Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/65-ci xütbə

64-cü xütbə Nəhcül-bəlağə. 65-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
64-cü xütbə


İmam Əli əleyhis-salamın (döyüş qaydaları barədə) kəlamlarındandır. Siffeyndə döyüş günlərinin birində (37-ci hicri-qəməri ilinin səfər ayında, «Hərir» gecəsində) səhabələrinə buyurmuşdur: Ey müsəlmanlar, xof və qorxunu özünüzə şüar edin (Allahdan qorxun və düşmənlə döyüşdə süstlük etməyin). (Döyüşdə) vüqar və sakitliyi öz düşüncənizə çevirin (düşmənlə qarşılaşmaqdan çəkinməyin) və dişlərinizi bir-birinə sıxın (döyüşdə müqavimət göstərin, döyüşün çətinliklərini özünüzə asanlaşdırın). Çünki belə rəftar qılıncları başlardan daha da uzaqlaşdırır (müharibədə müqavimət və döyüşün çətinliklərinə sinə gərmək düşməni məğlub etmək üçün hər hiylə və tədbirdən daha yaxşı olub, nəticəsi isə fəth və qələbədir). Zirehi tam geyinin. (Bədəninizin heç bir yerinin görünməməsi üçün qoruyucu, astarı olan zireh geyinin) və qılınclarınızı çəkməzdən qabaq qınlarında tərpədin. Düşmənə gözünüzün ucu ilə (çəpəki), acıqlı baxın. Sağınıza, solunuza nizə vurun (ətraflarınızı məhv edin ki, düşmən pusqu qurub, sağ və ya solunuzdan hücuma keçə bilər). Qılınclarınızın ucu və tiyəsi ilə zərbə endirin (düşməni irəliləməyə qoymayın), (əgər qısadırsa) qılınclarınızı addım atmaqla (düşmənə) çatdırın. Sizlər Allahın nəzərindəsiniz (O, sizin əməllərinizi görür) və Allahın Rəsulu səlləllahu əleyhi və alih və səlləmin əmisi oğlu ilə olduğunuza görə, (düşmənə) arası kəsilmədən hücum edin və qaçmaqdan isə xəcalət çəkin. Çünki qaçmağınız sizdən sonrakılar üçün rüsvayçılıq (sizdən sonra övladlarınızın başına qaxacaqlar), hesab və Qiyamət günündə atəşdir (müharibədən qaçanlar qiyamətdə ilahi əzaba düçar olacaqlar). (Döyüşdə) ruhunuzun bədəninizdən ayrılmağına şad olun, rahatlıqla ölümə doğru gedin. Bu böyük qaragüruha (Müaviyənin qoşununa) və kəndirlərdən asılmış xeyməyə (Müaviyənin çadırına hücum etmək) sizin öhdənizdədir. O xeymənin daxilinə zərbə endirin (çalışıb o çadırı ələ keçirin). Çünki şeytan (Müaviyə) onun küncündə gizlənib. İrəli atılmaq üçün əlini qabağa, geri dönmək üçün isə ayağını arxaya qoyub. Deməli, haqqın həqiqəti sizlərə aydın olması üçün (onunla və yoldaşları ilə döyüşməyi) niyyət edin (onları məhv etmək üçün hücuma hazırlaşın və bu yolda çalışın). Siz üstün və yüksəksiniz (siz haq yolundasınız və qələbə, zəfər sizinlədir). Allah sizinlədir və heç vaxt əməllərinizin (mükafatını) naqis və az etməz (sizə dünya və axirətdə nicat verər).