat olmaq üçün həyatınızda xeyir əməllər görün). Əlinizdən çıxan şeyi deyil, sizlərə qalan şeyi (saleh əməlləri) alın. (Həmişəlik qalacaq axirəti əldə edin və tezliklə puç olacaq dünyanın şəhvətlərinə göz yumun. Axirət səfərinə) hazır olun ki, sizi köçürməyə çalışır və tələsir, sizləri kölgəsinə alan (yaxınlaşan və nişanələri görünən) ölümə hazırlaşın. (Ölümün çəngi boğazlarına keçənə qədər qəflət yuxusunda olanlar kimi deyil.) Onlar üçün zəng çalındıqda agah (oyaq) olanlar və dünyanın onların (yaşayış) yeri olmadığını bilənlər, sonra isə (onu axirətə) döndərənlər kimi olun, çünki Böyük Allah sizləri boş yerə yaratmayıb və boş da buraxmayıb. Sizlərin heç birinizlə Cənnət və ya Cəhənnəm arasında sizi tapacaq ölümdən başqa bir fasilə yoxdur. (Çünki ölümdən sonra əməl, tövbə və qayıdış qapısı bağlanır. Deməli, ölən hər kəs dünyada itaət və ibadət edibsə Cənnətə düşər, itaətsizlik etmişsə Cəhənnəmdə qalar.) Hər anın azaltdığı və (ölüm) saatının aradan götürdüyü (dünyadakı) həyat müddətiniz qısa olmağa layiqdir. (Tezliklə başa çatacaq dünya həyatınızı qısa sanmalı, axirət işlərindən geri qalmamalısınız.) Gecə və gündüzün (həqiqi mənzilinə) qovduğu (öz əsl vətəni olan axirətdən uzaqlaşmış) qəribin tezliklə (vətəninə) qayıtması yaxşıdır (əsl vətənlərinə qayıtmaq fikrində olmalı və dünyaya səfərindən orada asayiş üçün faydalanmalıdır). Səadət, xoşbəxtlik və ya bədbəxtliklə (vətəninə) gələn ən yaxşı tədarükə möhtacdır. Belə isə, dünyada sabah (qiyamətdə ilahi əzabdan) sizi xilas edəcək şeylərdən azuqə yığın. (Axirət üçün ən yaxşı azuqə budur ki,) bəndə Allahın əzabından çəkinsin, özünə öyüd versin (gözəl rəftar və danışığı öz şüarına çevirsin) və tövbədə, qayıdışda önə keçsin (ölüm gəlmədən öncə günahlardan tövbə etsin), şəhvətinə (nəfsi istəklərinə) hakim kəsilsin. Çünki onun ölümü özünə gizlindir (ömrünü nə vaxt başa vuracağı məlum deyil) və arzuları onu aldadır (axirət işlərindən saxlayır). Şeytan onunla yoldaşdır və günahı, (Allaha və Rəsuluna) itaətsizliyi onun üçün cilvələndirir ki, onlara minsin (bulaşsın). Şeytan onu arxayın salar ki, tövbəni gecikdirsin, ölüm isə onu çox qəflətdə olduğu vaxt qəfildən yaxalasın. Belə isə, ömrü (qiyamətdə) ona sübut və dəlil olan o qafil insan həsrət və qəm çəksin (ki, dünyada onun üçün hər cür şərait olduğu halda nəyə görə xoşbəxtliyə çatmadı) və dünyadakı həyatı onu bədbəxt edər (dünyadakı itaətsizliyinə görə əbədi əzaba düçar olar). Pak və uca Allahdan istəyirəm ki, bizi və sizləri heç bir nemətin düşmənə və itaətsizə çevirmədiyi (nə qədər nemət tapsa, təvazökarlığı bir o qədər artan) insanlardan etsin, heç bir fayda və məqsəd (özünü göstərmək və riya kimi batil məqsədlər) bizi Allaha ibadət və bəndəlikdən saxlamasın, (elə iş görək ki,) öləndən sonra peşman olub kədərlənməyək.